Qonaq Kitabı
MƏKTUB (69)

 

16 oktyabr (1923).

 

Həmidə!

 

Bir az bundan əvvəl sənə yazmışdım. Sonra sənin Midhətə məktubun və Müzəffərin yenə onun adına məktubu gəldi. Çatmayan divar kağızlarını srağa gün poçtla yola saldım. Alətlərə gəldikdə, daş yonmaq üçün alət də poçtla göndərildi (onu Teymur ucuz qiymətə aldı, qonşumuz Qrişa deyir ki, bekara şeydir), yaramasa, təzəsini, daha yaxşısını göndərərəm. Alətlər azı 50 manata başa gələcək, onları mən tədricən alıb göndərərəm, hamısını birdən göndərə bilmərəm, çünki təzə dərs ilinin başlandığına görə dörd məktəbli uşağın işini yoluna qoymaq, onlara paltar, çəkmə, dərs kitabı almaq, yeməklərini düzəltmək, oxumaq xərclərini vermək mənim üçün asan deyil (təkcə Ənvərin xərci 40 manat eləyir)

Bu qanqaraldan şeyləri sənə yazmaq istəməzdim; xüsusən ona görə ki, sizin də kənddəki dolanacağınız çox asanlıqla keçmir. Buna baxmayaraq sən gərək fikir çəkib ruhdan düşməyəsən, çünki bir balaca bərkə düşsən, dərhal mən buradakı var-yoxumuzu səninlə bölməyə hazıram. Axı bu müvəqqəti haldır. Burada da darısqallıqdır, orada, sənin yanında da; burada da, orada da elə ürəkaçan bir şey yoxdur. Mən, Midhət və Ənvər imkan tapan kimi necə olur-olsun Kəhrizliyə baş çəkmək həsrətindəyik.

Uşaqları heç cür məcbur eləyə bilmədim ki, sənə kağız yazsınlar; başları gah dərsə, gah da oynamağa qarışır. Midhət isə radiosundan ayrılmır, boğazının (müalicəsini) üzümüzə gələn iki-üç günlük bayrama saxlamışdır, hələlik sap-sağlamdır, cürbəcür təzə oyunlar tapıb əylənir, zümzümə eləyə-eləyə gəzir. Mənimlə arası daim sazdır.

Qəzetləri sən hər gün almalı idin, məni hacı bu barədə xatircəm eləmişdi. Ölçü götürərəm.

Müzəffər və Münəvvərə salam. Lavrentinin kefi necədir? Bir az səbr eləsin, gəlib onu ürəyi istəyən işə düzəldərəm. Yaxın görüşədək. Xudahafiz.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info