Qonaq Kitabı
MƏKTUB (55)

 

21 noyabr 192(2)

 

Fəzilətli Fərəculla Pişnamazzadəyə.

 

Əziz olan qardaşım!

Bir vaxt bunu nəhanə gətirdim ki, qoy alma, armud yeyək, sonra razılıq kağızı yazaq. Məlum ki, alma və heyva çoxdan yeyildi, qurtardı, amma kağız yazılmadı. Xudaya, yemək nə qədər kağız yazmaqdan asan imiş... Amma keçən keçib və indi istəyirəm borcdan çıxam. Əvvəla, bu saat uşaqların yanında bu kağızı yazıram. Ənvər deyir – dədə, Əhməd nə lekəlikdədir? Qızım Pakizə soruşur – görəsən Siddiqə xanım nə təhər xanımdı və nə qədər dərs oxuyur? Mən onlara deyirəm bu işləri yazı-pozu ilə öyrənmək olmaz, bunun çarəsi may ayının axırında köçüb Nuxaya yaylağa getməkdir. Vaqeən bu iş yaman olmazdı, həm ziyarət, həmi ticarət olardı. Amma, çünki Həmidə xanım bu saat Qarabağdadır, odur ki, indi bu məsələni həll edə bilmərəm, yəni hələ tezdir. Hər halda sizdən nəhayət təşəkkürüm var.

Və gec-gec kağız yazmağımı kənara qoyub inanmalısınız ki, Nuxu dünyasını mən həmişə Sizdən ibarət bilmişəm və bilirəm. Sizi mən böyük bir yadigar hesab edirəm və hər bir şey qaydasınca - əgər qız tərbiyəsi bizim gələcəyimiz üçün əsaslı bir məsələdir, bu məsələ dairəsində Sizin məqamınız birinci, yəni ən yuxarı mərtəbədə tutulmalıdır. İndi bilmirəm nə vəziyyətdəsiniz, nə məşğələdəsiz! Bəlkə mənim kimi Siz də bir qədər yorğunsunuz və bəlkə mənim kimi Siz də az-maz məyussunuz? Ancaq Nuxu ətrafında gurultulu qız tərbiyəsi söhbəti birinci dəfə kimlərdən qulaqlara gəlib çatması heç yaddan çıxası deyil. Uşaqlara atalıq salamım, Sizə qardaşlıq xeyir-duam.

Sağlıqla yaşayın, qardaşınız             

 

Cəlil.


 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info