Qonaq Kitabı
MƏKTUB (2)

 

2 yanvar 1901

 

Əzizi-mən Məşədi Tağı!

 

Sağ və salamat İrəvan şəhərində varıq. Sənin İrəvana gəlmək məsələn barəsində Məhəmmədqulubəy və Məşədi Qurbanəli ilə bahəm çox və bir neçə dəfə söhbət eləmişik. Təfsilatı Məşədi Qurbanəli, – bu günlərdə ki, gələcək Naxçıvana – özü sənə deyər. Amma bəndə bunu ərz edə bilərəm ki, indi ilin ortası olmaq səbəbə heç bir vəchlə mümkün olmur sənə yer eləmək. İrəvan rus-müsəlman məktəbində mümkündür, söz yox, sənə yer təyin eləmək, amma söz burasındadır ki, indi bu saat yer yoxdur və əgər sənə zor ilə yer eləməyə dursaq, lazımdır ki, bais olmaq müəllimlərin birisinin xaric olmağına. Odur ki, məsləhət belə görüldü ki, hələlikdə sən orada öz işinə məşğul olasan və səbr eləyəsən, çünki Allah səbr eləyənləri dost tutur və səbr fərəclərini müftahıdır.

Dəxi nə yazım?

“Məhəmmədhəsən əminin eşşəyini” istəyirəm yazıb göndərəm, senzor izn versin, İrəvanda çap elətdirim. Hərçənd ağlım kəsmir camaat oxusun.

Dünən Məşədi Qurbanəli bizdə idi. Bir qədər söhbət elədik, sonra çıxdı getdi.

Hava çox soyuqdur.

 

 

Sənin qardaşın Cəlil. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info