Qonaq Kitabı
ÖLÜLƏR

 

Dörd məclis və beş pərdəli  komediya

 

MƏCLİSLƏRİN ƏHALİSİ

 

Ş e y x   N ə s r u l l a h – 45 yaşında.

Ş e y x  Ə h m ə d – onun şagirdi, 40 yaşında.

H a c ı  H ə s ə n – şəhərdə bir mötəbər bir hacı, 50 yaşında.

K ə r b ə l a y ı  F a t m a x a n ı m – onun övrəti, 40 yaşında.

İ s k ə n d ə r – onun oğlu, 22 yaşında.

C ə l a l – onun kiçik oğlu, 10 yaşında.

N a z l ı – onun qızı, 12 yaşında.

Z e y n ə b – Hacı H ə s ə nin qaravaşı, 20 yaşında.

Ə l i – Hacı H ə s ə nin nökəri, 18 yaşında.

H a c ı  B ə x ş ə l i – 45 yaşında.

H a c ı  K ə r i m – 50 yaşında.

H a c ı  K a z ı m – 50 yaşında.

M ə ş ə d i  O r u c – 35 yaşında.

M ə ş ə d i  O r u c u n anası – 50 yaşında.

M i r  B a ğ ı r  a ğ a – 35 yaşında.

H e y d ə r  a ğ a – teleqrafçı, 45 yaşında.

Ə l i b ə y – dilmanc, 30 yaşında.

M i r z ə  H ü s e y n – müəllim, 40 yaşında.

K ə r b ə l a y ı  V ə l i  – 35 yaşında.

D ö r d  n ə f ə r  q ı z – Şeyx Nəsrullahın övrətləri: hər biri 13-14 yaşında.

A z a r l ı l a r,  a r v a d l a r,  m ü s a f i r l ə r,  c a m a a t.

 

Əhvalat vaqe olur İrəvan şəhərlərinin birində, iyirmi il bundan irəli.

 

Birinci məclis

 

Hacı H ə s ə nin evi. İskəndərin otağı, küncdə dəmir kravat, qabağında köhnə miz, üstündə bir-iki kitab; mizin yanında iki köhnə stul. C ə l a l və müəllim diz üstə qabaq-qabağa oturub dərs oxuyurlar.

 

C ə l a l (qabağında kitab, buruxa-buruxa oxuyur). Mara çe töhfə adərdi.

M ü ə l l i m  (ucadan). Avərdi!

C ə l a l. Avərdi. Küft. Bəxatir. Bəxatir daştəm ki, çün bədər xət...

M ü ə l l i m  (ucadan). Bədirəxt!

C ə l a l. Bədirəxt gül rəsmi daməni, daməni pər künəm...

M ü ə l l i m  (ucadan). Pür künəm.

C ə l a l. Pür künəm hədiyeyi əshabra, əshabra çün rəsidəm buy güləm çəndan məst kərd ki, damənəm, damənəm əz dəst bərfət.

M ü ə l l i m  (ucadan). Berəft!

C ə l a l. Əz dəst berəft, ey mürği səhər, eşqi zipərvanə, zipərvanə...

Bir kişi (məşədi paltarında tələsik girir içəri və tövşüyə-tövşüyə ucadan). Hacı H ə s ə n əmi evdə?..

C ə l a l (kişiyə). Ağam gedib bazara.

 

Kişi çıxıb gedir. M ü ə l l i m  təəccüb ilə baxır onun dalınca.

 

C ə l a l (yenə oxuyur). Zipərvanə beyamuz, beyamuz... kanə... suxtəra...

M ü ə l l i m  (ucadan). Düz oxu, kon suxtəra... şeiri qələt oxumazlar.

C ə l a l. Kon suxtəra can şüd, can şüd avaz nəyaməd...

 

 

İskəndərin səsi gəlir: “Mars! Mars! Mars!” deyib iti çağıra-çağıra girir içəri.

 

 

C ə l a l (oxuyur). Kon suxtəra, kon suxtəra... (İskəndərə) Dadaş, çıx get, qoy dərsimi oxuyum.

 

 

İskəndər itin qulaqlarından yapışıb, istəyir çəkə içəri. İt dartınıb gəlmir.

 

 

C ə l a l (İskəndərə). Sən allah, dadaş, iti çağırma içəri; qoy dərsimi oxuyum.

 

 

İskəndər itdən əl çəkib, çox həvəsli və kefli, şlyapasını kravatın üstünə çırpıb, başlayır papiros eşməyə.

 

 

M ü ə l l i m  (İskəndərə). Xudahafiz, İskəndər bəy. Yaxşı oldu təşrif gətirdiniz. Təvəqqe eləyirəm mirzə Cəlala nəsihət eləyəsiniz ki, dərslərinə can yandırsın.

