Qonaq Kitabı
MƏKTUB (35)

 

27 noyabr, 1913.

 

Əzizim Məmmədəli!

 

Çoxdandır ki, istəyirəm sənə kağız yazam, bu gün-sabaha salıram.

Mirzağa Əliyev məni ikinci dəfə aldatdı və ona göndərilən jurnaldan bir qəpik də göndərmədi və on dəfə də Əsədullah Axundova yalan söylədi ki, Sidqinin yanında manat poçtnan göndərmişəm. Mən buralarda poçtdan xəbər alıram, amma deməginən orada Mirzağa fəxr eləyir ki, xalqa hiylə eləməyi hamıdan yaxşı bilir. Düşəndə yoldaşlarına giley elə. Göyərçini də görəndə de ki, mən Mirzağaya bir manatlıq jurnal etibar eləyib göndərməzdim, məhz onun xatirəsi üçün göndərdim. Əgər o da ərinin bicdiklərinə şərik olur, dəxi sözüm yox.

Qəribə budur ki, səni çox vaxt Mirzağa ilə bir yerdə görürlər, amma elə dost olmağını istəməzdim. Mən bu gün gedirəm kəndə. Original da yoxdur. İsmayıl səndən original gözləyəcək. Nə qədər mümkün eləsən, çox yaz. Xırda xəbərlərdən, məzəli şeylərdən, məqalələrdən – hər nə yazsan, qeyri yazanların hamısından xoşdur. Bir də ehtiyatlı yaz ki, bir şəxsiyyətə toxunmasın. Çünki dəxi mən görməyəcəyəm, İsmayıl mənə göndərməmiş çap edəcək.

Nə vaxt məktəbdən azad olsan, gəl Tiflisə, jurnalı dolandır.

Hamılıqnan səni soruşurlar. Dostu bacını görəndə de ki, onu soruşurduq.

Evinizə tez-tez xərclik göndər.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info