Qonaq Kitabı
Sənin

Yurdumuz silkinib çıxalı yasdan,

Aldım sorağını Kürdən, Arazdan;

Adına bağlayım bir yeni dastan,

Gözümdə canlanır xəyalın sənin!

 

Sənmisən ömründə hiylə bilməyən?

Artıq danışmayan, artıq gülməyən?

Qəlbi düşündürür duyduqca, bəzən,

Bu ağır duruşun, kamalın sənin!

 

Səndə qüdrəti var böyük bir elin,

Təmizdir vicdanın, doğrudur dilin,

Qəlbində qalmamış nə tanrı, nə din,

Həyata başqadır sualın sənin!

 

Laləli çöllərdə doğrudan da sən

Tərlan səhərlərin ilk müjdəsisən;

Baxıb hünərinə, saz tutanda mən,

Açılır gül kimi camalın sənin!

 

Gözündə parlayır qaynar bulaqlar,

Könül duyduğunu xatirə saxlar.

Əlilə göstərir səni uşaqlar,

Şairə bənzəyir bu halın sənin!

 

Sən bir günəş kimi yandıqca yerdə

Xəyalım ev tikir mavi göylərdə.

Bir qələm çəkmisən ömürlük dərdə,

Bir də gəlməyəcək zavalın sənin!

                                                  

                                       

“Bəsti” poemasından



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info