Qonaq Kitabı
XATİRATIM

 

Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: “Allahu əkbər! Allahu əkbər!”.[i] Həmin səda qonşuluqda müəzzinin[ii] azanıdır. Və sonralar adət eləmişdim ki, bu iki kəlmədən sonra azançımız Molla Kərim bu sözləri də deyir: “Əşhədüən lailahə illəllah!”.

Və bundan sonra dəxi böyüdükcə hər gün və hər saat sağ və soldan eşitdiklərim sözlərin içində labüdd gərək “Allahu əkbər” olaydı.

Hər sübh vaxtı məni şirin yuxudan oyadan atamın “Allahu əkbər” səsi olardı. Burada başa düşərdim ki, atam namaz qılır. Haman sözləri anamdan da eşidərdim. O da habelə namaz qılırdı. Və bunlar hər ikisi namaz vaxtı da namazın qeyri ibarələrinin içində namazı qılıb qurtarınca, bir neçə dəfə ucadan və naqafil “Allahu əkbər” çağırardılar. Bu da həmin vaxt ittifaq düşərdi ki, evdə bir kəs olmaya və pişik gəlib başlaya südü yalamağa, ya əmcək uşağı iməkləyə-iməkləyə oda yavıq gedə. Demək, çünki namaz üstə danışmaq namazı batil eləyənlərdəndir, onunçün Allahı çağırmaqdan başqa da nə pişik və nə uşağa bir söz demək olmazdı.

Atamın anama acığı tutanda “Allahu əkbər” deyərdi. Anamın da bizə acığı tutanda “Allahu əkbər” çağırardı.

Elə yadıma gəlir ki, o zaman ağızlarda danışılan kəlmələrin üçü adi danışıq olsaydı, bir kəlmə “Allah” ləfzi idi.

-     Sən Allah ata, mənə bu gün üzüm al gətir.

-     Oğlum, vallah, bazara dəxi üzüm gəlmir.

-     Sən Allah al.

-     Mən Allah gəlmir.

-     Ay bacı, Allah atana rəhmət eləsin, o uşağı küçədən çağır gəlsin.

Bundan anlaşılan budur ki, xah mənim valideynim, xah qeyri vətəndaşlarım hər bir saat, hər dəqiqə və hər saniyə Allahın adını zikr eləməkdə idi. Allahı rər dəqiqə çağırmaqda idilər, ona yavıq olmaqda idilər. Və bu Allah məhəbbəti, yaxud Allah qorxusu ondan ötrü idi ki, xah mənim valideynim, xah sair vətəndaşlarım o zaman bu əqidədə idilər ki, Allahın bir cənnəti var, bir cəhənnəmi və hər bəndəsini Allah-taala istəsə cəhənnəmə də vasil elər, istəsə behiştə də daxil elər. O baxır sənin əməlinə. Əməli-salehlər[iii] cənnətə və bədəməllər cəhənnəmə daxil olacaqdır. Və sonra yaxşı yadımdadır ki, qonşu mollamız molla Əli ki, mənə və qardaşlarıma sonralar dərs də deyərdi, hər gün bu barədə ərəb ibarəsilə belə zikr elərdi: “fəmən yəmələ misqalə zərrətün”. Uşaqlıqda bu ibarə molla gedəndən sonra o saat yadımdan çıxardı. Ancaq böyüyüb savadımı artırandan sonra bildim ki, həmin ibarə Quran ayəsidir. “Fəmən yəmələ misqalə zərrətün xeyrən yərəhu vəmin yəməl...” və ilaxır. Və məlum şeydir ki, o vaxt Molla əlilər atamı və anamı öz moizəsində inandırmışdı ki, əməli-xeyir ibarətdir sövmü səlatdan[iv] və əməli şər ibarətdir orucu yeməkdən və bığlarının ucunu uzatmaqdan və müsəlman olmayan insanın yağını yeməkdən və ilaxır. Əlbəttə, oğurluq və adam öldürməyi də Molla əlilər qəbih əməl qəbiləsinə yazırdılar. Ancaq dünya məişətinə dair olan oğurluq və adam öldürmək söhbətləri molla moizəsində ya heç zikr olunmazdı, ya da müxtəsər keçərdi.

Bəs hər kəs ki, bu dünyada xeyir əməl sahibi oldu, axirətdə də onun əvəzini görəcək, həmin xeyir əməlin mükafatını öləndən sonra alacaqdır. Nədir o mükafat? Nədən ibarət olacaqdır? Və Molla əlilər atamı, anamı və qonşularımızı inandırmışdılar ki, xeyir əməl sahibləri öləndən sonra puli-siratdan keçib daxil olacaqlar cənnətə. o cənnətə ki, orada Molla Əlinin rəvayətində “tücri min təhtihəl ənhar”: oranın bağlarının altından nəhrlər cari olacaq. Və orada ləziz meyvələr bitirlər və orada cənnət əhalisi üçün pakizə övrətlər mühəyyadır. Və Molla Əli bunu Quran ibarəsi ilə belə rəvayət edərdi: “vələhüm fiha əzvaci mütəhhirətin”; və hamısından əfzəl bu idi ki, belə-belə pak qadınların məclisində yaşamaq iman əhli üçün həmişəlik baqi-əbədi olacaqdır (“vəhüm fiha xalidun”), həmişəlik olacaq; nə azar tapacaqlar, nə mövt [v] onları dərk edəcək.

Bəs bu dəsgahın sahibi kimdir? Kimdir cənnəti yaradan? Kimdir cəhənnəmi yaradan?

Haman bari-pərvərdigardır. Haman böyük Allahdır ki, ərəblər ona deyirlər: “Allahu əkbər”. Və bu haman ibarədir ki, hər cür ibadətimiz və riyazətimiz haman ibarə ilə başlanır.

“Allahu əkbər”.

Bəs, xudavəndi-aləmə yavıq olmaq üçün ibadət lazım, elə bir ibadət lazım ki, Allah bəndəsinin bütün övqatını məşğul etsin, onu bir an da Allahı yad etməkdən qafil qoymasın. Və bu məqsədə yetirən ibadətlərin ən birincisi, ən müsaidi namazdır.

 

NAMAZ

O qaranlıq dünya ki, mən ilk dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, haman qaranlıq dünyada mən valideynimi, qohum-əqrəbamı, qonşularımı, cəmi vətəndaşlarımı həmə vaxt namaz üstə görmüşəm.

“Allahu əkbər”.

Hər dəfə dayımgilə gedəndə, o rəhmətliyi namaz qılan görmüşəm. Atam həmişə namaz üstə olardı. Anam hər gün neçə dəfə namaz qılardı (yomiyyə namazı). Qonşuluqda sağ tərəfdən Məşədi Məhəmmədgildə və sol tərəfdən, dəmirçilər tərəfdən həmə vəqt “Allahu əkbər” sədası qulağıma çatardı. Məscid həyəti gecə və gündüz namaz qılan ilə dolu olardı. Və xülaseyi-kəlam, hər gün sübh vaxtı, zöhr vaxtı və şam vaxtı müəzzin Molla Kərimin “Allahu əkbər” nidası asimana bülənd olardı. Haman saat cəmi mömünlər əl aftabaya yetirib başlardılar dəstəmazı: “qül hüvəllahü-əhəd, allahüs-səməd...” və dəstəmaz alıb şüru edərdilər namaza. Sübh vaxtı sübh namazına, zöhr vaxtı zöhr namazına, şam vaxtı şam namazına və xiftən namazına.

Və lakin möhtərəm qare elə güman etməsin bu on yeddi rükət pəncganeyi-yomiyyə namazını əda etmək üçün o qədər vaxt da sərf olunmaya gərək. Bu barədə üzr istəyib ərz edirəm ki, o baxar namaz qılanın həvəsinə və şövqünə. Mümkündür vaxta qənaət etmək və müxtəsərcə həmd-surəni qiraət edib şüru etmək rüku və sücuda və təşəhhüd və səlam. Allahın da borcunu verdin getdi, dəxi sənin başının üstə durub demir ki, yox qələt eləmə və tələsmə.

