Qonaq Kitabı
MƏKTUB (3)

 

İrəvan. Fi 22 mahi-mart (1902).

 

Qardaşım Qurbanəli!

 

Kağızın vüsul oldu. Upravleniyadan rasçotu və talonu alıb, xəzinədən yüz otuz bir manat altmış üç qəpik aldım. Lazım gəldi xəzinədən pul almaqdan ötrü bir vəkilnamə də yazdırmaq və bu vəkilnaməyə həştad beş qəpik xərcim çıxdı və dünən Kərbəlayı Məhəmmədağaya yüz otuz manat yetmiş səkkiz qəpik (130 r. 78 k.) verdim və şalların satılmağı barəsində soruşdum. Belə məlum oldu ki, hələ satılmayıblar və mən öz tərəfimdən təvəqqe elədim sənin Xanzadov ilə olan hesabını qurtarsın və Kərbəlayı Məhəmmədağa söz verdi qurtarsın. Mən irəlicə Naxçıvanda olanda xalqdan eşidirdim ki, sən podratda qazandığını qoyursan alış-verişin ziyanına. İndi yadıma düşür haman sözlər və mən özüm də istəyirəm bu rəyə şərik olam.

Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb iyirmi manat verdin. Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim əgər “çox razıyam”, bu həmişə eşitdiyimiz sözdür, adəti sözdür. Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum...

Teleqrafda yazmışdım ki, kağız gözlə. Haman kağızda sənə yazacaqdım ki, ağam haman günlərdə mənə yazmışdı ki, ona xərclik göndərim. Mən də mümkün eləmədim göndərmək. Axır gəldi oldu axır çərşənbənin günü və ağam yadıma düşdü. Ürəyim o qədər sıxıldı ki, az qaldım ağlayam. Axırı sən yadıma düşdün və sənə teleqraf elədim və bu teleqrafı da mən çox çətinliklə göndərdim. Çünki yaxşı bilirdim ki, heç haqqım yoxdur səndən pul istəməyə. Hələ mən səndən on iki manat da bir almışam və Naxçıvandakı borcumu da heç bilmirəm Məşədi Heydər verib ya yox?

Müxtəsər, əhvalat bu tövrdür.

Bəs nə işə məşğulsan? Satıb qurtardın dükanı ya yox! Sidqi necədir? O cənabdan təvəqqe elə özgələrin namələrinin üstündə notariusluq eləməsin və mənə əlahiddə kağızlar yazsın. Məgər o bilmir ki, onun kağızları necə şirin töhfədir? Nə səbəbə müzayiqə edir? Qoy o məndən kağız gözləməsin. Mənim müsəlmanca yazmağa həvəsim azdır.

Bizim qohum-əqrəbamız necədir? Məşədi Yusif haman halətdədir, ya təğyir tapıb haləti? Ağam nə qayırır və Ələkbər haradadır? Məşədi Heydərin, söz yox, əhvalı pərişandır. İndi necədir Nəsir, varmı yaxşı olmağa ümidi, ya yox? Allah şəfa versin.

Mən Dəlmə bağlarının əhvalatını, – necə ki, sənə bir vaxt oxumuşam, – “Kaspi”nin 53-cü nömrəsində çap etmişəm. Amma, heyif ki, “Kaspi” qəzetini İrəvanda azdır oxuyan. Xəyalım “Kavkaz” qəzetinə məktublar göndərməkdir və bir də Əlimərdan bəyin mənə heç vəchlə qəzet göndərməyə xəyalı yoxdur. Allah ona insaf versin!

Axır vaxt mən bardilləri Dəmirbulaq məhəlləsindən və məscidin qonşuluğundan köçürtmək fikrinə düşmüşəm. Tapdığım fəsillərə görə lazımdır ümid bağlamaq ki, qubernator bu vasitəni qəbul edə. İrəvan əhlinə bu xüsusda yaxşı ərizə yazmışam. Bu gün camaat qol qoyur.

Bu kağız ilə bahəm sənə göndərirəm divanxanadan aldığım rasçotu və bundan əlavə bir sövqat göndərirəm ki, olsun İrəvandan “Novoye vremya”ya verilən teleqraf sən qayırdığın dəmir yol barəsində. Bu əhvalatı mən oxudum “Kaspi” qəzetində və cırıb sənə göndərdim ki, oxuyasan.

Sabah, martın 23-cü günü, İrəvan okrujnoy sudunda haman işə baxacaqlar ki, iki il bundan əqdəm okrujnoy suddan bir neçə dokument oğurlanmışdı ki, bu xüsusda sudun bir çlenini və Qayıbovu günahkar elədilər. Deyirlər ki, Tiflisdən böyük vəkil gəlib. Sabah tamaşa edərəm, sənə xəbər yazaram.

Təzə xəbər yoxdur. Hava çox xoşdur. İşim çoxdur.

Xəyalımız var bir Naxçıvana gələk. Əgər barama qurdu bəsləmək mane olmasa, yayda Dərəçiçəyə gedəcəyik. Hələ imtahan verməmişəm.

İndi xoşa sənin halına ki, Sidqi ilə bir şəhərdə olursan.

Bəs niyə mənim Münəvvərimin əksini götürüb göndərmədin? Əgər ağamgilin tərəfindən maneçilik varsa, mənim dilimdən təvəqqe elə mane olmasınlar və tez əksi göndər.

Hazırlaş və yığış gəl İrəvana. Şurov xahiş edir Hacı Mirabbas ağanın kəhrizini alsın İrəvan vağzalından ötrü. Vurşel də hələ gəlməyib Tiflisə və yəqin ki, sənə bir cavab yoxdur göndərdiyimiz ərizələrdə. Söz yox ki, kəhriz ərizəsinə Vurşel gəlincə baxmazlar.

Bəs ərz edirəm ki, Şurov Hacı Mirabbas ağanın kəhrizini almaq təklifini edir, mən də haman yer sahiblərini – ki onların yerlərindən kəhriz quyuları vurulub – örgədirəm ki, haman kəhrizə yer sahiblərinin də ixtiyarı çatar. Çünki rus zakonu belədir ki, yer sahibinin izni olmasa, heç kəs onun yerindən kəhriz vura bilməz və bu işlərdə “давностъ”, yəni təsərrüf qoyulmayıb. Məsələn, Hacı Mirabbas ağa deyə bilməz yer sahibinə ki, mənim kəhrizim sənin yerindən otuz ildir gedir. Çox da ki, otuz ildir! Mən otuz il sənə ixtiyar vermişəm kəhriz aparasan, amma indi vermirəm bu ixtiyarı və bir neçə yer sahibi – ki, mən onları bu tövr başa saldım, – gedib Şurova ərz elədilər ki, bizi də lazımdır nəzərdə tutmaq kəhrizi almaq vaxtında. Çünki haman kəhriz bizim yerlərimizdən keçir və bu xüsusda plan çəkildi və yer sahiblərinin hamısının adlarını yazdılar haman planda. Görək axırı nə olur?

Hələ Rəhimova pul göndərməyiblər. Podrat babətindən çox giley edir.

Hələ xudahafiz. Sənə xeyir-dua edirəm.

 

Cəlil Məmmədquluzadə.

 

Tez cavab yaz. Mənə baxma və Sidqiyə baxma.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info