Qonaq Kitabı
MİRZƏ FƏTƏLİ AXUNDOV VƏ QADIN MƏSƏLƏSİ

 

(Ölümünün 50 illiyi münasibətilə)

 

Nə qədər ki, Mirzə Fətəli dramnəvislikdə şöhrət qazanmışdı, o dərəcədə də Mirzə camaat içində dinsizlikdə məşhur idi; ta o yerə kimi ki, onun dəfninə öz dost və əqrabasından da gedən olmayıbdır. Və lakin məsələnin bir tərəfi bir növ qaranlıq görsənir: belə ki, lazımınca aşkar olmur ki, mərhumun müasirləri onu hansı səbəbdən laməzhəb hesab edirdilər?

Necə ki, məlumdur, Mirzə Fətəli köhnə ərəb əlifbasını müsəlmanların tənəzzülünə mərbut tuturdu[i] və yeni, mükəmməl bir əlifbanın təşkili yolunda Qafqazda, hətta İstambulda və Tehranda ciddi bir iqlamat başlamışdı. Təkcə bu keyfiyyət, Mirzənin bircə bu təşəbbüsü kafi ola bilərdi ki, fanatik müsəlmanlar xaçpərəstlərin latın hürufatını Quranın “müqəddəs” hürufatına tərcih verən[ii] bir kəsi laməzhəb və mürtəd adlandıraydılar.

Saniyən Mirzə Fətəli o dərəcədə azadə fikirli idi ki, o vədələr onu filosof və həkimi-rövşənzəmiradlandırırdılar, amma səd heyif ki, mətləbin bu tərəfi də açıq deyil ki, aya burada Hindistan şəhzadəsi Kəmalüddövlənin məktubları nəzərə alınır, ya yox? Çünki Mirzənin tərcümeyi-halını yazanların heç biri bu vaxtadək məzkur[iii] şəhzadənin məktublarından söhbət açmayıbdırlar. Bəhərhal Mirzə Fətəlinin günahı öz əsrinin əhli-imanları nəzərində vaqeən nəhayət imiş; səbəb budur ki, o əl vurduğu məsələlərin hamısından “qoxusu” gəlirdi.

Və o cümlədən bir də həmin qələmə aldığımız qadın məsələsidir.

Q a d ı n  ləfzi islam aləmində indiyədək bir “od” olubdur ki, ona əl vurmaq, barıta əl vurmaq kimi xatalı hesab olunubdur. İslamın şəriəti, necə ki məlumdur, qadını kişilərə naməhrəm tutubdur və bu qanunu pozmaq günahı-kəbirə[iv] qəbilindən sayılıbdır. Mürur ilə məsələ daha da bərkiyibdir, ta o yerə kimi ki qadın sözünü ağıza alıb danışmaq bilmərrə qədəğən olunubdur. Qadını kişilərdən qorumaq müruri dühur ilə adət şəklinə girib və gəldikcə o dərəcədə bərkiyibdir və qadın elə bir səxtliklə aradan götürülübdür ki, nə bir məclisdə onun adını çəkmək müyəssər olubdur.

Bir müsəlman bəndəsinin istilahında onun arvadının adı yoxdur: arvadının adı “bizim ev adamımız”dır. Bir müsəlman kişisi öz yavıq, ya bəlkə öz doğma qardaşının yanında arvadının adını çəkmək məcburiyyətində olanda “Cəfərin anası”, “Əhmədin anası” adlandırıbdır. Bu qanunu pozanlar müsəlman içində “yoldan azmış”, “biqeyrət” adı ilə şöhrət tapıblar və həmin “qeyrət” üstə müsəlman qardaşlar o qədər “qeyrət” göstəriblər ki, bir-birinin qanını içməyə hazır olublar və içiblər də... Onun üçün də cahil islam şairləri dünyanın cəmi bədbəxtliklərini qadınların üstünə yıxıblar: “Viran şüdən mülki-Süleyman əz zən”. Təbiidir ki, bir belə cəhalət zülməti içində, bir belə qaranlıq əsrdə Mirzə Fətəlinin komediyaları o təsiri bağışladı ki, mütəəssib və nadan müsəlman camaatı bir övqat Mirzənin üstünə föhşlərlə və müəyyən cürbəcür tənələrlə hücum etməyə başladılar. Camaatın bu növ rəftarına səbəb məhz səhnəyə çıxarılan müsəlman qadınları idi.