Amma rəvayət etdiyim “qaranlıq” əsrin namaz qılanlarını bəndə indi yadıma salanda bunu təsdiq edirəm ki, indi səliqələr büsbütün dəyişilib və bunu mən indi şəhadət edirəm ki, o zamanın dindar əhli-imanlarının və o cümlədən mənim dayımın, qonşuluqda dindar və əhli-iman Molla əlilərin, Məşədi Məhəmmədəlinin və cəmi fazillərin və pak-damən hacıların vaxtlarının çox hissəsi namaz qılmağa sərf olunardı. Və çün mən uşaq idim və qeyri ailələrə o qədər tərəddüdüm yox idi, onunçün də dayımın namaza vaxt sərf etməyin o vaxtın qeyri mömünlərinin ibadət və riyazətinin bir nümunəsi gərək ola.

Sübh azanından dayımın dəstəmaza hazırlıq dua və sənası başlanardı: “Allahü əkbər, Allahü əkbər, bismillahir-rəhmanir-rəhim. Qül hüvəllahü əhəd, allahüs-səməd... allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd, bismillahir-rəhmanir-rəhim, la hövlə vəla qüvvətə illa-billahü əliyyül əzim. Allahü əkbər”.

Mən o vədələr uşaq idim və yuxum da bu səbəbdən gərək bərk və şirin olaydı və elə idi də. Ancaq o həyəcanla ki, dayım namaz qılmağa məşğul olardı, dəxi mümkün deyildi yatmaq və oyanmamaq. Əvvəla, namazını xeyli ucadan qılardı və ikinci elə bətər məxrəclə ərəb ibarələrini tələffüz edərdi və elə bir nazü-qəmzə ilə növ-növ dualar zikr edərdi ki, gün çıxandan da sonra – ki, namaz gərək tamam olub qurtara idi, - dayım şüru edərdi Quranın bir neçə surəsini axıradək tilavət eləməyə. Əvvəl başlardı böyük surələrdən, məsələn, yadımda qalan: “Vəşşəms” surəsidir. “Qiyamət” surəsidir, “Əmmə” surəsi. Və bunlardan savayı genə bir neçə surəni mərsiyəxan tək avazla xanəndə-misal misal oxuyub keçərdi “İnna ənzəlna” kimi kiçik surələrə və saqqalını tumarlaya-tumarlaya durardı ayağa. Dəxi indi dayım əlbəttə özünü dünyada yaşayan ən xoşbəxt Allah bəndələrindən dəxi də xoşbəxt hesab edərdi. Bu haman dayımdır ki, otuz il ondan sonra Sabir onun şənində belə bir qəzəl yazdı:

 

Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,

Cənnətə uyqu ipilə bir kəmənd atmaq dilər.

Əbləhin fikrincə cənnət bir Buxara şəhridir,

Beççə tək qilmanları bulduqca oynatmaq dilər.

 

Və hələ güman etməyin ki, dayım öz təklifini qurtardı və dua-sənadan azad oldu. Xeyr, görərdin ki, namazı bu qədər həngamə ilə qılıb qurtarandan sonra durardı ayağa və təsbeh çevirə-çevirə genə öz-özünə dodaqlarının altında vird elərdi: “Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd”, “lahövlə vəla qüvvətə illa billahi əliyyil-əzim, lahövlə vəla qüvvətə illa billahi əliyyil-əzim”.

Buna da diqqət eləmişəm ki, daim namazı əda edib qurtarandan sonra xoş-əhval nəzərə gələrdi. Bunun səbəbini o vədələr mən başa düşə bilməzdim, amma sonra başa düşdüm ki, namazdan sonra dayım üçün üz verən səadətin əsl mənbəyi budur ki, indi dəxi dayım özünü Quranda iman əhllərinə vədə verilən nemətlərə haqlı hesab edir. O kəsləri ki, “amənu və əməlüs-səlihat”, o kəsləri ki, iman gətirib əməlləri salehdir, yəni öz vaxtında namazlarını belə eşqi-übudiyyətlə əda ediblər. “İnnə ləhüm cənnat”, onlar üçündür behiştin bağları ki, “tücri min təhtihəl-ənhar”, haman bağlar ki, orada ağacların altında həmişə arxlar axacaqdır. Və bu hələ kifayət deyildir və dayım üçün tək bircə sulu bağın vədəsi o qədər də qiymətli olmaya gərək, çünki dayımın özünün o günləri yaxşı meyvəli ağacları və sulu arxları var idi. Amma dayım üçün ən qiymətli və ən maraqlı o idi ki, bu bağlarda seyr edən qadınlar, əvvəla, pakizədirlər (“vələhüm fiha əzvaci mütəhhirətin”) və saniyən, bu bağın pakizə huriləri orada həmişəlik və baqi idilər: “və hüm fiha xalidun”.

Buna biçarə dayım kəmali-etiqadla inanırdı, əlbəttə ki, inanırdı. Yoxsa əgər inanmasa idi, güman edə bilmənəm ki, bütün ömrünün şirin sübh yuxusunu özünə və öz biçarə oğul-uşağına haram edə idi. Onunçün də Sabir burada söylədiyinin bir qisminin dayıma gərək dəxli olmaya:

 

Məqsədi sövmü səlatindən bu imişkən, yazıq.

Həm xudanı, həm də məxluqatı aldatmaq dilər.

 

Burada biçarə kişi tərəfindən bunu mən sədaqətlə ərz edə bilərəm ki, dayımın sövmü səlatindən məqsədi tək bircə həmişəlik cənnətdə mütəhhirə qadınlarla həmişəlik və tükənməyən ömür keçirmək idi. Burada öz ibadətilə dayım və xudanı, nə də bəndəni aldatmaq fikrində yox idi.

Bu hələ sübh namazıdır. Mülahizə eləmək lazımdır ki, burada dayımın nə qədər vaxtı namazı əda etməyə sərf olundu. Və bunu qeyd etmək lazımdır ki, necə ki, dayım, habelə də vətənimin qeyri dindarları.

Hələ bu sübh namazıdır, hələ bu ikicə rükət sübh namazıdır. Hələ on yeddi rükət yomiyyə namazının, demək, on beş rükəti qalır.

Doğrudur, zöhr və əsr və şam ilə xiftən namazlarının nədənsə ehtiramı sübh namazı ehtiramınca deyil və bu saydığımız namazlar sübh namazı tək təmtəraq ilə əda olunmurlar. Və lakin genə əda olunurlar.

Xub, əgər söhbət tək bircə on yeddi rükət yomiyyə namazı barəsindədir, bunu iş arasında genə qılıb qurtarmaq olar. Bəs o nədir ki, bu məqalənin yuxarısında zikr olundu ki, o qaranlıq dünya ki, mən ilk dəfə gözümü açıb baxmışam və qulağımı açıb eşitmişəm, həmin qaranlıq dünyada mən valideynimi, qohum-əqrəbamı, qonşularımı və cəmi vətəndaşlarımı həməvəqt, gecə və gündüz namaz üstə görmüşəm? Söhbət, əgər tək bircə yomiyyə namazıdır, bu ki, cəmən on yeddi rükətdir. Sözdə xilaf yoxdur. Bəs o hansı namazlardır ki, onları il on iki ay gecə və gündüz, mənim yazıq vətəndaşlarım qılmaqdan qurtarmazdılar? Və elə ki, sonralar bir az yekəldim və Molla Əlinin məktəbində başladım həmin axirət ülum və fünunundan təhsil eləməyə o vaxt mürur ilə başladım vaqif olmağa ki, dayılarım, qonşularım və cəmi vətəndaşlarım, gecə və gündüz qıldıqları namazın birinin adı nəmazi pəncganeyi-yomiyyədir.

-     Dəxi bu?

Nə qədər ki, uşaqdım, bu işləri ağlım dərk eləmirdi, amma elə ki, böyüdüm, o vədə başa düşdüm ki, dayım və atam yomiyyə namazından savayı qıldıqları namazlar yomiyyə namazı dərəcəsindən vacibi namazlardır. Belə ki, uşaqlıqda, məsəla, qurban bayramı günü məhəlləmizin fazillərini və mömünlərini namaz qılan görəndə elə güman edirdim ki, onlar məhz bikarçılıq babətindən namaz qılırlar. Amma böyüyəndən sonra kitablarda oxudum və şəriətşünaslardan öyrəndim ki, qurban bayramı namazı sübh və ya şam namazı dərəcəsində vacibi namazdır. Belə ki, qurban namazını əda etməmək sübh namazını əda etməmək mənziləsindəndir. Və habelə rəməzan ayı namazı və habelə qeyr vacibi namazlar. Məsəla, nə ağlın kəsir dünyada yazıq müsəlman ümməti üçün nə qədər namaz yazılıb?

