Qonaq Kitabı
MƏKTUB (36)

 

27 noyabr, 1913.

 

Həmidə!

 

Arx barədə iş dekabrın 11-nə təyin olunub. Malikanənin planını və o sahə ilə ki, İbiş arx çəkib, həmin sahəyə aid sənədləri təcili göndər. İş ondadır ki, onlar məhkəmədə tələb edəcəklər biz sübut eləyək ki, bu sahə bizimdir.

Uşaqlar səlamətdirlər. İşlər köhnə qaydadadır. Amma indi bu alçaq pristavla əlləşmək lazımdır: o inciyib ki, nə üçün şahidlər – Ələkbər, Camal və Qasım istintaqda ifadə veriblər ki, pristav Aslanı döyüb. İstintaqı qəza rəisinin köməkçisi aparırdı. Buna görə pristav bizdən narazı olan adamları başına yığıb, onları öyrədir ki, bizim əlimizdən şikayət eləsinlər. Onlara dil verir ki, dalınızda dayanmışam...

Pristavın ən yaxşı yoldaşları Kərbəlayı Cəfər və Həsən, Şahmallardan isə Səmədlə İskəndərdir. Birinci ilə ikincinin nə üçün bu yola düşdüyü aydındır, o biriləri niyə belə eləyir, onu bilmirəm. Biz ki, bunların xətrinə dəyməmişik?!

Gərək biz pristav haqqında nə isə bir şey yazaq, yoxsa bu işi özbaşına qoymaq olmaz. Amma mənim əlimdə malikanəni idarə eləmək barədə vəkalətnamə yoxdur.

Əvvələn, əgər biz pristavdan samanı, taxıl dərzlərini, xırı tələf eləməsi barədə şikayət yazıb verək. Doğrudan da, bizim adamların hamısı deyir ki, pristavın strajnikləri bütün bu şeyləri elə tələf eləyiblər ki, heç yarısı da qalmayıb.

Bilmirəm, bəlkə də bütün bunlar xırda şeylərdir, ancaq adama axı toxunur! Ona havayı rahat mənzil verəsən, o isə heç bunu saya da salmasın? Elə bil, biz hamımız bu ağanın rəiyyətiyik və gərək əlimizdən gələn qədər ona qulluq eləyək. Bu gün köməkçisi Usubu göndərmişdi ki, tutulub saxlanılmış üç buğanı qaytarsın. Mən də pristavın dalınca dişimin dibindən çıxanı dedim, onu hədələdim.

Sən narahat olma, çünki o mənə heç nə eləyə bilməz. Mənsə onu axıradək qovub nəfəsini kəsməyə çox həvəskaram. İşə bax ki, belə bir fırıldaqçı vücudu pristav qoyurlar. Bu, Kovalyovun böyük qüsurudur.

Hələlik.

 

Cəlil.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info