Mirzə Fətəli Axundovun komediyalarının türk səhnəsində görsənməsi əgər bir böyük tarixdirsə, buna iki şey bais olubdur: biri budur ki, Mirzənin komediyaları ümumiyyətlə xeyli dəyərli əsərlərdir; elə bir əsərlərdir ki, onlarla nəinki bizim yox mənzələsində olan səhnəmiz fəxr edə bilərdi, bəlkə bir belə pyeslər sair mütəməddin millətlərin səhnələrini zinətləndirməyə qabil ola bilərdilər. Biri də budur ki, Mirzə Fətəlinin komediyalarına Şərq qadını ilk dəfə səhnəyə çıxıbdır, orada danışıbdır, gülübdür, ağlayıbdır və orada birinci dəfə kişilər içində izhari-vücud eləyibdir[v].

Filhəqiqə belə mülahizə edək ki, böyük bir məclisdir, teatr məclisidir, amma bilmirik ki, teatr nədir. Burada bir pərdə asılıbdır, amma bilmirik ki, nə pərdədir və nədən ötrüdür. Paho! Birdən bu pərdə qalxdı və pərdə dalında çoxlu camaat görsəndi: burada bir rus böyüyü var (naçalnik) onun fərraşları bir cavanın əlini və qolunu bağlayıb saxlayırlar (Heydərbəy).

Amma mömin müsəlman bəndələrini heyrətə gətirən, mat və məəttəl qoyan bir nəfər gözəl müsəlman gəlinidir (Sonaxanım) ki, burada adam kimi danışır və Heydərbəyin, öz adaxlısının həbsdən xilas olmağını naçalnikdən iltimas edir və söz verir ki, ta bundan sonra Heydərbəyi əyri yola və kondrabata getməkdən daşındırsın (“Hacı Qara” komediyası).

Burada cəm olan tamaşaçılar kimlər idi? O əsrin mütəəssib və fanatik müsəlmanları və əlbəttə, bunların içində “qeyrətli” müsəlmanlar da var idi. Girəm ki, camaat piş əz vəqt bunu bilirdi[vi] ki, səhnədə naçalniklə danışan Sonaxanım həqiqətdə xanım deyil, cavan oğlandır ki, ancaq qadın libasına giribdir; haman əsrdə müsəlman qadınının səhnəyə çıxıb danışmağı ağla gələn bir şey deyildi... Bununla bərabər yenə nadan camaat bir tərəfdən həvəskar artistlərə, digər tərəfdən pyesin yeganə sahibi Mirzə Fətəliyə həmə vəqt təkfir və təlin çomağını qalxızmaqda idi.

“Bədbəxtlik” burasında idi ki, müsəlman qadınını səhnəyə çıxarıb “biabır” edən pyes bir deyildi, iki deyildi; məlumdur ki, tək bircə “Kimyagər”dən başqa Mirzə Fətəlinin beş fəqərə komediyalarında türk qadını iştirak edir ki, ibarət olsun bunlardan: “Hacı Qara”, “Mösyö Jordan”, “Xan Sərabi”, “Xırs quldurbasan” və “Mürafiə vəkilləri”. Bu əsərlər çapdan çıxıb intişar tapan kimi, Qafqazın bir çox şəhər və hətta qəsəbələrində cavan həvəskarlar tərəfindən mövqei-tamaşaya qoyulmağa başladılar və ona baxmayaraq ki, qadın rolunda səhnəyə çıxanlar o vaxtlarda cavan oğlanlar idi, tamaşaçılar səhnənin zahirində ancaq türk qadınlarını görürdülər və böyük məharətlə yazılmış bu əsərlər qadınların halını elə bir ustalıqla tamaşaçıların nəzərindən keçirirdi ki, xam tamaşaçılar bəzən şübhələnib səhnədəkiləri həqiqət halda qadın zənn edirlərdi. Ta ki, bir az vaxtda Mirzə Fətəlinin qadın tiplərinin adları hər bir yerdə camaat dilində virdi-zəban oldular: “Sərgüzəşti-xan-Sərabi”də; Zeynəbxanım, Şöləxanım, Nisəxanım, Pərixanım; “Hacı Qara”da: Sonaxanım, Teyyibəxanım, Nigar; “Məstəlişah”da: Şərəfnisəxanım, Gülçöhrə, Şərəbanıxanım, Xanpəri; “Mürafiə vəkilləri”ndə Səkinəxanım, Zibeydə və “Xırcquldurbasan”da: Züleyxa və Pərzad.