Hərçənd şəriətmədarlar namazları iki hissəyə bölüb, bir hissəsinə vacibi və birinə sünnəti adı qoyublar, amma mən gördüklərimi bu saat ortalığa qoysam, o vədə mülahizə buyura bilərsiniz ki, mən rəvayət etdiyim “qaranlıq”da yaşayan islam ümməti üçün, qıldıqları namazı sayıb qurtarmaq olsa, o vaxt göydəki ulduzları da sayıb qurtarmaq olar.

Rəhmətlik vətəndaşlarım cümə günləri cümə namazına durardılar, ölü öləndə meyit namazına durardılar, göy guruldayanda namaz qılardılar (ayət namazı), ay tutulanda namaz qılardılar (xüsuf namazı), gün tutulanda namaz qılardılar, qara yel əsəndə namaz qılardılar, qırmızı yel əsəndə namaz qılardılar, and içəndə namaz qılardılar, nəzr eləyəndə namaz qılardılar, icarə eləyəndə namaz qılardılar.

Və bunlar keçəndən sonra həmə vəqt bekar qalanda başlardılar namazı. A balam, dəxi bu nə namazdı? Bu da atadan qalma namazdır; atanın qəza namazlarıdır ki, övlada onları əda etmək vacibdir.

Elə bu?

Mən xilaf ərz edə bilmənəm və o şey ki, uşaqlıqda görmüşəm, indi birbəbir nağıl eləyirəm. Və şayəd mən burada indi cızma-qaraladığım rəvayət gələcəkdə bir kəsə lazım ola və bu sətirləri oxumağın ona lüzumu ola və şayəd bu söhbət onlara təəccüblü görükə. Və lakin indi bu saat ki, haman uşaqlıq günləri ayın-şayın gözümün qabağındadır, mən o vaxt vətənimin cəmi mömün bəndələrini gecə və gündüz namaz üstə görərdim.

Söhbət buradadır ki, indiyədək yuxarıda saydığım namazlar ancaq vacibi namazlardır və məlumdur ki, vacibi namazlardan başqa müsəlman ümməti üçün sünnəti namazlar da təyin olunubdur. Bu da o namazlardır ki, onu qılmaq da olar, qılmamaq da olar. Yəni, qılmamaq deyəndə necə qılmamaq? Əlbəttə mümkündür qılmamaq və o da baxır insanın öz məzaqına və dindarlığının dərəcəsinə. Əgər sən istəyirsən o dünyaya iki üzü sulu gedəsən ki, heç bir yalançılığın qalmaya və ruzi-məşhərdə sual-cavab vaxtı hamıdan qabağa yeriyib dünyada tutduğun əməlin müqabilində özünə mükafat istəyəsən, onda əlbəttə vacibi namazlardan başqa sünnəti namazları da qılacaqsan. Zira bunların hamısının müqabilində sənə mükafat veriləcək və bunlar bihudə deyil.

Və nə qədər ki, uşaq idim bu işlərin mənasını o qədər dərk edə bilmirdim, ancaq axır vaxtlarda Molla Əlinin məktəbində Qurandan dərs alanda o yerə gəldik çatdıq ki, xudavəndi-aləm özü kitabında buyurubdur ki, “fəmən yəmələ misqalə zərrətin xeyrə yərəhu və ilax...”. Yəni indi sənə məlum oldu ki, vacibi namazlardan başqa sünnəti namazlar da sənə nişan verilib. Əgər onları da əda etməzsən, mükafat da almazsan, əgər əda edərsən, onun da xeyrini görərsən və ilax. Onunçün də mənim dindar vətəndaşlarım vacibi namazlarından başqa, sünnəti namazlarından da dəxi boyun qaçırmazdılar.

Və yadımdadır ki, mərhum dayım, qonşumuz Məşədi Məmmədəli və sol tərəfdə mömün dəmirçi qonşularımız namaz qılan zaman görərdim ki, bunlar savayı yomiyyə namazından, genə namaz qılırlar. Hey namaz qılırlar. O vədə başa düşmürdüm ki, o dəxi nə namazdır; sonralar şəriət dərslərini dərk edəndən sonra başa düşdüm ki, əvvəla, günorta namazından qabaq səkkiz rükət nafilə namazı qılmaq lazımdır. Əsr namazından qabaq yenə səkkiz rükət nafilə namazı qılmaq lazımdır. Sonra dörd rükət məğrib namazı qılmaq sünnətdir. Gün batandan sonra ki, buna “vitrə” namazı dəxi deyilir. Sonra səkkiz rükət xiftən namazından sonra genə nafilə namazıdır. Sonra genə bir rükət “nafileyi-vitr” namazıdır. Sonra iki rükət namazi-nafileyi-sübhdür. Və hələ bununla təklif rəf olmur. Nafilə namazlarının hələ özünə məxsus duaları da vardır ki, onları da zikr etmək və tilavət etmək yenə vacibatdandır. Belə ki, həzrət imam Məhəmməd Bağır əleyhüs-səlamdan rəvayətdir ki, necə ki, öz iki gözünü əziz tutursan, zöhr vaxtı vacibi və sünnəti namazlar əda edəndən sonra onu bil ki, sənin imamın həmişə zöhr namazı əsnasında otuz dörd dəfə “qül hüvəllahü əhəd” surəsini və bir dəfə “qül ya eyyühəl kafirun” surəsini tilavət etməmiş ayağa durmazdı. Və habelə gündəlik nafilə namazlarının yanında o qədər dua və surələrin oxunmağı təyin olunubdur ki, onları burada bir-bir zikr etmək istəsək, gərək hədsiz mürəkkəb və kağız burada sərf edək.

Burayadək söylədiyim məlumatı mən hələ uşaqlıqda təhsil etmişdim və səkkiz-doqquz yaşa çatanadək namazların qəvaidini, məzmununu və onları əda etməyi öyrənmişdim. Və hələ məktəbə getməmiş və savad öyrənməmiş namazın cəmi ibarələrini əzbər bilirdim, çünki bu sinndə namaz qılırdım. Və namazı qılmaq üçün heç savadın lüzumu yox idi. Necə ki, o vədə bu namazların cümləsini qılan mömün vətəndaşlarımın çoxu savadsız idi. Və burada savadın heç lüzumu yox idi. Səbəb bu idi ki, namazın və duaların mətn ibarələrini əzbərləyib, mənasını bilməyə-bilməyə namaz qılırdılar; necə ki, indi və həmişə qılırlar.

Bizə namazı təlim edən evimizdə hacı dayım idi və sonra da məktəbdə müəllim Molla Əli idi. Hacı dayımın heç savadı yox idi. Amma Molla Əli, çün Nəcəfül-Əşrəfdə təhsil tapmışdı, alim adam idi. Hacı dayım namazların, duaların və surələrin ibarəsini elə təkmil əzbərləmişdi ki, güman edə bilməzdin ki, bu kişi adını yaza bilməzdi.

Hacı dayım əlli-əlli beş yaşında bir kişi idi. Amma elə qocalmışdı ki, namazın rüku və sücudunu hıqqana-hıqqana əda edə bilərdi. Bununla bərabər o qədər mömün və o qədər namaz qılan idi ki, səhərdən-axşamadək səccadə qabağında namaz qılardı. Və binəva mən və xalaoğlum Əhməd uşaq vaxtlarımızda, yəni anlamaz vaxtlarımızda ona baxıb gülərdik, amma sonralar, bir tərəfdən dayım bizi döyə-döyə qorxutdu və bir tərəfdən də məscidlərdə vaizlərin cənnət və cəhənnəm moizələrinin təsiri altında başladıq yavaş-yavaş ağıllanmağa. Və səkkiz yaşında olanda mən – necə ki, yuxarıda ərz olundu, - yomiyyə namazlarını qılmağa başlamışdım. Amma xalaoğlum Əhməd şalapay çıxdı və özünü binamazlara yavıq saxladı. Onun səbəbi bu idi ki, Əhmədin yeznəsi rus dərsi oxumuşdu və o rus dərsi oxuyan binamaz (adı Mirzə Ələskər idi), deyirdilər nə özü namaz qılırdı, nə uşaqları qoyurdu qılsınlar.

