Qonaq Kitabı
MƏKTUB (62)

 

26 iyun (1923).

 

Əzizim Həmidə!

 

Mən səndən 10 iyun tarixli bircə kağız və teleqram (adamların həbs edilmələri və at barəsində) almışam.

Mən hələ Bakıda sənə məsləhət görmürdüm ki, Qarabağa gedəsən. Bilirdim ki, orada cürbəcür xoşagəlməz əhvalatlar sənin qanını qaraldacaqdır. Sən gedəndən sonra burada Mərkəzi Komitədə keçmiş mülkədarların torpaqlarını əllərindən almaq barədə qərar çıxarılmışdır. Hərçənd mən bilmirəm hansı torpaqlardan söhbət gedir, çünki, axı heç kəsdə torpaq zad-yoxdur.

Bunu sənin yadına salıram ki, dilə-ağıza düşməmək üçün torpaq şöbəsindən qətiyyən torpaq icarəyə götürməyəsən. Çünki sənin niyyətin nə qədər mədəni niyyət olsa da, onsuz da buna elə məna verəcəklər ki, sənin xeyrinə olmayacaq.

Ümumiyyətlə səndən çox-çox təvəqqe edirəm ki, birdəfəlik Bakıya gəlməyi qət eləyəsən. Burada nəinki yalnız uşaqların tərbiyəsi üçün sənin öhdənə çoxlu təklif düşür, həmçinin mənim işlərimə də kömək edəsən. Əgər sən işləmək istəsən, bir neçə gün bundan qabaq Ağamalıoğlu məndən xahiş elədi sənə yetirim ki, o səni istədiyin işə düzəldə bilər.

Dustaqlar, at və silah barədə mən lazım olan adamlarla danışmışam. Amma, Həmidə, doğrusu, mən bu kənd işləri barədə bu xahişlərdən tamam başımı itirmişəm. Çünki mən xahişlə bir işi düzəldincə kənddən bir neçə xəbərçilik kağızı gəlir. Ona görə mənə belə gəlir ki, bizim ancaq bir çıxış yolumuz var: tamam şəhərdə məskən salmaq, faytonu satmaq, yaxud şəhərə gətirmək, dəyirmanı icarəyə vermək. Nəhayət, axı sən də gərək bir az dincələsən.

Münəvvərin tibbi alətlərini bir neçə gün bundan əvvəl poçtla sovqat şəklində Ağdama Müzəffərin adına göndərdim. Tənzif yadımdan çıxıb şkafda qalıb. Qlazomerlə aynanı hələ tapmamışam, tapan kimi göndərərəm.

Lida oraya gəlmədi, onun xoşuna gəlməyib ki, mən Cəlalı Kəhrizliyə göndərmək fikrimi dəyişmişəm. Mənsə fikrimi səndən əkinlərin tələf olduğu barədə xəbər alandan sonra dəyişdim. Lidanın nə üçün acıq elədiyi mənə aydın deyil və indi bizim onunla heç bir əlaqəmiz yoxdur. Dediyim odur ki, Müzəffər onu özü çağırsın, məni bu işə qatmasın.

Canın-başın necədir? Uşaqlar, Müzəffər, Əliş bəy necədirlər? Nə üçün bu vaxtadək kənddə qalmısınız? Niyə mənə tez-tez kağız yazmırsan? Heç nədən korluğun yoxdur ki? Səbirsizliklə gözləyirəm ki, yayın axırı üçün sən uşaqları gətirib gələcəksən və bir yerdə olacağıq. İndi mən hələ qışda başladığım pyesimi yazıb qurtarmaq üzrəyəm, həmçinin öz əsərlərimin nəşri məsələsi ilə məşğulam və i. a. Sonra görək nə olacaq. Hələlik, salamat qal. Əliş bəyə salam.

 

Sənin Cəlilin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info