Qonaq Kitabı
MƏKTUB

 

Fi 25 aprel (1895-1897-ci illər arası)

 

Nehrəm

 

Bəradərim Məşədi Qurbanəli.

 

Sağ və salamat varam. Haman Naxçıvan, haman Nehrəm, haman Danabaş kəndi və haman Məhəmmədhəsən əmi ilə Xudayar bəy, haman qazi... Qərəz, haman göl, haman qurbağa... hələ bunlar qalsın, inşallah dələn dəfə bu barədə danışarıq.

Qardaşım, mənim sənə bir işim düşübdür və ümidim artıqdır ki, bu işi aşırmaqdan boyun çəkməklik eləməyəsiniz. İşim budur: əzizim, lazımdır ki, bu kağızı alıb oxuyan kimi çıxasınız bazara; yəni mən Tiflisi nəzərdə tuturam. Əgər, söz yox, Tiflisdə olmasanız, sonra gəlib çıxasınız bazara və ərzimi yerinə yetirəsiniz.

Ərzim budur ki, bəndəyə bir odinoçka lazım olubdur. Bu barədə də artıq təvəqqe edirəm. Əgər özgə vacib işin olmuş olsa, qoy qalsın sonraya və çıx şəhərin ərradəçilər məhəlləsinə və bəndədən ötrü yazdığım odinoçkalardan birini al. Söz yox, təzə olmasın; yəni nə elə köhnə olsun, nə də ki, əcərli olsun. Ancaq köhnə də olsa, verib qayıtdırarsan və sonra göndərərsən. və bu sövdənin əvvəlinci şərti bu olsun ki, baha olmasın, çünki pulum çox deyil. Mənim yəqinimdir ki, Tiflisdə bu cür droşkaların nimdaşını əlli-altmış manata almaq mümkün olar və bundan yaxşı fürsət olmaz məndən ötrü. Dəxi sən orada olmasan, mən bir elə şəxs tapa bilmərəm ki, xəyanət etməyib, məndən ötrü bir belə şey alıb göndərsin.

Qərəz, başa düşdün, söz yox ki, mənim dediyim nədir. Əgər yanında pulun olmasa, yaz göndərim. Əgər varındır, al, sonra göndərərəm. Mən istəyirdim bir qədər pul göndərim, amma kağızı kənddən yazıram, pulum şəhərdədir. Əgər çox tələsik olsa, teleqrafla Hacı Əliqulu barat da edə bilər. Vəssalam ki, bu barədə səy elə və düzəlt. Çox vacibdir. İnşallah sonra yazaram nə səbəbə vacib olubdur. Çox yaxşı olar bir at xamutu şiliyi göndərəsən. çünki oraların köhnəsi bu xarabaların təzəsindən yaxşı olar. Söz yox, alan vaxtda lazımdır diqqət eləmək təkərləri və resorları möhkəm olsun. Əlbəttə, hər bir barədə də vəkilsiniz. Axırda mənə peşmançılıq heç vaxt üz verməz əgər sövdəniz məğbun da olmuş ola.

Əlbəttə, mənə bu barədə də bir cavab yazarsınız və nə qədər pul lazım olsa, yazarsınız, göndərərəm və bunların əvəzində Allah qoysa, yaxşı əhvalatlar yazıb göndədərəm oxursun.

Və bunu da bil, kağızı göndərəndən sonra günləri sayacağam, görək neçə günə kimi ya kağızın cavabı, ya odinoçka gələcək. Amma hamısından vacib odur ki, yüngül olsun, ağır olmasın. Çünki lazımdır ki, iki adam otursun, kuçerdən ötrü yer lazım deyil, çünki oturanların biri sürəcək. Əlbəttə, resorlu olacaq. Əlbəttə, başa düşdün.

Bu kağızı indi, mən yazan vaxt düz gecə yarısıdır, yəni saat on iki. Bəs əgər bir para sözləri oxuya bilməsən, günah mənim deyil.

 

Qardaşın Cəlil Məmmədquluzadə

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info