Dayım bu barədə məni bərk saxladı. Və doğrudur özü qıldığı cəmi namazları mənə qıldırmazdı, ancaq anama qıldırardı. Amma yomiyyə namazını məndən bərk tələb edərdi. Qalan namazları da ancaq mənə təlim etmək istərdi ki, yekəldikcə mən də onları yavaş-yavaş qılım. Və indi bu saydığım namazların cümləsini və onların cəmi ibarələrini və hətta Quranın namaz vaxtında tilavət olunan cəmi surələrini mən indiyədək əzbər bilirəm. Və mənim bu elmim, əvvələn, dayımın tərbiyəsi nəticəsidir, saniyən, müdərris Molla Əlinin mənə verdiyi dərslərdən mənə hasil olubdur.

Bununla bərabər mən və Əhməd, hərçənd uşaqlıqda fanatik dərəcəsində mömün idik, bununla bərabər dayımın dindarlığına və bizə həddən ziyadə nəzərə gələn namazpərəstliyinə gah doğrudan da uşaq kimi gülərdik və dayım namazda olanda çün danışa bilməzdi ki, namazı batil olmasın, - ancaq bir neçə dəfə “Allahu əkbər” çığırardı və gözlərinin yanı ilə elə acıqlı baxardı ki, biz bilərdik ki, bizimkini bizə verəcəkdir. Məsələn, bir gün gəldik gördük dayım yenə namaz üstədir. Günortadan bir-iki saat keçmişdi. Və bildim ki, bu namaz zöhr namazı deyil, çünki zöhr namazını dayım başlayanda elə başlardı ki, müəzzin Molla Kərim (ya sonralar Molla Baxşəli) minarədən yerə düşsün.

Gözlədim, dayım namazını qurtardı. Eləcə xəta oldu ki, dayımdan bu namazın hansı namaz olduğunu soruşdum. Burada rəhmətlik, əvvələn, başladı məni məzəmmət eləməyə ki, mən on bir yaşa çatmışam və hələ indiyədək “Cəfəri-təyyar” namazını eşitməmişəm. Və başladı mənə çox bir tənli və acıqlı səslə vəz etməyə ki, “Cəfəri-təyyar” namazı dörd rükətdir. Və əvvəlinci rükətində iki dəfə salam zikr olunur. Fatihə surəsindən sonra “iza zül-zülət” surəsi oxunur və ikinci rükətində fatihədən sonra “qül hüvəllahü əhəd” və rükudan qabaq on beş dəfə oxunur: “sübhanallah əlhəmdülillah və lailahə-illəllah və allahu əkbər”. Və dəxi nə gərək oxuna və neçə dəfə nə oxuna... Və biçarə qoca dayım başladı genə neçə dəfə “sübhanallah vəllahü əkbər” dualarını saymağa.

Yadımdan çıxmır ki, burada xalaoğlum Əhməd başladı gülməyə. Dayım başmaq tayını götürdü atdı onun dalıyca. Başmaq tayı getdi Əhmədin əvəzində dəydi dayıcanımın alnına. Biçarə arvad əlini alnına basıb elə oradaca qaldı.

Bir qədər keçdi, dayım qəlyan istədi və bilmirəm həmin övqat-təlxlikdənmi səbəb oldu, ya qeyr bir səbəb oldu, ancaq dayım bir qədər yumşaldı və məni yavıq çağırıb başladı nəsihətini:

-     Bala, sən hələ uşaqsan. Mən demirəm ki, bu namazların hamısını sən də gərək qılasan, çünki sən hələ uşaqsan, qıla bilməzsən, hamısını qıla bilməzsən. Və dünən hacı Molla Tağı məsciddə moizə eləyəndə fərmayiş buyurdu ki, uşaqlara bu namazların hamısı caiz deyil. Ancaq sənə yomiyyə namazını qılmaq kifayətdi, amma bəşərtiha-bəşürutiha[vi] ki, qəzaya qoymayasan. Yoxsa doğrusu dünən mən səndən çox incidim, çünki dünən gün qalxmışdı, sən hələ, qırışmal, şirin yuxuda idin.

Dayım qəlyanı sümürüb baxdı üzümə və bilmirəm nə fikir elədisə arvadının kefini soruşdu və mənə dedi:

-     Bala, heç eyib eləməz ki, insan dünyada elmli ola. İndi mən görürəm ki, sən hələ namazların daha pisini-yaxşısını bilmirsən, amma indidən bilməyin heç eyb gətirməz. Zira ki, o vaxt ki, özünü tanıdın, yekəldin – bir də görəcəksən ki, sənin boynunda böyük təkliflər var. Məsələn, bax, indi mən sənə “Cəfəri-təyyar” rəziyəllahın namazını təlim etdim. Sən elə güman eləmə ki, namazlar tək bununla qurtardı, getdi. Onu heç kəs demir ki, dəxi yoxdur, onu bircə binamazlar deyə bilərlər. O adamlar deyə bilərlər ki, yavaş-yavaş onların qəlbi gəldikcə kəsafət bağlayır. Onlar istəmirlər ki, bunu bilələr və başa düşələr ki, bu beş günlük dünya ibarətdir Allah-taalanın göstərdiyi yol ilə getməkdən və Məhəmməd rəsulillah bizə gətirdiyi şəriəti əziz tutmaqdan. Və bu şəriətdə bizə çox-çox namazlar təyin ediblər ki, onları biz əda etməsək, vallah, billah, taallah bizə qeyri bir nicat yolu yoxdur, yox, yox, yox. Bəs dəxi o hansı namazlardır?

-     Qulağın məndədi, ya yox? Əvvələn, həzrət peyğəmbərin namazıdır ki, ibarət ola iki rükətdən: hər rükətdə bir fatihə və on-on beş dəfə “inna ənzəlna” oxuya gərək. Habelə rükuə gedəndə on beş dəfə “inna ənzəlna”, habelə hər dəfə rükudan və sücuddan qalxdıqda on beş dəfə “inna ənzəlna” oxuya gərək. Bu bir. İkinci, həzrət əmirəlmömünin namazı dörd rükətdir ki, hər rükətdə bir dəfə fatihə və əlli dəfə “qül hüvəllahü əhəd” oxuna gərək. Üçüncü, həzərt Fatimeyi-Zəhra namazıdır. Bu da iki rükətdir. Burada fatihədən sonra yüz dəfə “inna ənzəlna” və yüz dəfə “qül hüvəllahü əhəd” oxuna. İkinci rükətdə bu saydıqlarım gündəlik namazlardır. Dördüncü, mahi-mübarək rəməzan ayının nafilə namazlarıdır ki, ibarət olsun min rükətdən ki, bunun təfsilatını inşallah rəməzan ayı daxil olanda sənə nağıl elərəm. Sonra, qulağın məndə olsun, - bu saydığım namazlardan savayı, islam ümməti üçün genə bir çox namazlar qərar verilibdir. Məsələn, nəmazi-məbəs ki, rəcəb ayının iyirmi yeddisindədir ki, ibarət ola on iki rükətdən. Sonra bösət namazı, on iki rükət mübahilə namazıdır ki, zilhiccənin iyirmi dördündə qılınır. Sonra ziyarət namazıdır, rəğayib namazıdır, şəbanın on beşinci gecəsinin namazıdır, rəcəbin on beşinci gecəsinin namazıdır, eydi-mahi-rəməzan namazıdır, qəflət namazıdır, tövbə namazıdır, aşura namazıdır, eydi-novruz namazıdır...

Burada məni yuxu tutur.

Çün bu sətirləri oxuyan mənim möhtərəm oxucularım, şəkk yox ki, burada rəvayət olunan keyfiyyətlərə inanacaqlar, çünki Allah şahiddir ki, burada bir zərrə qədər xilaf yoxdur, elə də onlar görəcək ki, mənim haman qaranlıq əsrimin mömün müsəlmanları gecə və gündüz vaxtlarının çox hissəsini namaza həsr etmişlər. O ki qaldı mənim kimi uşaq tayfası, onların da bir paraları – necə ki, mən biçarə, - atalarının və əmilərinin təsiri altında bu namazların cümləsini də olmasa, çox hissəsini qılmağa məcbur olurdular. Ancaq bu söhbət ilin adi on bir ayı barəsindədir.