İ s k ə n d ə r (oturub kravatın üstündə). Baş üstə, baş üstə, nəsihət elərəm. Amma bunu de ki, mənim sözümə qulaq asan kimdi? Odu, allahın iti də mənim sözümə baxmır; nə qədər elədim, içəri girmədi. Xa... xa... xa... (qah-qah çəkib gülür).

M ü ə l l i m . Yox elə buyurma. Mirzə Cəlal ağıllı oğlandı; mirzə Cəlal sənin sözünə baxar; ondan ötrü ki, bu qədər zəhməti ki, mən onun yolunda çəkirəm, atası çəkir, gərək bu da elə rəftar eləyə ki, bu zəhmətlər səmərəsiz qalmayalar. Məgər mirzə Cəlal görmür ki, elmsiz insan bir qəpiyə dəyməz? İnsanın ki, elmi olmadı, onun nə qədr-qiyməti ola bilər və nə hörməti ola bilər.

İ s k ə n d ə r (ucadan qah-qah çəkib gülür). Məgər mirzə Cəlal görmür ki, elmli insan bir qəpiyə dəyməz? Xa... xa... xa... Hər kəsin ki, elmi var, onun hörməti yoxdu; hər kəsin ki, hörməti var, onun da elmi yoxdu. Xa... xa... xa... İnsan ona deyərlər ki, nə elmi ola, nə hörməti ola. Xa... xa... xa...

M ü ə l l i m  (C ə l a la). Yox-yox, İskəndər bəy zarafat eləyir; əlbəttə, zarafat eləyir.

C ə l a l (M ü ə l l i m ə). Mirzə, vallah dadaşım genə keflidi.

İ s k ə n d ə r (tez durub gəlir Cəlalın yanına). Mən? Mən? Mən kefliyəm?

 

Ağzını C ə l a lın ağzına tutub, “hu, hu, hu” eləyir.

 

Hanı? Mən kefliyəm?

C ə l a l (başını kənara çəkib üzünü turşudur). Valllah, dadaş, genə çaxır içmisən.

İ s k ə n d ə r (gülə-gülə ucadan). Yalan deyirsən, vallah yalan deyirsən! Çaxır içməmişəm, araq içmişəm! Gördün yalan deyirsən! Xa... xa... xa!..

M ü ə l l i m  (ayağa durub Cəlala). Çünki bu gün dərsini yaxşı bilmirsən, dəxi mən də sənə təzə dərs vermirəm. Haman dərsi sabah soruşacağam.

 

B i r  k i ş i (məşədi paltarında qapıdan tələsik girib, tövşüyə-tövşüyə ucadan). Hacı  əmi evdə?

C ə l a l (kişiyə). Evdə deyil.

 

Kişi gedir. Həyətdə it hürür kişinin üstünə.

 

İ s k ə n d ə r (qapıya tərəf gedib). Küş, küş, küş! Xa... xa... xa! Mars, Mars, Mars! Fut, fut, fut! (İti muşqurur).

C ə l a l (İskəndərə). Vallah, dadaş, ağam gələndə deyəcəyəm ki, dadaşım iti küşkürürdü adamların üstünə.

İ s k ə n d ə r (bir qədər Cəlala baxandan sonra). Mən də deyəcəyəm ki, Cəlal dərsini bilmirdi. Xa... xa... xa! (Gülüb qurtarandan sonra bir az baxıb, gəlir Cəlalın yanına). Yox, yox, demənəm, demənəm. Sən bilirsən ki, mən səni çox istəyirəm (üzünü əlləyir). Amma dadaşının sözünə baxmamaqda bir az yaxşı eləmirsən. İndi, məsələn, bu kitabı qoyubsan qabağına, oxuyursan. (Kitabı götürür əlinə). İndi yəqin ki, ağan bu kitaba üç abbası, bəlkə hələ dörd abbası, ya bir manat verib, alıb, sən axmaq qabağına qoyub oxuyursan. Amma o pulları aparıb Karapetə versəydin, sənə iki şüşə Smirnov arağı verərdi. Sən də gətirib verərdin İskəndər dadaşına. Mən qoyardım cibimə. Birini səhərdən içərdim axşama kimi sənin sağlığına, birini də axşamdan içərdim səhərə kimi mirzənin sağlığına. Siz sağ olardınız, mən də kef elərdim (M ü ə l l i m ə tərəf). Mən ölüm, mirzə, doğru demirəmmi? Xa... xa... xa!..

