Qonaq Kitabı
MƏKTUB (29)

 

(Tiflis), 17 dekabr, 1911.

 

Mənim əzizim Həmidə!

 

Ələkbər dünən yola düşdü. Göndərdiyin 100 manatı aldım. Manyaya da 7 manatı verdim, özü üçün uzunboğaz çəkmə aldı.

Biz hamımız sağ-salamatıq. Uşaqların həmişəki kimi kefi kökdür. Ənvər adam tanımağa başlayıb və elə hey gözləri məni axtarır. Məni o birilərdən seçir. Mənə belə gəlir ki, ona mənim bığlarım xoş gəlir.

Abunə işi yavaş-yavaş gedir. Sən istəyirsən ki, mən Midhətlə ora gəlim. Amma, Həmidə, gör sənə nə deyirəm: bu gün dekabrın 17-si şənbə günüdür. Mən çalışıb 45-ci nömrəni poçta göndərmişəm. İndi İsmayıl material gözləyir ki, tez o biri nömrəni çap eləsin. Mənim çalışmağım ona görədir ki, ilin axırınadək 48 nömrə göndərim. Bu da o zaman mümkün olar ki, həmişəkindən artıq işləyək. Deməli, əgər mən dekabrda çıxıb getsəm, jurnalın nəşri dayanar və bu həm çox yersiz olar, həm də abunə babətdən əl verməz.

Bax, mən belə məsləhət görürəm: tezliklə, axı pambıq qurtaracaq. Gürcüləri yola sal getsinlər, anbarları möhürlə, işləri bir adam tapıb tapşır və dekabrın axırı üçün çıx gəl bura. Biz də sənin üçün darıxırıq. Vallah, evdə sənin yerin görünür. Bir də, axı, qışda Tiflis ümumiyyətlə yaxşı olur.

Əgər gələ bilməsən, onda gərək iki şeydən biri olsun: ya gərək mən münasib bir vaxtda jurnalı atıb gələm, ya da gərək ən tezi yanvarın 10-dan sonra gələm. Hansını istəyirsənsə, özün seç. Sən nə zaman tələb eləsən, mən onda uça-uça Həmidəmə özümü çatdıraram.

Uşaqlardan nigaran qalma. Özünü gözlə və çox da ciddi məsələlərlə məşğul olma. Dəyirmana gəldikdə, mənim fikrimcə, Şidlovskidən əl çəkməyin və turbin əvəzinə dəyirmanı başqa cür qurmağın mənası yoxdur.

Kağız yaz. Hamımız səni qucaqlayıb öpürük.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info