Qonaq Kitabı
MƏKTUB (41)

 

Tiflis, 11 yanvar (1915).

 

Əzizim Məmmədəli!

 

Kağızın yetişdi. Bundan sonra da yazanda həmin adresə yaz.

Əhvalat bu qərar ilədir: mən, – necə ki, sənə də yazmışdım, – Tiflisə gəldim ki, jurnalı çıxardam və çünki fikrim keçən vaxtlara gedirdi ki, hər bir şey bol, ucuz, pərgar. Mən bir qədər məbləğ təyin eləmişdim ki, köhnə sayaq ilə jurnalı başlayıb, dostların köməkliyilə yeridərəm. Amma işlər özgə bir surətdədir. Əvvəla, Tiflisdə kağız yoxdur, az-çox nə varsa da, birə-üç bahadır. Habelə litoqrafiya xərci genə birə-üç bahadır. İkinci, evlər, yəni mənzillər genə birə-üç bahalanıb.

Xülasə, işləri belə görüb, mən mülahizə elədim ki, öz gücümlə, yəni kənar pul köməkliyi olmasa, jurnalı həmişəlik mən saxlaya bilmənəm, yəni yarı yolda arası kəsilər, genə oxucular yanında xəcalət olaram.

Yoldaşım Əliqulunun müharibə səbəbindən Culfadakı mülk işləri bir növ pozulub və bu cəhətdən bunun da tərəfindən maddi köməkliyə ümidvar ola bilməzdim.

İndi, əzizim, mətləbi başa düşdün və görürsən də ki, əgər Bakıdan bizə köməklik olmasa, bu halda jurnalı çıxarda bilməyəcəyəm.

Hələ götürək kağız məsələsini. Deyirlər, Bakıda kağız var. Yaxşı olardı ki, sən orada kağız kantorlarına gedib əhvalı biləydin. Varsa, qədərini və qiymətini biləydin və biləndən sonra, bir tərəfdən, mənə yazaydın və bir tərəfdən də hali olaydın görək sənə verilən pul vədlərinə ümid bağlamaq olar ya yox. Əgər pul verən varsa, görək nə şərtlə verir və nə qədər verir? Sən bilirsən ki, hər şərtə razı olmaq olar, amma naşirlik imtiyazı gərək öz əlimizdə qala.

Bakıda “Molla Nəsrəddin” yazmaq olmaz, necə ki, sən özün də deyirsən. Və lakin pul verəni hər nömrədə “naşir” yaza bilmərik ki, onun pul köməkliyi camaata məlum olsun.

İndi sən bu barədə əhval tut və mənə də tez cavab yaz. Çünki iş baş tutmasa, genə məcbur olacağam bir qədər də jurnalı təxirə salmağa, ta dava qurtarana kimi. Belə də olanda dəxi Tiflisdə qala bilməyəcəyəm. Çünki uşaqlar oradadır, onlarsız qərarım gəlməz. Sizin də uşaqları könlüm istəyir, xüsusən Məhəmmədhəsəni. Amma mənə bir sürtuq borcludur ha!..

Xudahafiz!

 

Dostun Cəlil.

 

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info