Qonaq Kitabı
Ceyran

Yerdən ayağını quş kimi üzüb,

Yay kimi dartınıb, ox kimi süzüb,

Yenə öz sürünü nizamla düzüb,

Baş alıb gedirsən hayana, ceyran?

 

Əzəldən meylini salıb çöllərə,

Bəxtini tapşırdın bizim ellərə,

O qara gözlərin düşdü dillərə,

Dişlərin oxşayır mərcana, ceyran!

 

Bir məsəl qalmışdır ata-babadan:

Uçarda turacdır, qaçarda ceyran.

Bir mən deyiləm ki, hüsnünə heyran,

Şöhrətin yayılıb hər yana, ceyran!

 

Sükuta qərq olmuş ürəyimlə mən

Keçirəm yenə də Muğan çölündən.

Yanında balası, yağış gölündən,

Əyilib su içir bir ana ceyran.

 

Elə ki, son bahar min busat qurur,

Kolları-kosları yıxıb uçurur,

Sıxlaşıb bir yerə baş-başa durur

Düşəndə çovğuna, borana ceyran.

 

On addım kənarda yatmayır təkə,

Gəzinir, oylağa baş çəkə-çəkə,

Gələn qaraltıdır, yoxsa təhlükə?

Bir özünə baxır, bir ona ceyran.

 

Ovçu,insaf elə, keçmə bu düzdən,

O çöllər qızını ayırma bizdən,

Qoyma ağrı keçə ürəyimizdən,

Qoyma öz qanına boyana ceyran,

Nə gözəl yaraşır Muğana  ceyran.             

                                                                

                                            

“Muğan” poemasından.                                                                                   



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info