Qonaq Kitabı
TƏRCÜMEYİ ”“ HALIM

 

Anadan olmuşam Naxçıvan şəhərində, Araz çayının beş-altı verstliyində və Culfa qəsəbəsinin 40 verstlik fasiləsində. Burada Araz və Culfa sözlərini mən qəsd ilə yazıram. Məlumdur ki, Araz çayı İran və Culfa qəsəbəsi İran ilə bizim aramızda olan bir tamojnadır və həmin çay və həmin qəsəbəyə mənsub olmağıma çox-çox fəxr edirəm iki səbəbə görə: birinci budur ki, İran məmləkəti mənim babamın vətənidir və ikinci səbəb də budur ki, dindarlığı ilə dünyada ad qazanan İran torpağı bəndə üçün həməvəqt bir mayeyi-iftixar olub. Yəni belə bir müqəddəs məkanın qonşuluğunda dünyaya gəlməyimə mən həmişə min şükürlər eləmişəm.

Nə vaxt anadan olmuşam? Vallah, bilmirəm, çünki bu barədə heç bir sənədim və yazım yoxdur. Yəni nə odur ki, mənim təvəllüdüm barəsində olan yazını mən itirmişəm. Xeyr, mən onu deyirəm ki, mənim dünyaya gəlməyimi heç bir kəs yazı ilə bir yanda qeyd etməyib: nə o vaxtlar metrik dəftərləri var idi, nə də o vaxtlar atalar evladının doğulmaq yadigarını yazıya götürməyi lazım bilirdilər.

Mənim ata və anam da habelə. Elə qanıram ki, altmış il bundan əqdəm bir kəsə desə idim ki, nə səbəbə uşaqların anadan olmağını bir yerə yazmırsan, o sənə təəccüb edərdi (çünki bu söhbət bir lüzumsuz söhbət sanılardı).

Bununla bərabər, bir neçə işarələrlə duya bilirəm ki, indi, yəni hicrətin min üç yüz qırx dördüncü və İsanın təvəllüdünün min doqquz yüz iyirmi altıncı ilində mənim yaşım gərək ki, ya əlli altı ola, ya əlli yeddi ola, ya bəlkə əlli səkkiz ola.

Belə ki, yadıma rus ilə osmanlı davasını salıram. Yoldaşlarım ilə durmuşduq Naxçıvanın Qələ məhəlləsində, bir uca yerdə. Axşam vaxtı idi. Gün təzə batmışdı və günün qürubunun qırmızı bulutları gün batan tərəfi elə bürümüşdü ki, guya orada bir yekə barıt anbarını od vurub yandırıblar. O vədə yoldaşlarım məni inandırmışdılar ki, orada qızaran Qars şəhərinin yanğısıdır; yəni orada rus və osmanlı davasıdır. Amma həqiqət bu idi ki, o il doğrudan da rus-osmanlı müharibəsi ili idi ki, miladın min səkkiz yüz yetmiş səkkiz və yetmiş doqquzunda vaqe olmuşdu və haman günləri biz səkkiz və doqquz yaşında küçə uşaqlarının coğrafi məlumatımız ancaq o qədər ola bilərdi. Naxçıvan qürubunun qırmızı buludlarını Qars müharibəsinin top-tüfənginə əlaqədar zənn edirdik.

Bundan savayı, yaşımın miqdarını təyin etəmk üçün bir yadigarım da var. Min səkkiz yüz həştad birdə ikinci Aleksandrın mücahidlər tərəfindən Peterburqda güllələnməyi mənim yadıma gəlir. On bir-on iki yaşında uşaq olardım. Naxçıvanın şəhər məktəbinin ikinci sinfində oxuyurdum. Və dərsdən bizi buraxdılar, getdik evimizə. Dükan-bazar bağlı idi. Camaatı yığdılar məscidə və orada icbari təziyədarlıq əmələ gəldi və mollaların biri minbər üstündə məqtul[i] padşahın şən və şərəfindən o qədər söylədi ki, axırda özü də ağladı və camaatı da ağlatdı. Sonra mərsiyə deyildi və şəhid padşahın müsibəti şəhid imamın müsibətinə qarışıb məscidə bir vamüsibəta, vaveyla düşdü.

