Qonaq Kitabı
MƏKTUB (16)

 

11 dekabr (1910).

 

Əzizim Sidqi!

 

Nə tövr oldusa, bu dəfə adını Sidqi yazdım, çünki “Sidqi” çox şirin düşür. Bəlkə ondan ötrü ki, mərhum “Sidqini” yada salır. Heyif ki, Sidqinin axırına “zadə” qondarırsan və məşhur olan Sidqinin ləzzətini azaldırsan. Xülasə.

Yazırsan ki, tez cavab yazmıram sənin kağızlarına. Bunun səbəbi ikidir: biri budur ki, mən əslində kağız yazmağa tənbələm, bir səbəb də budur ki, qıçlarım gecə və gündüz ağrıyır, qoymur rahat olam. İki aydır sağ əlimin baş barmağına yara çıxıb, qoymur qələmimi əlimə alam.

Mən hazırlaşıram gələm, amma bir qədər də işim var. Əgər 20-sinədək gələ bilməsəm, yüz manatı göndərərəm, verərsən banka, vekselimi oradan çıxardarsan. O vədəyədək Bıxovdan soruş, bil, vekseli hansı banka qoyub. Əgər pulu teleqraf ilə göndərsəm, əlbəttə ayın iyirmisini gərək keçirməyib, pulu banka verib, vekseli gərək alasan.

Təzə abunə dəftəri barəsində belə eləmək lazımdır: kağız sənə çatan kimi mən göndərdiyim səhifəni ver İsmayıl təzə abunə üçün bir sərlövhə düzsün, onun altından klişeni qoysun və başlar dəxi qoyulmasın. Başların yerinə də nabor düzülsün, jurnal öz qaydası ilə həftəbəhəftə çıxsın. Yəni kağız sənə yetişən gündən bu növ abunə elanı çap olunsun hər nömrədə.

Jurnalın təxirə düşməyi barəsində bir söz jurnalda yazma. Hər kəs ki, beş manat göndərib, biz onun jurnalını təzə ildən kəsmənik, ta ki, əlli iki nömrə ona çatmayınca. Yəni təxminən təzə ilin onuncu nömrəsinədək. O vədəyə təki mən özüm, söz yox, gələrəm və danışarıq.

Mən bilmirəm poçtadan pul alırsan, ya yox. Əgər alırsansa, nə tövr alırsan ki, mənim imzam yoxdur? Əgər almırsansa, nə əcəb ki bu qədər vaxtda heç səsin gəlmir?!

Bu kağızın içində Artistiçeski klubunun kağızını göndərdim. Əhmədə de ki, o kitabları ki, klubdan alıb, kimə veribsə, tapıb aparıb versin yerinə, çünki mənim xəbərim yoxdur.

Gələn poçt ilə məqalə və şəkil göndərərəm.

Hələ ki, xudahafiz.

 

Cəlil.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info