M ü ə l l i m . Bağışlayın, İskəndər bəy, hərçənd bəndənin tərəfindən küstaxlıqdır sizə nəsihət eləmək, amma uşaq tayfasına o cür sözləri deməyiniz bir az bicadır. Siz qardaşınıza deməkdən ki, səy elə, elm dalınca get, başlayırsız ona lazım olmayan nəsihətləri eləməyə.

 

Cəlal istəyir kitabı onun əlindən ala, o da vermir.

 

İ s k ə n d ə r. Xa... xa... xa!.. (Cəlala). Elm dalınca get. Xa... xa... xa! Elm dalınca get. Yavaş, yavaş, qulaq as, gör nə deyirəm.

B i r  m ə ş ə d i (tövşüyə-tövşüyə içəri girib, ucadan). Hacı Həsən əmi evdə?

İ s k ə n d ə r. Evdədi, evdədi.

C ə l a l (məşədiyə). Dadaşım yalan deyir, ağam gedib bazara.

M ü ə l l i m  (məşədiyə). Nə var, nə xəbərdi?

 

Məşədi dinməyib gedir.

 

İ s k ə n d ə r (Əlində kitab, qaçır məşədinin dalınca). A kişi, getmə, Hacı  evdədi, getmə. Mars, Mars, Mars! Küş, küş, küş! Qoyma getdi. Fut, fut, fut! Aha, aha, fut! Küş, küş, küş! (Ayaqlarını yerə döyür).

M ü ə l l i m  (istəyir çıxıb gedə). Hələ ki, xudahafiz (Çıxıb gedir).

İ s k ə n d ə r (gülə-gülə Müəllimin dalınca). Mirzə, getmə! Mən ölüm getmə, gəl Cəlala elm öyrət. Oxusun alim olsun.

C ə l a l (İskəndərə yavıq gəlib). Dadaş, ver kitabımı.

İ s k ə n d ə r (çox ucadan və hirsli). Cəhənnəm ol!

 

Cəlal qorxub qaçır eşiyə.

 

(İskəndər bir az onun dalınca baxandan sonra, gedib oturur kravatın üstündə və bir cibindən araq və o biri cibindən bir balaca stəkan çıxarıb, başlayır töküb içməyə, sonra kitabı açıb baxır).

İ s k ə n d ə r (kitaba). Tanıyıram səni. Mən də səni bir az oxumuşam. On beş il bundan irƏ l i  həmin otaqda mən də səni oxumuşam (oxuyur). “Məlikra on nəsihət sudmənd aməd və əz səri-xuni-u dər güzəşt”[i]. Mənim də Müəllimim mənə nəsihət elərdi ki, bala, səy elə, dərslərini yaxşı öyrən. Amma bu dılğırların heç birindən eşitmədim ki, desin: bala, adam ol. Hər kəsə rast gəlirsən, elə bunu eşidirsən ki, elm oxu, alim ol. Amma məni bir başa salan yoxdur ki, axır, bu elm, elm nə deməkdir? Elm ona deyərlər ki, indi birisi bu şüşəni çəkə başına, hamısını içə, (içir). Pah! Puf! (üzünü turşudur). Bax, elm – buna deyərlər.

C ə l a l (başını qapıdan uzadır içəri). Dadaş, vallah, ağam gələndə deyəcəyəm.

İ s k ə n d ə r (stəkanı və şüşəni qoyur cibinə). Cəlal, Cəlal, bura gəl, gör sənə nə deyirəm.

C ə l a l. Gəlmirəm, sən keflisən.

İ s k ə n d ə r. Cəlal, bilirsən Sokrat nə deyirmiş?

C ə l a l. Sokrat kimdi?

İ s k ə n d ə r. Sokrat bir adam idi; çoxdanın adamı idi. Çox, çox çoxdanın adamı idi. Sokrat deyərmiş ki, “mən dərs oxumamış elə xəyal elərdim ki, dünyada bir zad bilirəm; amma elm oxuyandan sonra yəqin elədim ki, heç zad bilmirəm”. Xa... xa... xa! Yəni araq içməyi də bilmirəm! Cəlal, ay Cəlal! İndi sən məndən qaçırsan, deyirsən ki, mən kefliyəm; amma and olsun Qara ağac pirinə ki, sən də mənim kimi dərs oxuyub qurtarandan sonra, başlayacaqsan İskəndər dadaşın kimi küplərin dibində yatmağa. Xa... xa... xa!..

N a z l ı  (qapıda görsənir). Dadaş, sən allah az iç bu zəhrimarı!

İ s k ə n d ə r. Baş üstə, bax, mənim bu gözlərim üstə (Əlini qoyur gözünə).

N a z l ı. Vallah, yalan deyirsən.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info