Bəli, anadan olduğum yer Naxçıvan şəhəridir və Allah şahiddir ki, əgər dünyada cənnət və cəhənnəm və mizan-tərazu haqdırsa və əgər Allah-taala qoyduğu və Məhəmməd peyğəmbər göstərdiyi yolu tutub gedənlərə axirətdə mükafat veriləcəksə, mənim məkanım öləndən sonra behiştin çox bir səfalı guşəsində gərək ola. Səbəb budur ki, Naxçıvan şəhərində ta balaca uşaqlıq zamanından 14-15 yaşında oğlan olana kimi mən min-min müsibət ilə tutduğum oruc və min-min rahatsızlıqla qıldığım namazın savabı mənim özümə də bəsdir, yavıq qohum-əqrəbama da və hətta dost-aşnama da kifayət verə gərək.

Əgər zaiqəyə tapşırsaq, indi zəmanə büsbütün xarab olub gedib: əgər indiki Naxçıvanla əlli il bundan qabaqkı Naxçıvanı tutuşdursaq və biri birinin yanına qoysaq, yəqin ki, bir zərrə qədər də bir-birinə oxşamaz.

Və yuxu kimi yadıma gəlir ki, o vaxtlar, yəni əlli il bundan qabaq, yəni mən balaca məktəb uşağı olduğum zamanlar evimizdə, küçədə, məktəbdə, bazar və dükanda gördüklərim və eşitdiklərim ancaq məscid söhbəti olardı, minbər söhbəti olardı, namaz idi, oruc tutmaq və əhya saxlamaq idi, vəz və mərsiyə idi. Sübhdən axşamadək gördüklərim kişilər və övrətlərin sübhdən axşamadək məşğələləri məhz namaz qılmaq, oruc tutmaq, genə namaz, genə oruc, məscid, qurban kəsmək, imam təziyəsi və qışqırıqlı və cəlallı məhərrəm təziyəsi və ağköynək büsatı olardı.

Yeddi-səkkiz yaşında molla yanına gedib çərəkə və Quran oxumağım da yadıma düşür. Naxçıvanda o vədə müdərrislikdə[ii] məşhur olan Hacı Bağır və Molla Əlinin də məktəblərində də oxumuşam və Hacı Molla Bağırın falaqqasının çubuqlarının acısını deyəsən indi bu saat genə ayaqlarımda hiss edirəm. Həmin mollaların həsirli və bitli-sirkəli məktəblərində üç-dörd il avara olandan sonra atam məni qoydu şəhər məktəbinə. Üç il orada oxudum: rusca və genə müsəlmanca. Amma, sözün doğrusu budur ki, dəxi mollaların bitli-sirkəli məktəbindən əlim çıxandan sonra əməlli-başlı müsəlman dərsi görmədim. Çünki məlumdur ki, o vaxtlar hökumət təsis edən məktəblərin proqramında xala xətirin qalmasın babətindən həftədə bir neçə saat türk dərsi deyilirdi, qalan dərslər rus dilində gedirdi və bununla bərabər xah haman şəhər məktəbində və xah sonra təhsil etdiyim Qori seminariyasında türk dili müəllimləri məhz məvaciblərini ayın 20-də almaq şövqilə bizə dərs verirdilər. Bir surətdə ki, o vədələr türk müəllimlərinin artıq zəhmət çəkmələrinə mədrəsə müdirləri özləri də razı deyildilər.

Təqribən Qori darülmüəlliminində türk şöbəsinin açılmağı da mənim yaşımın dərsə getmək vaxtına tuş gəlir və bunu bilirəm ki, miladın min səkkiz yüz həştad üçüncü ilində atam məni Naxçıvan şəhər məktəbindən göndərdi Qori darülmüəllimininə və burada da beş ilin fasiləsində təhsilimi tamam edib həştad yeddinci ilin payız fəslində İrəvan mahalında Uluxanlı məktəbinə kiçik bir müəllimliyə təyin olundum.

Burada mən istəyirəm söhbətimi yarımçıq qoyub keçəm bir özgə mətləbə. Yoxsa filan vaxtda filan yerdə müəllim oldum və filan vaxtda Danabaş kəndinə dəyişildim, – bu sözlərheç kəsə lazım olmaya gərək. Ancaq burada bir neçə qeyri məsələlər var ki, onlar barəsində bir neçə söz yazmağı lazım görürəm.

Söhbət darülmüəllimində keçirdiyim vaxtlar barəsindədir.

