Qonaq Kitabı
Olur

Muğanın pambığı faraş gələndə,

Qozalar gül açıb üzə güləndə,

Qızlar iş gününə ipək böləndə,

Könüllər mülkündə ilk bahar olur.

 

Uğurlu yaranmış onun ayağı,

Mehri, ülfəti var insan sayağı,

Zərdüştlər yurdunun ana torpağı

Günəşin eşqilə çəmənzar olur.

 

Yaya tapşıranda öz yerini yaz

Gündüzlər gün istər, gecələr ayaz.

Suyunun vaxtı da ötəndə bir az

Qaşqabaq sallayıb pürqubar olur.

 

Yamanca şıltaqdır bu nazlı sənəm,

Gərək göz olasan üstündə hər dəm.

Xoşsifət görəndə bu telli həmdəm,

O da öz əhdinə düzilqar olur.

 

Quraqlıq keçəndə tez solur gülü,

Durur yetim kimi boynu bükülü.

Başlanır ellərin kəsadlıq ili,

Muğanın başına dünya dar olur.

 

Yox, dil açır Muğan, o qızmış pələng:

Bir qarış dəmyə də qalmasın gərək!

Gəlir Mingəçevir haray çəkərək,

Səhralar eşidib xəbərdar olur.

 

Odur, dəstə-dəstə komsomol gəlir,

De, Kürdən, Arazdan neçə qol  gəlir?

Ay ellər, Muğanın ili bol gəlir,

Dost baxıb sevinir, düşmən xar olur.

                                                                 

 

“Muğan”poemasından.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info