Qonaq Kitabı
MƏKTUB (56)

 

Bakı, 1 fevral (1923).

 

Həmidə!

 

Yanvarın 22-də yazdığın kağızı aldım. Uşaqlar Kəhrizlidəki naxoşlar barəsində eşidəndə səndən nigaran oldular. Mən onlara söz verdim ki, sənə yazacağam ki, bütün bu işlər, Kəhrizli və kəhrizlilər səni təngə gətirən kimi, çox da fikir eləmədən dərhal çıxıb Bakıya gələsən.

Burada sakitlikdir. Mən də, uşaqlar da dedi-qodu, qanqaralıq nə olduğunu bilmirik. Dəyirman da birdəfəlik dayansaydı, biz heç olmazsa, müəyyən bir vaxta kimi yenə şəhərdə qalıb, öz uşaqlarımızla məşğul olardıq.

Hələlik, Allaha şükür, ədəbiyyat aləmində işləməyə iqtidarım çatır. Əgər qocalıb əldən düşüncəyə qədər yaşasaq, onda, bir tərəfdən, saysız-hesabsız dostlarım məndən iltifat nəzərini kəsməz, o biri tərəfdən də uşaqlarımız böyüyüb bizə kömək edərlər.

Dediyim odur ki, sən elə bilmə ki, gərək biz mütləq dəyirman və bəhrənin hesabına dolanaq. Hətta, mən belə güman edirəm ki, mənim əsərlərimin nəşri uşaqlarımızın əlini çörəyə çatdıra bilər.

Əgər indi soyuqdan qorxursansa, onda novruz bayramında gələ bilərsən. Xülasə, mən istəyirəm həmişə yadında saxlayasan ki, əgər sən bizim yanımıza gəlsən, bu, uşaqlar üçün böyük bir bayram olar, mən də uşaqlarımı xoşbəxt görüb, çox şad olaram.

Hər halda sən dəzgahların vəziyyəti haqqında mənə müfəssəl məlumat yaz. Həmçinin yaz ki, indi nə qədər sap lazımdır. Qaloşunun ölçüsünü göndər, sənə qaloş alım. Məxləs, yaz görüm sənə daha nə göndərim?

Mina və uşaqlar salamatdırlar. Bizim uşaqlar tamam sağalıblar, məktəbə gedirlər. Axşamlar isə Suvorov müəllimlə dərslərini hazırlayırlar.

Doğrusu, mən çox istərdim ki, uşaqlardan heç olmazsa birinə tərbiyə verməkdə Əlişbəyə kömək edəydim; sən bunu ona de. Onun axır vaxtlarda bizim ailəmizə necə yaxın, məhrəm olduğunu mən yaddan çıxara bilmərəm. Ona görə də uşaqları oxutdurmaqda mən ona əlimdən gələn köməyi eləməyə hazıram. Sən də mənə yaz görüm bu barədə nə eləmək olar. Mən habelə Cəlalın oğluna da kömək eləmək fikrindəyəm.

Səadət xalaya, Əlişbəyə, Süleymana və Cəlala mənim salamımı yetir. Müzəffər necədir? Göndərdiyim bağajı tamam-kamal aldımı? Evə apardımı?..

Jurnalımız çıxır: qoy Müzəffər Süleymanla haqq-hesab eləsin. Ona 1-ci nömrədən 11-ci nömrəyə qədər, hərəsindən 10 nüsxə göndərirəm. O, jurnalı üstündə yazılan qiymətə satmalıdır. İyirmi faizini, yəni yüz milyon manatdan iyirmi milyonunu özünə götürməli, səksən milyonunu isə bizə göndərməlidir.

Hələlik. Salamat qal, özünü gözlə.

 

Cəlil.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info