Qonaq Kitabı
MƏKTUB (45)

 

10 fevral (1917).

 

Əzizim Məmmədəli!

 

Kağızın mənə bu gün çatdı və haman saat poçt banderolu ilə “Sövqat” idarəsinə, sənin adına yüz dənə jurnal göndərdim. Az göndərməyimin səbəbi budur ki, dünən baqaj ilə buradan bir erməni Bakı raznoşşiki Ohanesov adına iki yüz “Molla Nəsrəddin” göndərdi. Elə güman eləmək lazımdır ki, haman jurnallar sənə göndərilmədən qabaq çata və səninkiləri köhnəldə.

Və hər hal bu dəfə belə oldu. Gələn həftə sənə üç yüz göndərərəm; yainki yüz əlli sənə və yüz əlli Ohanesova.

Ohanesovu aradan bilmərrə çıxmamağımın səbəbi ikidir: biri budur ki, o sənin kimi başısoyuq deyil və ikinci də budur ki, ona birdən-birə jurnalı kəssəm, qorxuram, əlindəki pulu da acıqnan dəxi bizə göndərməyə.

Əgər bundan sonra çalışsan və o fikirdə olsan ki, jurnala da qeyrətlə xidmət edəsən, özünə də az-çox zəhmət haqqı ələ gətirəsən, o vədə söz verirəm ki, səndən savayı dəxi bir kəsə göndərməyəm.

Uşaqlardan mənə əlbəttə məlumat göndər və sən müəllimlikdən niyə çıxdın, onu da yaz.

Mənim xalisanə salamımı bacıma yetir və mənə görə sözü olsa, sən sədaqət ilə yaz görüm səndən gileyli deyil ki?

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info