Qonaq Kitabı
MƏKTUB (21)

 

14 may (1911).

 

C. Əzizim Məmmədəli!

 

Yüz manat çatıbdır. Bu gün açıq kağızın da çatdı. Amma təəccüb ki, Rəştdən Həsən Ağa Həriri giley yazır, çünki onun jurnalı ləng gedir.

Sən hesabları çox yubadırsan. Bunun hər bir zərərindən savayı, böyük bir zərəri də budur ki, beləlikdə mən heç bilə bilmirəm ki, məsələn, nə qədər jurnal göndərim. Çünki belə məlum olur ki, sən (jurnalın) satıla bilməyib qalmağına və geri gəlməyinə əhəmiyyət vermirsən. bir surətdə ki, kağızın indiki bahalığı əsrində bunun ziyanı küllidir. Odur ki, hər həftə açıq kağızla yaz ki, filan qədər satılıb və filan qədər qalıb ki, ona görə də mən Bakı üçün jurnal çap elətdirim. Hesabları da iki həftədən uzağa heç qoyma. Amma indi yeddinci nömrədən başlamış sabah on ikinci nömrə çap olunur ki, hesabını sən mənə göndərməlisən. Bunun vəchindən mənə çatıb 50 və dünən 100 manat.

Cavab və hesab gözləyirəm.

Uşaqlara dua yetir. Sarabskinin və Üzeyirin adreslərini mənə yaz.

 

Cəlil.

 

Göndərilib: yeddinci nömrə - beş yüz, səkkizinci – dörd yüz, doqquzuncu – dörd yüz, onuncu – beş yüz, on birinci – dörd yüz əlli ədəd.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info