Qonaq Kitabı
MƏKTUB (33)

 

(1 fevral, 1912).

 

Əzizim Həmidə!

 

Mən işlər barədə səninlə müfəssəl danışmaq istərdim, lakin indi bu kağızın verdiyi imkan dairəsində bir neçə söz deyəcəyəm.

Birincisi, Dövlət bankı sənin üçün üç min manat kredit açıb. Hüseynbəyov (hesab komitəsinin üzvü) məsləhət görür ki, sən heç olmazsa qonşu mülkədarlardan veksellər alasan. O, söz verir ki, sənin heç olmazsa İbişbəy, yaxud İbişbəy kimi başqa bir bəy ya da Hindarx tacirləri tərəfindən imzalanmış veksellərini buraxdırasan. Əlbəttə, sən onlara iltizamnamə verə bilərsən ki, bu veksellərin pulunu sən özün ödəyəcəksən (ona görə ki, onlar miras haqqında narahat olmasınlar). Mən sənə reyestrli dörd veksel göndərirəm. Veksellərdə (arxa tərəfdə) sən öz adını, familiyanı, yəni Həmidə xanım Cavanşir-Məmmədquluzadə yazacaqsan. Mətnin altında isə İbişbəy yaxud bir başqası (yuxarıda dediyim kimi) öz ad və familiyasını yazacaqdır. Reyestrdə də sən öz adını və ikimərtəbəli familiyanı yazıb, vekselləri və reyestrin birini mənə göndərəcəksən. Mən K. bankının reyestrini də sənə göndərmişdim. Onu da qırmızı xaç işarəsi qoyulan yerdə imzalayıb göndər, reyestrin qalan bəndlərini mən özüm dolduraram. Çalış 500 manatlıq bir veksel göndərəsən, çünki fevralın 15-də Buxovun 300 manatlıq, fevralın 20-də isə 200 manatlıq vekselinin vaxtıdır.

Veksellərin müddəti altı aydan artıq olmamalıdır. Əgər müəyyən məbləğdə başqa bir veksel də göndərsən, onun da pulunu alıb sənə öz məsarifin üçün göndərərəm. O vaxtadək, fevralın 20-də mən kəndə gələrəm və Midhətin qanı qaralsa da, orada çox qala bilməyəcəyəm.

Bu gün İrəvana Kazımbəyova yazıram ki, çalışsın Ələkbər həbs cəzasını Şuşa və ya Ağdamda çəksin.

Jurnalın işləri bir o qədər yaxşı deyil. Digər tərəfdən məni dəyirman məsələsi və qalan su qüvvəsindən səmərəli istifadə eləmək məsələsi maraqlandırır (molotilka və djin). Yaz üçün istəyirəm işləri İsmayıla tapşırıb, çəpərdə mədəni surətdə pambıq əkini ilə (məşğul olum). İki həftədən sonra Şamilbəyi də özümlə oraya gətirmək istəyirəm. Mənə belə gəlir ki, o, başlı adamdır. Kultivator da gətirəcəyəm (alaq otunu və kol-kosu at gücünə təmizləmək üçün). Yusif xanın sifariş verdiyi şeyləri də gətirəcəyəm; habelə stulları və palazları.

Ələkbərin verdiyi 100 manat jurnalın borclarına getdi. Amma iş ondadır ki, daha mənim Həmidədən bir qəpik də tutub almağa ixtiyarım yoxdur. Sən onsuz da pulsuzsan. Mən, demək olar, qət eləmişəm ki, payızdan jurnalın nəşrini dayandırım. Bu barədə sonra danışarıq. Uşaqları öpürəm. Sənə və qardaşıma salam. Fikrimdə səni bərk-bərk qucaqlayıram.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info