Bunun nəticəsində müsəlman camaatının köhnə qafalıları başladılar həvəskarları töhmətləndirməyə; o babətdən ki, onlar teatrlarda müsəlman arvadlarının adını çəkirlər, çünki necə qabaqca ərz olunubdur, müsəlman arvadlarının adını çəkməyin özü bir qələt iş, “eyb” iş hesab olunurdu.

Bu vəhşiliyi ədibimiz Əbdürrəhimbəy də öz “Xəyalat” adlı əsərində qeyd edibdir. Orada Hatəmxan ağanın Mirzəyə təərrüzünü[vii] bu sətirlərlə bəyan edir:

“ – Hələ bunlar hamısı dursun, sən mənim özümü məsxərəyə qoyubsan bu heç. Bəs bu övrət-uşaqla nə işin var? Sən özün hərçənd müsəlmanlıqdan kənarsan, amma yenə nə qədər olsa da, sənin qanın müsəlman qanıdır: heç sənə müsəlmanın ismətinə toxunmaq yaraşarmı? Qardaş, niyə övrətinin, qızımın adını camaat bilsin? Eyb olsun sənin üçün! Çox eyb olsun!”

 

*         *       *

 

Mirzə Fətəlinin komediyalarının qadın tipləri - əsrin məişətindən götürülmüş bu fotoqraf şəkilləri kimdir? Əsərlərdə təsvir olunan qadınların övza və ətvarı[viii] o məişətin qadın sifətlərinin bir canlı nümunəsidir. Orada qadınlar bir duru aynada görsənən kimi görsənirlər. Onun üçün orada biz müxtəlif tiplərə, müxtəlif sifətlərə rast gəlirik. Bu surətdə ki, bu əsərlər məişətin aynasıdır, təbiidir ki, burada biz qadınların yaxşı sifətləri ilə pisini də, müsbət sifətləri ilə mənfisini də görə biləcəyik və qeyri cürə də ola bilməzdi ki, qoçaq və bacarıqlı qadınlar içində (“Hacı Qara”) qorxaq və bacarıqsız qadın olmasın (“Mürafiə vəkilləri”) və habelə sədaqətli, doğru və dürüst qadından savayı hiylə və saxtakarlığa mail qadın tapılmasın (“Mürafiə vəkilləri”) və özgə cürə ola bilməzdi.

Mirzə Fətəlinin məqsədi bu deyildi ki, əsrin qadınlarını hər bir eyb və nöqsandan ari qələmə versin və onların eyblərini gizlətsin. Əgər bir para xam yazıçılar kimi belə eləmiş olsaydı, o daha Mirzə Fətəli olmazdı.

Hətta bir para qadın tipləri zahirən qoçaq nəzərə gəlirsə də, bu qoçaqlıq əzbəs ki, əksər övqat ailə içərisində əmələ gəlir, bədrəftarlığa da bir qədər maildir (Şərəbanıxanım, Nigar). Bu da təbiidir: əlli, altmış və yüz il bundan qabaq Qarabağ, Şəki və Şirvan ölkələrində yaşayan qadınlardan artıq bir şey gözləyə bilmərik. O səbəbə ki, o əsrin kişiləri də habelə nadan və vəhşi idilər. O qadınların ərləri və qardaşları əksər övqat vaxtlarını quldur və qaçaqlıqda keçirirlərmiş və o mühitdə yaşayan qadınlar, əlbəttə ki, bu qəbil kişilərə gedib arvad olmaqla iftixar edərlərmiş (“Xırsquldurbasan” təmsilində: Zalxa və Pərzad).

Komediyalarda qadınlar rəftarından bir müxtəsər rəvayət:

  1. “Mösyö Jordan” təmsilində Hatəmxan ağanın arvadı Şərəbanıxanım bir tərəfdən qoçaq və cürətli görünür, amma bitərbiyə və nadanlıq səbəbindən bu qoçaqlıq eyni zamanda bədrəftarlıqdır. Bunun qoçaqlığı ancaq ondan ibarətdir ki, Şahbazbəyin Parijə getməyinə mane olmaq məqsədilə əri Hatəmxan ağanın qabağına “pəhlivan” kimi çıxır, ona hərbə gəlir və axırda öz nadanlığı ucundan bir dərvişin cadusuna aldanıb, ərindən xəlvət, dərvişi yüz bacaqlı ilə yola salır. Xanpəri arvad xanımının bu hünərinə fəxr edir və deyir: “Ey xanım, əgər kişilərin ağlı olsa idi, niyə onları hər qədəmdə aldadırıq, öz bildiyimizi eləyirik?!”
  2. “Xırs quldurbasan”da Bayramın Pərzada eşqi onu quldurluğa və qaçaqlığa sövq edir ki, Pərzad onu xoşlasın, çünki o əsr “bas, vur, tut, öldür” əsri idi və qızın sevdiyi ancaq rəşid, qoçaq və quldurluqda adı çıxan adamlar olurmuş.
  3. “Hacı Qara” pyesində də Sonaxanım Heydərbəyə olan eşqinin ucundan onu həbsdən qurtarmaqdan ötrü naçalnikin yanında nəhayət fürutənlik[ix] yalvarmaqlıq eləyir, ta o yerə kimi ki, naçalnikə deyir: “Başına dönüm, padşahın başına çevir; ya bu işi yuxarı bildir, bəlkə mənim göz yaşıma rəhm edələr!..”
  4. Avam və tərbiyəsiz qadınlara müxtəs olan sifətlərin biri də ikiarvadlı evlərdə bu arvadların bir-birini günüləməyi, bir-birilə dalaşmağı, bir-birinin ayağından çəkməyidir. Bu tipləri Mirzə Fətəli “Sərgüzəşti-xan Sərabi”də böyük məharətlə yaradıbdır. Burada vəzirin iki arvadı – Zibaxanım və Şöləxanım əsərin əvvəlindən-axırınadək bir-birilə çəkişməkdədirlər və vəzirin başına min kələk gətirməkdədirlər.
  5. Bunlardan başqa dəxi iki qadın tipinə də “Mürafiə vəkilləri” komediyasında rast gəlirik.

Biri Səkinəxanımdır: bu, ağıllı və dilavər bir qızdır ki, bibisinin və dövlətli Hacı Həsənin təkidinə baxmayıb öz sevgilisi Əzizbəydən ayrılmaq istəmir.

O biri qadın – Hacı Qafurun mütədən[x] övrəti Zeynəbdir ki, mürafiə vəkillərinin hiyləsinə aldanıb saxta və haram vasitələr ilə Hacı Qafurun altmış min tümən puluna sahiblənmək istəyir.

 

*         *       *

 

Budur Mirzə Fətəlinin əsərlərində qadın tipləri. Burada biz görürük ki, bu qadınların cümləsi fitri qabiliyyət və gözəlliklərin heç birindən məhrum deyillər: səlamət, cürət, dilavərlik, səbat – cümləsi bunlarda mövcuddur, ancaq tək bircə düşmənləri var: o da elmsizlik və tərbiyəsizlikdir.

Qara pərdə dalından dünyanın işığına bunları çıxarıb göstərməklə Mirzə Fətəli bunu kişilərə demək istəyir: bax, bu qoçaq və gözəl qadınlar indi avam və nadan bir insanlardır. Görürəm ki, indi siz bunlara dərs və tərbiyə verməkdən ehtiyat edirsiniz, çünki bilirsiniz ki, bu zəkalı və qeyrətli qadınlar gələcəkdəki inqilabın sayəsində almış olduqları tərbiyə və elmin təsiri altında öz azadlıqlarını əldə edib və ondan da sonra daha sizin ailə içərisində ağalığınıza və səfahətinizə[xi] imkan qalmayacaqdır. Zira ki, dəxi insanlıq hüququndan agah olan bu qadınlar şəriətin çomağını dəxi siz kişilərin əlindən alıb, həmişəlik tullayacaqlar.

 

Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin).

“Şərq qadını”, mart, 1928, â„– 3



[i] Mərbut tutmaq – bağlı, əlaqədar hesab etmək.

[ii] Tərcih vermək – üstün tutmaq.

[iii] Məzkur – adı çəkilən.

[iv] Günahi-kəbir – böyük günah.

[v] İzhari-vücud – ortaya çıxmaq, meydana çıxmaq.

[vi] Tutaq ki, camaat bunu qabaqcadan bilirdi.

[vii] Təərrüz – burada: hücum.

[viii] Övza və ətvar – vəziyyətlər və tövrlər.

[ix] Fürutənlik – itaətkarlıq.

[x] Mütə - müvəqqəti nigah.

[xi] Səfahət – ağılsızlıq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info