Qonaq Kitabı
MƏKTUB (70)

 

28 noyabr, 1923.

 

Əzizim Həmidə!

 

Uşaqlar hamısı sağ-salamatdır və heç azarladıqları olmayıb. Təkcə Teymur hərdən yüngülvari qızdırır. Bizlərdə heç bir yenilik yoxdur. Bu gün poçtla Müzəffərin adına bir qutu şey yola saldım:

1. Bir cüt çəkmə, Nina özü üçün sifariş vermişdi. 2. Dörd cüt yaxşı corab, bunlardan iki cüt corab sənin, iki cüt şəffaf corab – Münəvvərin. 3. İki parça əl-üz sabunu. 4. İki paçkada 10 girvənkə xüsusi sifarişlə gətirilmiş seçmə çay (yarmarkadan tanış bir İran taciri gətirmişdi). 5. Bir paçka kakao. 6. İki  girvənkə Moskva konfeti. 7. İki paçka açıq, ingilis çayı və beş dənə limon. Qutuda deyəsən, Ənvərin məktubu da var.

Midhət və o birilər məktub yazmağa macal tapmadılar.

Səndən çoxdan məktub yoxdur. Deyirlər, Tiflisdən köhnə tanışın sənə qonaq gəlib. Yəqin ki, Neçayeva, yaxud Olqa Qriqoryevnadır; bəlkə də Olqa Alekseyevnadır. Bakıda havalar ilıq keçir. Amma bahalıqdır. Bu gün çörəyin girvənkəsi 125 milyonadır. Mən gündə yarım put çörək işlədirəm. Xərc çoxdur, amma bir təhər ötüşürük. Uşaqlar yaxşı oxuyurlar. Əlibəyin paltosu və hər iki qardaşın uzunboğaz çəkməsi yoxdur.

Hamıya salam.

 

Cəlil.

 

Həmidə, sənin səhhətin necədir? Səndən rica eləyirəm illah sünbül, dəyirman və pambıq barədə qayğılarla özünü bərkə salma. Bu işlər öz yerində, qoy onlarla Müzəffər məşğul olsun, sən isə rahatlığını elə, özünə korluq vermə. Elə ki, hər şey səni təngə gətirdi, dərhal çıx gəl Bakıya, öz oğlanlarının yanına.

 

C.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info