Qonaq Kitabı
MƏKTUB (58)

 

18 mart (1923).

 

Həmidə!

 

Əbdülkərimin oğlu Misir Bakıda imiş və yoldaşı ilə birlikdə mənim yanıma gəldi. Bu fürsətdən istifadə eləyib sənə bir neçə sətirlik məktub yazırıq. Bu günlərdə bayramdır. Uşaqlar sevinirlər, uşaq uşaqdır da. Onlar üçün əsl bayram səliqəsi düzəldirəm. Lakin hey deyirlər ki, anamızı istəyirik. Mən onları inandırıram ki, bir də görəcəksiniz ananız gözlənilmədən gəldi. Əgər gələ bilməsən, onda ay yarımdan sonra onlar dərsləri qurtarıb kəndə gələcəklər. O vaxtadək orada tut, gül-çiçək, ərik və çoxlu yumurta da olar.

Müzəffər neyləyir? Sənin yun emalatxanan necədir? Çalış ki, şallar daha zərif və daha tünd olsun. Göndərdiyin şaldan Teymur üçün şalvarlıq kəsib götürdüm, qalanını Minaya verdim.

Bayram münasibətilə hamımız səni təbrik eləyirik. Bayram günü hamımız fikrimizdə səni və Müzəffəri öpəcəyik. Həmçinin Əlişbəyi, Səadət xalanı, Fəxri xanımı, bütün qalan xanımları, Cəlalı, Qəzənfəri, Süleymanı bayram münasibətilə təbrik edirik.

Sən çox da işə aludə olub, özünə əziyyət vermə. Elə ki, bütün o işlər səni bezikdirdi, dərhal çıxıb gəl. Burada maraqlı şey çoxdur. Teatrın qızğın vaxtıdır. “Anamın kitabı”nı dalbadal üç dəfə tamaşaya qoydular, həmçinin “Ölülər”i. Bu günlərdə mənim yeni komediyamı, “Danabaş kəndinin məktəbi”ni göstərəcəklər.

Aprelin 7-də isə Ağamalı oğlunun və pedaqoji institutunun təşəbbüsü ilə böyük bir Molla Nəsrəddin gecəsi keçiriləcək. Gecənin ilk məsarifi olaraq 36 milyard pul buraxılıb. Hazırda iki komissiya işləyir. Gecə pedinstitutun nəfinə keçirilir. Bu gecəni keçirmək üşün məndən razılıq alıblar. Münəvvər hazırlaşır və indi özü üçün ipək paltar tikdirir. Mina da hazırlaşır. Onlar, yəqin, həmin gecə ev sahibi vəziyyətində olacaqlar. Gecədə gələnlərə başçılıq və hörmət eləmək üçün M. Muxtarova, Nərimanova, Ağamalı oğlunun xanımı və işlərə rəhbərlik eləmək üçün institutdan iki qadın dəvət olunmuşdur. Fəxri sədrlər – Musabəyov, Nərimanov və Ağamalı oğludur. Mənim üç pyesimin hərəsindən bir pərdə göstəriləcək, sonra mənim jurnallarımdan (parçalar) veriləcək. Xudahafiz.

 

Cəlil.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info