Bəli, uşaqlığım mübarək olan Naxçıvan şəhərində keçdi və necə ki, söylədim, ətraf, hər yan Allah və peyğəmbər. Sağ tərəfdə məscid, sol tərəfdə minbər və hər bir yanda molla və dərviş. Belə bir müqəddəs mühitdən çıxıb düşdüm gürcülərin Qori şəhərinə və darülmüəllimində dərs verən əcnəbi müəllimlərin içinə. Ancaq dindarlıqda vətənimə nisbətən buralarda elə bir təfavüt görmədim, çünki Qori şəhərində olan kilsələrin miqdarı Naxçıvanın məscidlərindən az deyildi. Və hətta darülmüəlliminin xristiyanlar şöbəsində əlahiddə bir ibadət evi var idi. O, ki, qaldı bizim türk şöbəmizə, doğrudur burada müəyyən bir məscid yox idi, ancaq elmi-ilahi dərslərinin müəllimləri bizlər üçün bir vaiz idilər və Məhəmmədin dinində bizi möhkəm saxlamaq yolunda heç bir şey əsirgəmirdilər. Bizim axirətimizi təmin etməkdə bir qüsur görmürdük. Ta o yerə kimi ki, məhərrəmlikdə, təqribən həştad beşinci-altıncı ildə darülmüəlliminin qərardadı ilə Tiflisdən bir mərsiyəxan gətirtmişdilər ki, bizlər üçün mərsiyə oxusun ağlayaq. Bu mərsiyəxan on günün ərzində hər axşam vaxtı on yumurta ilıq edib içdi ki, səsi açılsın. Ancaq bu yaxşı yadımdadır ki, on günün müddətində yüz ədəd yumurtanı içəndən sonra genə səsi açılmadı ki, oxuya bilə və heç oxumadı və haqqını aldı çıxdı, çıxdı getdi.

O vədə çox cavan idim, bu işləri necə ki, lazımdır yaxşı başa düşə bilmirdim. Ancaq indi, yəni təhsilimdən qırx il keçəndən sonra aşkar görürəm ki, o vədə Qori darülmüəllimini təsis eetməkdən məqsəd bu idi ki, türk cavanları rus dilini və rus tarixini keçəndən sonra öz dini əqaidində möhkəm qalmaq şərtilə kəndlərdə və qəsəbələrdə rus dilini və rus tərbiyəsini ümum camaat içində davam versinlər. Və bundan ötrü proqramlar içində elmi-ilahi dərslərilə bərabər rus dili və rus tarixi dərslərinə çox əhəmiyyət verilirdi. Elmi-ilahi dərsləri hər gün keçməkdə idi. Rus dili dərsi hər gün verildikdən savayı, biz türklərin rusca danışmağına və rusca tələffüzünə nəhayət diqqət verilirdi. Onun üçün də elmi-ilahi dərslərində, məsələn, Allahın varlığını dəlili-əqli və dəlili-nəqli ilə uzun-uzadı rəvayətlərlə təhsil edərdik. Süfati-sübutiyyə və süfati-səlbiyyə, təsəlliyat və səhviyyatı o qədər əzbərlədik ki, guya bizi vaizliyə hazırlayırlar. Rus dilini gərək belə danışaydıq ki, ruslardan bilmərrə fərqimiz olmamaydı. Və bu iki mühüm dərslərdən savayı qeyri dərslər nisbətən o qədər də lüzumlu nəzərə gəlmirdi. Məsələn, türk dilinin proqramda varlığı yoxluğuna bərabər idi. Və beş ilin müddətində əgər qabaqlarda molla yanında bir şey oxumamış olsaydım, adımı düz yazmaq qədərincə türk dilini öyrənə bilməyəcəkdim. Onunçün də mən özüm də və yoldaşlarım da, yay fəsilləri və təhsili tamam edəndən sonra mollalar hücrəsində xüsusi surətdə dərs oxumağa məcbur olduq ki, bir az-maz müsəlman savadından əxz edə bilək.

Nə qədər Naxçıvanın müqəddəs mühiti və darülmüəlliminin əmmaməli müdərrisləri bizi Allahın yolunda saxlayırdılar, o qədər də oxumaqda olduğumuz coğrafiya və tarixi-təbii dərsləri öz işini görməkdə idi. Dərsin birində dünyanın altı gündə xudavəndi-aləmin tərəfindən xəlq olunduğunu və xaliqin cümə günü dincə qaldığını oxuyanda, dərsin o birisində tarixi-təbii müəlliminin bəyanatı öz mənası ilə dinməz-söyləməz Allahın varlığını da şübhə altında buraxırdı. Adəm babamızın behişti ilə Nuhun tufanını bilmərrə inkar edirdi.

