Qonaq Kitabı
MƏKTUB (39)

 

Tiflis, 7 iyul, 1914.

 

Əzizim Həmidə!

 

Gəl sən heç narahat olma. Ələkbər sənə gündə bir xəbər verməsəydi, lap yaxşı olardı. Elə ki, yayı başa vurdun, gələrsən, məsləhətləşərik. Məxləs, hələlik bunu yadından çıxart. Kaş biləydin ki, mən necə uşaqların yanına getmək istəyirəm! Ələkbər briçka[i] söz verib. Olsun ki, bu yaxınlarda gedəm. Bəs sənin halın necədir! Müalicəni nə vaxt qurtarırsan? Müzəffərin kefi necədir? Tiflis bərk istidir, hətta elə istidir ki, yazı da yaza bilmirəm. Jurnal da ancaq bu səbəbə gecikir. Çox güman, sentyabrda Bakı artistləri pyesimi tamaşaya qoyalar. Məni də ora dəvət eləyirlər. Əlbəttə, mən istərdim ki, ora səninlə gedəm. Qruppa vədə verib ki, pyesi Tiflisdə də göstərsin. Ələkbər yazır ki, kəndə bərk yağışlar yağıb, dərzlər qaralıb, pambığa isə ziyan dəyməyib. Xankəndinə gedəndə Yevlaxda sənə kağız yazaram. Ənvər tamam sağalıb. Ələkbər bir neçə gün bundan qabaq Ağalarla onlara xərclik göndərib. Mən də poçtla uşaqlara və qızlara ayın-oyun göndərmişəm. Hərçənd mən hələlik pul işlərinə qarışmıram, amma jurnalın işləri babatdır. Ümidvaram ki, üzümüzə gələn ildə jurnalın işlərini yoluna salacağam. Dünən Zeynal teleqramma vurub, Yesentukiyə 120 nüsxə göndərməyi tələb eləyib. Bilmirəm o, bu qədər jurnalı orada necə satacaq. Kağızımı alan kimi mənə cavab yaz. Xudahafiz.

 

Cəlil.

 

 



[i] Briçka – minik arabası.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info