Amma bunu mən indi də qorxa-qorxa deyirəm ki, ilimizin aylarının içində bir şərafətli ay var ki, haman ayı indi mən yadıma salanda canıma lərzə düşür. Amma o vaxtlar mən və qeyri mömün bəndələr cərgəsində haman mübarək ayın daxil olmağını damların üstündə istiqbal edirdik. Haman şərafətli ayın adı mahi-mübarəki-rəməzandır. Və o ay mənim üçün indi böyük bir yadigardır. Səbəb budur ki, indi mən düşünürəm ki, o mübarək ayın mənə və mənim əziz valideynimə xeyri o olubdur ki, o biçarələr və həmçinin vətənimin onlar tək binəvaları haman mübarək ayın uzun gecələrini yatmayıb səhərə kimi namaz qılıblar. O namazların adı nafileyi-mahi-mübarəki-rəməzandır. Bu namazların qeyri vacibi və sünnəti namazlara nisbətən təfavütü budur ki, onların genə rükətinin sayı və hesabı var, amma rəməzan ayının nafilə namazlarının haqq-hesabı yoxdur. Çünki Fazili-Dərbəndinin rəyincə rəməzan ayının birindən on doqquzunadək hər gecə üç yüz rükət namaz gərək qılasan. Amma müctəhid Məməqaninin risaləsində nafileyi-mahi-mübarəki-rəməzanın qədəri birindən on doqquzunadək hər gecə həştad rükət yazılır. Ancaq nuzdəhhüm, bistü yekküm və bistü seyyüm gecələri hər gecə üç yüz rükət yazılıbdır.

Və bunu mən kəmali-sədaqətlə ərz edirəm ki, mən uşaqlıqda rəməzanın uzun gecələrini rahat yatmamışam və nə qədər ki, namazı qılmağı təlim almamışdım, dayımın və valideynimin etikafına tamaşa edirdim. Və uşaqlığımın şirin yuxusu gəlib məni basanda cəhənnəmin əqrəblərinin qorxusundan gözlərimi açardım və görərdim ki, dayım, atam, anam və qonşuluqda yaşayan yenə bir neçə mömün və mömünələr namaz qılırlar. Axşamdan-səhərə kimi namaz qılırdılar; nafilə namazını qılardılar.

Və elə ki, axırda mən də böyüyüb on iki-on üç yaşa çatdım, mən də haman rəməzan gecələri, həmin mömün və mömünələrlə nafilə namazlarını qılmağa şərik oldum və şərik olduqda, söz yox, cənnətin naz və nemətlərinə də şərik oldum. Haman cənnətin ki, “tücri min təhtihəl-ənhar”, hələ bəlkə “zəvaci mütəhhirə”. Dəxi o vaxt əzvacın da mənasını mənə dindar müdərrislərim öyrətmişdilər.

Bu söhbətlər hələ rəməzanın birindən on səkkizinədəkdir. O ki, qaldı rəməzanın on doqquzundan axırınadək, bu barədə də müfəssəl söhbətimi orucluq dəstgahının rəvayətinə buraxıram ki, bundan sonra ərz olunacaqdır.

Söz buradadır ki, bu qədər əhəmiyyət ki, rəməzanın on doqquzundan axırınadək verilir, bu qədər nafilə namazı ki, ibarət olsun gecədə üç yüz rükətdən ki, on doqquzundan axırınadək hər gecə qılınır, - bunu əsl illəti buradadır ki, hər rəməzanın həmin hissəsinin gecələrinin biri qədr gecəsidir ki, islam ümməti indiyədək haman qədr gecəsini axtarmaqdadır. Və bunu indi qeyd edirəm ki, haman gecəni bu günə kimi mömün bəndələr hələ yenə tapmayıblar.

Və lakin çün qədr gecəsinin söhbəti rəməzan söhbətinə daxildir, bu təfsilatı gələn hissəyə buraxıram və keçirəm genə namaz fəqərəsinə.

Qurtardımı namazlar? Və indiyədək söylədiyimiz namazları əgər bir nəfər mömün bəndə qılıb qurtarmış olsa, dəxi onun üçün genə qılınmamış namaz qalıbdırmı, ya yox?

Baxaq görək.

Və mən bu sətirləri indi yazanda özüm də deyirəm bəlkə dəxi qurtardı getdi? Bəlkə dəxi bu qədər namazları ki, mənim mömin vətəndaşlarım və din qardaşlarım o vədə qılırmışlar, bəlkə dəxi bununla onların təklifi qurtarır? Bəlkə indi onları əməli-salehlər cərgəsinə daxil etmək olar? Bəlkə dəxi bu namazlardan başqa, Allah-taala dəxi onlardan qeyri bir namaz tələb eləmir?!

Heyhat! Sənin xaliqin səni xəlq etməyibdir, məgər ondan ötrü ki, onun sirlərini dərk etməyə qadir olasan! Və illa hər bir mövcudatın bir müəyyən təklifi vardır və cəmi kainat ki, xudavəndi-aləm tərəfindən vücuda gəlibdir, bunların hərəsi bir amil dərəcəsindədir ki, təbiətin ehkamını hər bir yaranmış öz dairəsində əmələ gətirsin. Və bu dəstgahın genə əvvəl və axır sahibi necə ki, cəmi vacibül-vücudun xaliqi haman pərvərdigari-aləmdir ki, gözə görünməyən mənbədən və idrakımız çatmayan göylərdən yer üzünə barani-rəhmət[vii] göndərir.

Haman barani-rəhmət ki, mənim zavallı vətənimdə necə ki, Kərbəla meydanında o baranın bir qətrəsi abi-həyat mənziləsində idi, bunun ləzzəti bu idi. Mənim o vədəki vətənimin zariləri, suyun qıtlığından yay zamanları gecə və gündüz əlləri duada, barani-rəhmət gözlərdilər və şəhərin də əhalisi gecə və gündüz meyvə ağaclarını və səbziyyatı suvarmaq üçün gecə və gündüz əlləri duada Allahdan yağış istərdilər, yağış həftələrlə və bəlkə aylarla yağmazdı. Və susuzluqdan bitkiləri qurudub yandırmaq xasiyyətini genə Allah-taala özü təyin edibdir. Niyə təyin edibdir, özü bilər. Və girəm ki, təbiətin bi xasiyyəti vücudilə hədsiz və hesabsız mömün bəndələrin və məsum əkinçi əhalinin məhsulatı quruyub yanacaqdır və insanlara bu quraqlıqdan qıtlıq və aclıq üz verəcəkdir və zavallı zəhmətkeşlərin zəhmətləri səmərəsiz qalacaqlar və bu aclıqdan bir çox uşaqlar ağlayacaq, - bunlar hamısı öz yerində; bunlar genə haman cənab Allahın öz işidir. Və biz bəndələrin təklifi genə dinməməkdir. Və o dəqiqə mənim zavallı vətəndaşlarımın təklifi genə dinməmək idi və necə ki, dinmirdilər.

Bari-pərvərdigara, bəs sənin onlara necə rəhmin gəlmir? Onlar ki, sənin yolunda bir gecə və gündüzün ərzində neçə yüz rükət namaz qılırlar. Onların alınlarında möhr yer eləyibdir. Onlar hətta nafilə namazlarını sənin qorxundan cabəca[viii] edirlər. Bəs zəhi[ix] nainsaflıqdır ki, sən onların ziraətini yandırasan və namütənahi yağış anbarlarından mömün bəndələrinə müftə yağışını müzayiqə edəsən! Niyə belə eləyirsən? Yoxsa onların həddi və hesabı olmayan dindarlıqlarına, qorxaqlıqlarına və savadsızlıqlarına və məlumatsızlıqlarına arxayınsan? Ona arxayınsan ki, bu işlərin mahiyyətini və sirrini duymayacaqlar? Çünki onlar bilməyənlərdirlər?

Xudaya, ləbbeyk! Bizə yağış!

Və yadıma salıram o günləri ki, şəhərimizin əhalisi zirü-cavan, kişi və övrət, qoca və uşaq, hətta dörd ayaqlılar, şəhərin kənarına axnaşıb getməkdədir. Bir həngamədir ki, gəlib görəsən!

Xudaya, bizə yağış!

Şəhərin bütün əhalisi şəhərin kənarında, səhradadır. Bu gün düşənbədir. Hamı orucdur. Və mən də və mən tək cəmi səkkiz yaşındakı uşaqlar da orucdurlar. Üç gündür ki, orucuq. Axund Molla Tağı, yəni şəhərimizin birinci vaizi və qazısı və fazili şənbə günündən xəbər veribdir ki, üç günü – şənbəni, yekşənbəni, düşənbəni cəmi mömünlər oruc tutsunlar ki, bu gün, düşənbə günü, yəni üç günlük etikafdan sonra müsəllaya çıxsınlar. Bu gün şəhərin cəmi insanları səhraya köçməkdədir. Hamı payı-piyadə, ayaqyalın və hətta dizə kimi çərmənmiş... Havanın şiddətli istisinin, yayın gününün təsirindən yerə ayaq basmaq mümkün deyil. Gör nə qiyamətdir ki, bütün yayı havaya nəinki rütübət, bəlkə bir parça da bulud gəlməyib. Cəmi nəbatat quruyub xəzəl olmaqdadır.