Mən özüm darülmüəllimini qurtaran zaman Naxçıvanda həmin bir halda özümdən artıq hüşyar dostlarıma rast gəldim və onlarla tutuşdum. Mənim səsimə səs verən sindaşlarımdan qabaqca əzizim Eynəli Sultan oldu. O vaxtlar arvadlarımızın əsarətdə olmaq söhbətləri təzə-təzə meydana atılmaq istəyirdi və birinci dəfə arvadları müdafiə edən sözləri Eynəli yoldaşımız vasitəsilə məşhur arvad azadlığı tərəfdarı Con Stüart Milin kitabında gördüm. Bu kitab ingilisdən rus dilinə tərcümə idi və o vaxt oxuduğum indi bilmərrə yadımdan çıxıb. Ancaq onu bilirəm ki, Con Stüart Mil bu kitabında hansı bir özü kimi Avropa yazıçısı ilə arvad azadlığı barəsində mübahisəyə girişmişdi və kitabında sübuta yetirirdi ki, arvad azadlığına indiyədək qoyulan sərhədlərin hamısı gərək götürülsün.

Miladın min səkkiz yüz doxsanıncı illərində Nehrəm kəndində müəllim olduğum vaxt kəndlərimizdə qəribə hallar görürdüm və gördüklərimi yazıya götürərdim. “Danabaş kəndi əhvalatı” sərlövhədə Məhəmməd Həsən əminin eşşəyinin itməyini birinci dəfə hekayə surətində yazdım. Burada rəvayət olunur ki, nə tövr Danabaş kəndinin yüzbaşısı Xudayar koxa Məhəmməd Həsən adlı bir fəqir kişinin eşşəyini aparıb şəhərdə satır və o pula orada bir övrət siğə eləyir. Və halonki, Məhəmməd Həsən əmi var-yoxunu satıb bu eşşəyi almışdı və bir ayın müddətində bəsləyirdi ki, minib getsin Kərbəla ziyarətinə.

Danabaş kəndində müəllim olduğum vaxtlar Naxçıvanda doxsan beşinci ildə böyük türk məktəbi açıldığına təsadüf edir. və həmin məktəbi idarə etməyə doxsan dördüncü ildə Ordubaddan məşhur müdərris və şairimiz Məşədi Tağı Sidqi dəvət olunur.

Həmin təzə türk məktəbi savayı ondan ki, nə qədər türk balalarının təzə üsulda savad və bilik əxz etmələrinə səbəb olur, həmin məktəb biz yeniyetmə müəllim və ədiblər üçün də bir darülürfan hesab olunur.

Bununla bərabər mən müəllimlikdə on ildən artıq davam edə bilmədim və min səkkiz yüz doxsan səkkizinci ildə Naxçıvandan köçüb gəldim İrəvan şəhərinə ki, qeyri bir işə məşğul olam. Bir az vaxt naçalnik divanxanasında mütərcim oldum və hətta polis məmuru da oldum. Ancaq gördüm ki, bu mənim işim deyil. Buradan çıxdım, özümü verdim ədliyyə idarələrinə və dava vəkili və advokat olmaq məşqinə düşdüm və bundan ötrü mülki hüquq qanunlarından və qeyri hüquq kitablarından mütaliəyə məşğul oldum. Ancaq məni xarab edən iş o idi ki, hər nə işə gedirdimsə, gərək bir yekə kağız əlimə alıb, hekayədən, nağıldan cızmaqaralayaydım. Min doqquz yüz üçüncü ildə xəstə övrətimi Tiflisə gətirib burada “Şərqi-Rus” sahibi Məhəmməd ağa Şahtaxtlıya rast gəldim.

Məhəmməd ağa küçədə mənə rast gəldi və apardı “Annona” yeməkxanasına. Orada məni qonaq elədi və məndən soruşdu ki, yazıdan-pozudan nəyin var? Mən cibimdən Noruzəlinin poçt qutusuna kağız salmaq hekayəsini çıxartdım verdim Məhəmməd ağaya. Ədibi-möhtərəmimiz hekayəni oxuya-oxuya elə şiddətlə gülürdü ki, qonşular bizə tərəf təəccüblə baxmağa başladılar. Buradan Məhəmməd ağa məni zorla apardı düşdüyüm “Qafqaz” mehmanxanasına və zorla mənim yatacağımı və şeylərimi qoydu faytona, məni apardı evinə ki, gərək qalam onun qəzeti üçün hekayə yazan olam.

Mən qaldım...



[i] Məqtul – qətl olunmuş.

[ii] Müdərris – dərs verən, müəllim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info