Qonaq Kitabı
SABİR BARƏSİNDƏ XATİRATIM

 

“Molla Nəsrəddin” məcmuəsi 1906-cı il aprel ayının yeddisində nəşrə başlayanda biz Sabiri tanımazdıq və Sabir adlı şairin varlığını eşitməmişdik. Əgər bizim şivəmizə yaraşan belə bir ləzzətli şairin dünyada olduğunu zənn etsə idik, birinci nömrəmizi onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq.

Sabirin birinci şeiri idarəmizə həmin vaxt gəlib çatmışdı ki, yeddinci nömrəni paylayıb səkkizincini hazırlamaqdaydıq.

Belə məlum oldu ki, qiymətli şairimiz yeddinci nömrədə “Niyə mən dərsdən qaçdım” sərlövhəli məqaləni oxuyub, bu barədə uşağın atasına həmin kinayəli cavab yazır ki, biz onu səkkizinci nömrədə çap etmişik:

 

Ol gün ki, sənə xaliq edər lütf bir övlad,

Olsun ürəyin şad!..

 

Bundan belə məlum olur ki, əziz yoldaşımızın məcmuəmizə gəlib çatan birinci əsəri həmin indi qeyd etdiyimiz mənzumədir və yeri düşübkən lazım bilirəm Sabirlə maraqlananlara iqrar edəm ki, məcmuəmizin dördüncü nömrəsində dərc olunan və “Hophopnamə”yə daxil olan “Millət necə tarac olur olsun, nə işim var?” adlı mənzuməni ki, bu saat camaatımız onu Sabirə isnad verir, Sabirin olduğunu mən inkar edirəm; əvvəla o səbəbə ki, həmin mənzumənin əl yazısı Sabirin xətti ilə yazılmamışdır; ikinci dəlilim budur ki, şeir özü – necə ki, şeir ustadları mülahizə edə bilər – bir qədər zəifdir və bəhər surət, Sabirə yaraşmır. Burada Sabir şivəsi və Sabir ruhu görükmür. Mənim həmin nəzəriyyəmin əksini bircə şairin dəsti-xətti təsdiq edə bilər. Əgər bir kəsdə varsa, zühura çıxmağı arzu olunur.

Necə ki, yuxarıda ərz olundu, Sabiri biz qabaqlarda tanımazdıq və həmin söylədiyimiz birinci əsəri Tiflisdə mətbəəmizə gətirən bir naməlum cavan oğlan oldu. Bu adam paket içində məktubu verir yoldaşımız Ömər Faiqə və qaçıb gedir. Faiq bir tərəfdən təəccüb edir və bəlkə o, məktubu bədxahlar tərəfindən bizə təhdid və söyüş zənn edir. Demə o, söyüş əvəzində - həmin dəyərli mənzumə imiş:

 

Ol gün ki, sənə xaliq edər lütf bir övlad,

Olsun ürəyin şad!..

 

Bəli, çap elədik.

Ancaq bəs bunu yazan kimdir? Ay yoldaş Faiq, niyə qaçdı o zalım oğlu, kimdir onu göndərən? (çünki əsər imzasız idi, “Hop-hop” imzasını idarəmiz qoydu).

Aha! Bir-iki həftə keçməmişdi, həmin naməlum oğlan yenə mətbəəmizə bir paket gətirir və Faiqə verir. Yenə qaçır gedir. Bu dəfə də paketin içindəki sovqat atanın dərs oxuyan oğlundan gileyidir: “Bilməm nə görübdür bizim oğlan oxumaqdan” ki, məcmuəmizin 11-ci nömrəsində dərc olunubdur.

“Aman günüdür, Faiq yoldaş tap o zalım oğlunu”. “Taparam, taparam, səbr et, yoldaşım, bir də gəlsə buraxmaram”.

Elə ki, bir həftə də ondan sonra həmin oğlan yenə o münval ilə əlində paket gəlir mətbəəyə və paketi qoyur, istəyir qayıda, yoldaşım Faiq bu dəfə düşür onun dalınca və aparır çıxardır erməni bazarında şamaxılı Şeyxovların xalça mağazasına.

Şeyxovlar əvvəlcə mətləbi açmaq istəmirmişlər, ancaq Ömər Faiqin təkidi ilə məsələni açırlar, ancaq bu şərt ilə ki, söhbət burada qalsın.

Demək biçarə Sabir mühitin şəraitini mülahizə etmək babətindən “Molla Nəsrəddin”də öz iştirakını nəhayət dərəcədə gizli tutmaq istəyirdi. Və xeyli bir zaman elə də oldu və bu səbəbdən də biz ona verdiyimiz “Hop-hop” təxəllüsünü sonralar özü dəyişib, müxtəlif imzalar qayırdı.

Həmin müxtəsər məqaləmizə bu bir neçə cümləni də artırmaq istərdik.

Sabir – bu təxəllüs altında bizim şairimiz deyil; Sabir eyni səbr və təhəmmül sahibi, dindar bir şairin təxəllüsüdür ki, dünyanın cövr və cəfasına, insanların günah və məsiyyətinə[i] mütəhəmmil olub, yaxşı dünyanın intizarında qalır ki, bu da iman və etiqad əhlinin qismətidir. Biz, necə ki, ərz olunub. Mirzə Ələkbərin Sabir təxəllüslü şair olduğunu bilmirdik. Onun üçün də “Hophopnamə” kitabında Sabirin “Sabir” təxəllüsü altında yazılarının dərcini görəndə ona əfsus etdik ki, “Daş qəlbli insanları neylərdin, ilahi” kimi bir mənzuməyə (səh. 174) Hacı Məcid Əfəndizadənin vəfatı münasibətilə Sabirin çox yanıqlı və mütəəssir qəsidəsi dərc olunub (səh. 313).

Onun üçün mən həməvəqt “Sabir” ləfzini bir yanda görəndə və eşidəndə belə bir xəyalata cumuram: nə üçün dünya belə qurulubdur ki, gün ləkəsiz olmur və qızılgül tikansız bitmir? Və bəlkə həmin dünya qanununun təsirindəndir ki, “Hop-hop” kimi ən qiymətli və nadir bir şairimizin gülkarlığının içinə dindarlıq sarmaşıqları da gəlib qarışaydı gərək.

 

C. Məmmədquluzadə.

“Sabir kitabxanasının on illiyi”,

Bakı, Azərnəşr, 1929, səh. 16 – 19.



[i] Məsiyyət – günah.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info