Xudaya, bizə yağış! Ləbbeyk!

Elə ki, mömün bəndələr, mollalar, səf-səf hacılar, dəstə-dəstə məşədi və kərbəlayılar səf-səf “xüzuxüşu”la “əstəğfürulla, rəbbi və ətubi ileyh” deyə-deyə səhraya cəm oldular, Qazı Axund Molla Tağı çıxdı uca bir daşın üstə, əvvəl bir xütbə oxudu və sonra üzünü camaata tutub əllərini ölçə-ölçə çox tənəli bir səslə başladı moizəsini:

-     Hə! Hə! Gələrsiz, gələrsiz, ağlarsız, ağlarsız, hə! Ya eyyühəl-insan! Bir vaxt var idi ki, barani-rəhmət yağanda, siz öz evlərinizdə qiymətli fərşlər üstündə əyləşib deyirdiniz, xub, biz yomiyyə namazını əda etdik, bir qeyri vacibi və sünnəti namazları cabəca etdik. Bizə təklif olunan namazların cümləsini qəzaya qoymuyub yerinə yetirdik... hə! Ya eyyühəl-insan, siz mütməin oturmuşdunuz evlərinizdə, ta demirdiniz ki, bu nə bəladır ki, nazil olubdur ki, dağlar və daşlar da quraqlıqdan od tutub yanır. Hə! Bəs siz bilmirsiniz xudavəndi-aləmsizləri xəlq edəndə iki göz verib ki, cəll-cəlalın dəstgahına tamaşa edəsiniz və sizə əql kəramət edibdir ki, o əqlin vasitəsilə bunu dərk edəsiniz ki, xudavəndi-aləmin ehkamını yerinə yetirməyincə ondan nicat gözləmək mümkün olmaz? Hə! Barani-rəhmət! İndi sizə barani-rəhmət lüzumu görsəndi. Bəs bu barani-rəhmətin müqabilində hanı sizdən sadir olan xüzu və xüşu? Hanı tövbə və istiğfarınız və nəyə arxayınsınız? Yoxsa o beş-on rükət yomiyyə namazına arxayınsınız? Yoxsa neçə yüz rükət qeyri namazlara arxayınsınız? Yoxsa bir neçə min rükət nafilə namazlarına mütməinsiniz ki, dəxi cəmi təkliflər sizdən mürtəfe oldular? Heyhat! Necə qəflət, necə qəflət! bəs o necə olacaq ki, bir gün ki, onun adı ruzi-məhşərdir, o vədə sizin hamınızı ərseyi-mizani-tərazüyə çəkəcəklər və orada sizi məhşur edəcəklər və bu dünyada qıldığınız namazlar barəsində sizdən sual-cavab edəcəklər? Ol vaxt ki, qiyamət gününün şəhidləri ki, ibarət olsun ənbiya və övsiyadan, cənab həqqin hüzurunda hazır olacaqlar. O vaxt hatifdən səda gələcək: “Hazır olsun bu məclisdə lövh vəl qələm”. Və elə ki, qələm burada Adəm surətində hazır oldu, həqqi-sübhani və təalidən ona xitab olunacaq: “Ya qələm, zəmani ki, mənim vəhyim sənə ilham olundu ki, cəmi məxluqatın əməllərini öz lövhünə yaz, aya sən yazmısanmı, ya yox?” Onda qələm cavab verəcək ki, “nəm (bəli), yazmışam”. Xudavəndi-aləm burada qələmdən şahid istəyəcək. Və qələm burada İsrafili şahid göstərəcək. Sonra Xudavəndi-aləmdən xitab olunacaq ki, İsrafili hüzura gətirsinlər. Elə ki, İsrafil hüzura gəldi, ondan sual olunacaq ki, aya sən şahid ola bilərsənmi ki, məxluqatın nameyi-emalını qələm öz lövhünə yazmış ola? Və əgər ona şahidsən, pəs həmin nameyi-emalı sən öz yerinə yetirmisənmi, ya yox? Burada İsrafil cavab verəcək ki, “nəm (bəli), mən lövhdə yazılan nameyi-emalı yetirmişəm Cəbrayilə. Çağırın gəlsin Cəbrayili”. Elə ki, Cəbrayil də hazır olur, ona da bu sualı verəndə, o da cavab verir ki: “nəm (bəli), mən lövhdə yazılan nameyi-əmalı yetirmişəm cəmi ülülözm peyğəmbərlərə ki, axırıncı ibarət olsun Məhəmməd-ibni-Əbdüllahil-ərəbiyyil-qüreyşil-hərəmidən”.

Camaat burada başına döyür və ağlayır. Və müsibəta!..

Axırda xatəmül-ənbiya ortalığa təşrif gətirib xəllaqül-aləmə ərz edir ki:

- Xudaya, mənim ümmətim sənin dərgahında şərmsardır. Ol səbəbə ki, onlar cəmi vacibi namazları əda etdilər, hətta rəməzanül-mübarək ayının nuzdəhhümdən başlamış otuzuncu gününə kimi gecələr, axşamdan ta sübhədək yatmadılar. Böyük və kiçik – hətta bu sətirləri cızma-qaralayan səkkiz yaşındakı uşaqlar da, - dayılarının qorxusundan gündüzlər on səkkiz saat yay günləri susuz qalıb, gecələri də üç yüz rükət nafilə namazı qıldılar və qeyri namazların da cəmisini yerinə yetirdilər. Ancaq bu qaranlıq məmləkətdə tək bircə bədbəxtlik üz verdi ki, o da ibarət ola ondan ki, bu bədbəxtlər “tələbi-baran”[x] namazını unudub qılmadılar. Və müsibəta! Və məhz həmin məsiyətin nəticəsidir ki, indi sənin də bu camaata qəzəbin tutub. Yayın bu şiddətli istisində neçə aydır ki, bu fəqirlərin ziraətini[xi] susuz qoymusan və o müftə yağış anbarlarından bunlara yağış göndərmirsən ki, bu vilayətdə gələcəkdə qıtlıq əmələ gəlməsin və mömün bəndələrin acından ağlaşmasınlar.

Camaat uşaq kimi “vay-vay” deyib ağlayır.

Burada Axund Molla Tağı durdu namaza, üzünü qibləyə çöndərdi. Camaat ona iqtida elədi. Axund üç dəfə bir-birinin dalıyca ucadan və bəlağətlə dedi: “allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd” və sonra başladı namazı. Haman iki rükətdən ibarət adi namaz idi. Bircə təfavütü bu idi ki, qunut vaxtı bu duanı tək oxudu: “Allahümmə ibadükə”.

Namazı qurtarandan sonra Axund Molla Tağı yeridi bir az da qabağa Ridasının[xii] sağ ətəyini sol çiyninə atdı, ridasının sol ətəyini sağ çiyninə atdı və iki xütbə oxudu və üzünü qibləyə tutub başladı tövbə eləməyə və yüz dəfə bir-birinin dalıyca dedi: “əstəğfürulla rəbbi və ətubi ileyh”. Bunu yüz dəfə dedikdə camaat da onu təkrar edirdilər. Və ondan sonra yüz dəfə “sübhanallah” və yenə yüz dəfə “lailahəilləllah”. Və axırda üzünü camaata tərəf çöndərdi və fatihə surəsini oxuyub və camaat da fatihə deyib hamı gözlərinin yaşını silə-silə evinə dağılmağa başladı.

Bununla tələbi-baran namazı qılındı, tamam oldu.

 

 

MEYİD  BÜSATI

Məlum şeydir ki, indiyədək saydığımız ibadətlər ki, növ-növ namazdan ibarət olsun, məhz ondan ötrüdür ki, insan öləndən sonra axirətdə mizan-tərəzi qurulanda yaxşı imtahan versin və bu imtahana görə lazımi mükafat alsın ki, o da ibarət ola cənnətə daxil olmaqdan və cəhənnəmin əzabından uzaq olmaqdan.

