Qonaq Kitabı
ƏLİQULU QƏMKÜSAR

 

Məlum ki, Azərbaycanda müqtədir şairlərimiz yox olmayıbdır, ancaq şair Əliqulu Qəmküsar bizim məxsusi qələm yoldaşımızdır, belə ki, “Molla Nəsrəddin”in 3-cü ilindən, yəni 1908-ci sənədən başlayaraq, Qəmküsarın mənzum və mənsur əsərlərinə məqalə və şeirlərinə rast gəlmək olar. Şairimizin əvvəl illərdə “Xadimi-millət”, “Otaylı” və son illərdə “Cüvəllağı”, “Cüvəllağı bəy” təxəllüsləri məşhurdur. Belə ki, həmin təxəllüslərlə Qəmküsar yoldaşımız məcmuəmizdə iştirak edibdir.

Qiymətli Qəmküsar yoldaşımızın “Molla Nəsrəddin”də dərc etdiyi qüvvətli şeirlərdən biri məhərrəm təziyəsində əbləhanə baş yarmaq haqqında yazdığı:

 

Vəhşiyyətinə aləmi heyran eləyib, yar,

Yar, əhrimənim, yar qoçağım, yar igidim, yar! –

 

-     şeiridir ki, oxucularımızın çoxunun indi də əzbəridir. Bu əsər şairimizin fikrinin açıqlığını aşkar göstərir.

Bunu da qeyd etməyi lazım bilirik ki, “Molla Nəsrəddin”də iştirak edən şairlər cərgəsində Cüvəllağı yoldaşımız fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı. Bunun nəticəsidir ki, din ilə həmişə mübarizədə olan məcmuəmizə Qəmküsarın rəğbəti o dərəcədə qaldı ki, 1912-ci ildə Culfada öz şəxsi işlərini buraxıb, Tiflisə köçdü və bizlə yoldaşlıqda məcmuənin iştirakına felən məşğul oldu.

Fevral inqilabı yoldaşımız Qəmküsarı böyük bir həyəcana gətirir. Belə ki, sərvətin indiyədək zəhmətə hücumunu şairimiz “Molla Nəsrəddin”in 1917-ci sənəsinin 26-cı nömrəsində belə təsvir edir:

 

Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlı,

Füqəranı bəsdi, az soy, elə ictinab, varlı!

Həzər eylə rəncbərdən, ona bəsdi vurma noxta,

O yazıq əkinçilərdən bir utan, bir az da toxta!

Bu qədər yekəltmə qarnın, puluna güvənmə çox da,

Olu bir zaman çəkərlər sənilə hesab, varlı!

 

Nə qədər ki, məcmuəmizin adı söylənir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sırasında əziz yoldaşımız Əliqulu Qəmküsar – Cüvəllağı bəyin adı həmişə “zindəbad”[i] alqışları ilə zikr olunacaqdır.

 

C. Məmmədquluzadə.

“Molla Nəsrəddin”, 30 may, 1929, â„– 22



[i] Zindəbad – yaşasın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info