Nə qədər ki, mömün bəndə hali-həyatdadır, qiyamət gününün qeydinə özü qalır, çünki hali-həyatdadır, muxtardır, qadirdir və mükəlləfdir. Amma elə ki, mömün bəndə mövtə tərəf üz qoydu, o vədə çün ona icz üz verir, bir tərəfdən də həşr haqq-hesabını verməyə yavıqlaşmaqda olur. Onunçün də onun əqrəbası və mömün vətəndaşları onun qeydinə qalırlar, hər vəsilə ilə təlaş edirlər ki, onu axirət evinə hər bir günahdan ari və üzü ağ göndərsinlər. Və çün hər bir mömün bəndənin nicatı yolunda bari-pərvərdigara dua və sənada bulunmağın, hər bir mömün bəndənin özünə də feyzi var, onunçün də mömün bəndə məriz olub haləti-nəzə yetişən andan ta qəbr evinə tapşırılanadək və dəfndən sonra və vəfatın ərbəininədək və sonralar hər pəncşənbə axşamı qəbir üstə Quran surəsi tilavət edirlər, mərhumu yad-bud eləyirlər. Mütəvəffanın əqrəbası və mömün vətəndaşları o qədər həmdü-səna, xeyr-dua edir və o qədər Allahı çağırmaqda olurlar ki, ağlım bavər etmir[xiii] ki, bu qədər ibadətin, razi-niyazın müqabilində nə inkir-minkir mərhuma artıq bir əziyyət verə, nə də ruzi-məhşər gününün şahidləri hesab olunan övliyə və övsiya mərhumu öz lütf və mərhəmətlərindən kənar tutalar. Onun üçün mənim mömün vətəndaşlarımın birinin axır nəfəsi çıxan kimi, əvvələn, onun evi bir məscidə təşbih olardı. Mərhum özü bir imam övladı dərəcəsində əlahiddə bir qüdsiyyət kəsb edərdi və onun ölüm xəbəri evdən eşiyə çıxan kimi damın üstündə müəzzin tərəfindən axirət müjdəsi “inna lillahi və inna ileyhi raciun” şüarı şəhərə yayılıb mömün bəndələri haman dəqiqə mərhumun mənzilinə cəlb elərdi ki, cəm olsunlar və onu elə bir təntənəli dua və sənalı axirət evinə müşayiət eləsinlər ki, mərhum Hacı Hüseynəli mərd-mərdana puli-siratı keçib, guldurum gurub düşsün behiştin hurilərinin qucağına.

Hələ mərhum Hacı Hüseynəlinin axır nəfəsi çıxmamışdan, hələ haləti-nəzdə idi ki, yanındakı qohum-əqrəbası bunun üzünü qibləyə çöndərdilər və təşvişə düşdülər ki, Quran oxuyan gəlsin, Quran oxusun. Bir qeyri adam ələ düşmədi. Qonşuluqda divar dibində başmaq yamayan pinəçi Molla Məmişi tapıb gətirdilər. Bu da yekə cırıq Quranı kürkünün altından çıxartdı və başladı avazla oxumağa. “Əuzu billahi minəş-şeytanir-rəcim, bismillahir-rəhmanir-rəhim, yüsəbbihü lillahi ma fis-səmavati vəma fil-ərzi”. Bu surəni o qədər oxudu ki, Hacı Molla Tağı da özünü yetirdi. Molla Əli gəldi, çıxdı damın üstünə. Molla Baxşəli də minacatı başladı və bu qədər əsl mollaların vücudilə pinəçi Molla Məmişin Quran oxumağı yaddan çıxdı.

Bununla bərabər demək olmaz ki, pinəçi Molla Məmiş az iş gördü. Xeyr, onun xidməti çox oldu, çünki öz vaxtında Molla Məmiş mərhum Hacı Hüseynəlinin qulağına yetirdi ki, ey rəhmətlik, müqəddəs Quranımızın “təğabün” surəsində xəbər verilibdir ki, hər bir şey dünyada gecə və gündüz, yerdə və göylərdə xudavəndi-aləmə ibadət edir. “Fəminküm kafirün fəminküm mömünin”: kafir də ibadət edir, mömün də ibadət edir. Bəs indi sən də xəbərdar ol, ey mərhum Hacı Hüseynəli...

Əlbəttə, o yaranmışlar ki, onlar aləmi-zərrdən müttəli və müxbirdirlər[xiv] və ölülərin dilini bilirlər, o yaranmışlar yəqin eşidirlər ki, burada Hacı Hüseynəli pinəçi Molla Məmişin Quran ibarəsinin cavabında belə deyir. Deyir:

-     Ay bəndeyi-xuda, mən biçarə ki, bütüm ömrümdə altı-yeddi yaşından başlamış bir gün olmayıb ki, yomiyyə namazını qəzaya qoyam, qeyri vacibi namazları əda etməyəm, nəvafili-yomiyyəni qılmıyam, əzrət əmirəlmömünin namazını qılmıyam, Həzrəti-Fatimənin namazını qılmıyam, Cəfəri-təyyarı əda etməyəm, əraci namazını qılmıyam, nəmazi-istisqanı unudam, nəmazi-eydi-qədirə etina etmiyəm və hər ayın əvvəlinin onuncu gününün namazını qılmıyam və bunların hamısı keçəndən sonra bütün ömrümdə bir gün də olmayıb ki, mahü-mübarək rəməzanın bir gününün orucunu batil eləyim və bir gecəsini ehya saxlamıyam və nöz dəhhümdən axırınadək mahin-rəməzanın altı yüz altmış altı rükət nafilə namazını hər gecə axşamdan səhərədək şirin yuxunu özümə haram edib cabəca etməmiş olum. Bəs ay rəhmətliyin oğlu, pinəçi Molla Məmiş, indi dəxi sənin o cırıq və çirkli-mirkli müqəddəs Quranının təğabün surəsi məndən nə istəyir? Bari qoyun bu dünyadan o dünyaya gedən yerdə və puli-siratdan keçən yerdə bir-iki saniyənin müddətində insancasına azad olum.

İnsanca azad olum!..

Molla Kərimin azanı şəhərin bütün camaatını yarım saatın ərzində Hacı Hüseynəlinin evinə və həyətinə topladı. Plov qazanları üçün hacının həyətində ocaq yeri qazılır və haman dəmdə də qəbiristanda Hacı Hüseynəlinin qəbiri qazılır. Şəhərin cəmi əmmaməliləri haman saat qarğa-quzğuntək buraya cəm olubdur. Onlar bu gün plov yeyəcəklər. Şəhərin cəmi balaca uşaqları bura qarğa-quzğuntək cəm olublar. Bunlar qəbiristanda halva qapacaqlar. Şəhərin cəmi mömünləri buraya cəm olub, Quranın “yasin” parələrini oxuyurlar. Bunlar da plov yeyəcəklər. Meyidə qüsl verilir, kəfən biçilir, tabuta qoyulur, meyidi aparırlar. Şəhərin qeyri camaatı cənazəni müşayiət edir, çünki üç dənə plov qazanı asılıb, hərəsi iki putluq. Məscid həyətində cənazəni qoyurlar ortalığa və camaat namaza durur.

Bu da meyid namazıdır. Bu haman namazdır ki, bu sətirləri indi burada cızma-qara eləyən, həmin namazı ta uşaqlıqdan başlayıb, milyon dəfə onu qılmağa məcbur olubdur.

“Məcbur olub” deməkdə, mənim bu barədə bir neçə sözüm var.

Meyid namazı vacibi namazlar cərgəsində sayılır. Bu namaz ilə qeyri vacibi və sünnəti namazların fərqi budur ki, meyid namazı həmişə camaatla və camaatın nəzərində qılınır. Bu namaz ondan ötrü hörmətli və əhəmiyyətlidir ki, mütəvvəffanın mömün vətəndaşları bu namazı qılmaqda Allah-taaladan iltimas edirlər ki, mərhumun günahlarını bağışlasın və mümkün olduqca onu cənnətin nemətlərindən uzaq tutmasın. Onunçün meyid namazını qılmaq hər bir vətəndaşın birinci vəzifəsi hesab olunur. Onunçün bəndə də minlərcə vəfat etmiş mömün bəndələrin din qardaşı, minlərcə meyid namazını qılmışam. Şövq ilə də qılmışam, məcburən də qılmışam.

Şövqlə ondan ötrü qılmışam ki, necə ki, cəmi namazları, habelə meyid namazını əda etməyin növ-növ feyzi vardır ki, min dəfələrlə vaizlərin moizəsində eşitmişik.

Məcburi də ondan ötrü qılmışam ki, bu namaz – necə ki, ərz olundu, - camaat namazıdır; camaatın nəzərində qılınan namazlardandır, hər bir hazirunə vacib olan namazlardandır. Və bir surətdə camaat içində bir ölünü yad-bud edib onun mərasimi-dəfninə gəlmisən, dəxi o vaxt ki, camaat yenicə namaza durubdur, sən tək bircə onlardan ayrılıb özünü kənarda saxlayanda mömünlərin nəzərində kəmetiqad görükəcəksən. Onunçün də mən çox vaxt meyid namazında məcburən iştirak etmişəm. Necə məndən savayı həmin sətirləri oxuyan yoldaşların əksəri mən tək xalqın nəzərində kəmetiqadlar cərgəsinə düşməməkdən ötrü meyid namazı qılanların cərgəsində durub özlərini namaz qılanlara oxşadıblar ki, mömün bəndələr içində onun ehtiramı azalmasın. Ta o dərəcəyə kimi ki, indiki əsrdə də camaatımızın işıqlanmışları və belə-belə çərən-pərənin mənasını dərk edənlər – oxumuşlarımız, ədiblərimiz və sair qanacaqlılarımız yenə məscid həyətlərində meyid namazı qılanların cərgəsində durmaqdan özlərini xilas edə bilmirlər.

Mən ki, - qeyriləri ilə işim yoxdur, - ancaq meyid namazını altı-yeddi yaşımdan başlamış ta indiyədək o qədər mömün müsəlman bəndələrinin cənazəsini pak və münəzzəh[xv] etmək qəsdilə qeyri-iman din qardaşlarımın cərgəsində qılmışam ki, dəxi bu namazın ibarəsini əzbər bilirəm.

“Allahü əkbər... Əşhədü-ən lailahə-illəllah, vəhdəhüla şərikə ləhü, allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd və barik əla Mühəmməd... Allahü əkbər...”

Sən hesab edirsən ki, namazı qılıb qurtarandan sonra cənazəni götürüb aparırlar qəbiristana, orada mərhum Hüseynəlini dəfn edirlər və qayıdıb gedirlər hərə öz kəsbkarına. Əlbəttə, sən səhv edirsən, çünki əgər sən dediyin kimi olsa idi, onda nə Mərhum Hacı Hüseynəlini o cür ehtiramla məhşər gününün şahidləri imtahandan çıxarıb cənnətin qəbzini ona əla mükafatla verəcək idilər, nə mərhumun diri vətəndaşları bu dünyada o qədər feyziyab olacaq idilər. Nə qədər ki, mərhum Hacı Hüseynəlinin dəfn olunmağı sayəsində feyziyab oldular; savayı ondan ki, yaxşıca çay, qəhvə, plov və genə çay və genə plov...

Mərhum Hacını dəfn etmək üçün şəhərin, yalan olmasa, yarısı onun evinə cəm olmuşdu. Həqiqət halda qəbiristana aparmayınca mərhumun nəşini yumağa və qəbirini qazmağa dörd nəfər hambal lazımdır. Və intahası iki-üç vaxt kifayətdir. Bunun əvəzində şəhərin əqəllən[xvi] dörd yüz nəfəri, dörd gün Hacı Hüseynəlinin ruhsuz bədənin qəbirə qoymağa və axirət evinə göndərməyə və axirətdə və cənnətin qapısından iltica və iltimas etməyə məşğul oldular. Bu dörd günün ərzində mərhumun həyətinin ağacları, torpaqları və daşları da Allahı çağırmaqda iştirak edirdilər və dörd günün ərzində mənim əhli-iman vətəndaşlarımın gözlərindən axıdılan göz yaşlarını tərəziyə qoyub çəkmək mümkün olsaydı, görəsən, neçə xalvar edərdi?

Kim idi ağlayanlar? Elə güman etməyin ki, Hacının əqrəbası idi. Ağlayanlar Hacının təziyəsinə cəm olan dörd yüz nəfər mömün Allah bəndələri idi. Kimə onlar ağlayırdılar? Kərbəla meydanında iki ərəb sərkərdələrinin bir-birilə dava edib basılan və ölülərinə (Atalar sözü: iki dava eliyənin biri basar, biri basılar. Bunlara ağlayanın da xəlbiri divardan asılar).

Xülaseyi-kəlam, məqsəd Hacı Hüseynəlinin matəm büsatına tul və təfsil vermək deyil. O qədər də bunun oxuculara dilxoşluğu olmaya gərək. Məqsəd bunu ərz etməkdir ki, Allah-taala bizə təyin edən və peyğəmbəri xatami-ənbiya[xvii] və onun vəli-vəsiləri[xviii] və imam və müctəhidləri bizə xəbər verən namazların içində ən vacib və ən mühüm və ən hörmətli və izzətli meyid namazını mən ta yeddi yaşımdan bu vaxtadək o qədər qılmışam ki, onun haqq-hesabı yoxdur. Necə ki, yəqin edirəm ki, məndən savayı mənim cəmi vətəndaşlarım və din qardaşlarım bu namazı məntək haqq-hesabsız qılıblar. Hal-hazırı söyləsək, həmin meyid namazını mənim vətəndaşlarım – istər bazar əsnafı, istər maarif dostları – genə camaatın nəzərində özlərini bu namazı məscid həyətlərində qılanlar cərgəsinə daxil edirlər ki, avam camaatın nəzərində hörmətlərinə rəxnə toxunmasın.

 

ŞADLIQ  NAMAZI

- Bəs, ey mömün bəndə, sən elə xəyal eləmə ki, məhz matəm günündə sən gərək Allahı yada salasan, məhz ölü öləndə və yas quranda gərək xudavəndi-aləmi yad-bud eləyəsən. Bəs məgər sən bilmirsənmi ki, insan hər qədəm qoyduqca, hər nəfəs aldıqca pərvərdigari-aləmi özünə yavıq tuta gərək? Necə ki, şair əleyhürrəhmə deyibdir: “Hər nəfəsi ki firu mirəvəd, mümiddi həyat əst ki çün bərmiayəd müfərrih zat”. Bəs zatə fərəh verən nədir? Odur ki, sənin bu gün fərəh günündür, sən bu gün təəhhül qərar verirsən. bu gün sənin şadlıq günündür. Bu gün sən özünə ərus[xix] gətirirsən, sən bu gün eyş-işrətdəsən, bəs lazım deyilmi ki, bunu dərk eləyəsən ki, hər günün, hər saatın və hər halın bir sahibi var ki, ibarət olsun o gözə görünməyən yektadan ki, bizə matəmi də göndərən odur, şadlığı da əta edən odur; necə ki, hədsiz-hüsndə həzrəti-sadiq əleyhüssəlamdan nəql olunubdur ki, zifaf gecəsi iki rükət namaz və iki həmdullah əda edə gərək və namazdan sonra bu duanı oxuya: “Allahümmə üridi ən təzəvvücə fəqədir vəli minənnisai”.

Bu yuxarıda nağıl elədiyim sözlər haman sözlərdir ki, dayı oğlumun toyunda zifaf gecəsi – yəni o gecə ki, dayım mərsiyəxan Hacı Molla Vəlini çağırıb mərsiyə oxudurdu – Hacı Molla Vəli mərsiyədən qabaq yuxarıdakı moizəni camaata eləyirdi. Və elə ki, gəlin gəldi və camaat dağıldı, qaldı qohum-qardaş, dayım evlənən oğlunu çağırdı, köhnə bayazı aldı əlinə və oğluna başladı haman zifaf namazını təlim və məşq eləməyə. Niyyət filan və filan: təkbirətül-ehram, allahü əkbər, sonra qiyam, rüku, qiraət, sücud öz yerində. Bir rükət, iki rükət və sonra bu duanı oxumaq lazımdır: “Allahümmə üridü ən təzəvvücə fəqədir minənnisai... ilaxır”.

Və elə ki, qalan adamlar da dağıldı, qaldı bir-iki yengə və bir neçə yavıq qohumlarımız, evlənən dayım oğlu dəstəmaz aldı, müvafiqi-qaidə haman namazı qıldı, duanı oxudu və durdu ayağa təsbeh çevirə-çevirə və ağzında dua və sənanı vird edə-edə getdi təzə ərusinin yanına.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info