Qonaq Kitabı
İDARƏDƏN (5)

 

Naxçıvan ictimai şura cümhuriyyəti xalq ədliyyə komissarı yoldaşın cavabını burada dərc və öz tərəfimizdən təsdiq edirik ki, cavabın “məhkəmələrdə süründürmə” və “ali təhsil görməyən hakimlər” məsələləri barəsində irad etdiyi qismləri sübutludur və bu barədə idarəmiz də komissar yoldaşa şərikdir.

Və lakin “üzük” məsələsi o surətdə həll oluna bilməz, necə ki, komissar yoldaşın cavabında rəvayət olunur.

Biz yazmırıq ki, üzüyü xalq hakimi özü alıbdır. Biz haman 51-ci nömrəmizdə yazmışdıq ki, üzüyü xalq hakiminin arvadı alıbdır.

Söhbət orada deyil ki, nə səbəbə altı abbasıya dəyən üzüyə xalq hakiminin arvadı yüz əlli manat veribdir. Gileyimiz oradadır ki, ayda yüz əlli manat maaş alan xalq hakiminin arvadı nə haqla bir üzüyə (dəyərli, ya dəyərsiz üzüyə) yüz əlli manat verir? 

Əlbəttə, ola bilər ki, bir məmur – özü, arvadı elə bir varlıdırlar ki, bir üzüyü küçə dəllaləsindən yüz əlli manata almaq onlar üçün güc deyil. Amma bunu lazım gəlir unutmamaq ki, köhnə çürük xan və şahzadə əsrləri ötüb keçibdir və daha qayıtmayacaqdır və daha bundan sonra Xanımcan xanımlar və Bəyimcan xanımlar hamama hazırlaşanda qiymətli zibü-zivərlərini[i] və dəyərli təcəmmül bəzəklərini boyunlarına asıb, hamam boxçalarını cırıq-mırıq kənizlərinin dalına yükləməyəcəklər. İndiki əsrimizdə şura hökumətinin xalq hakimləri və onların arvadları öz şəxsi rəftar və kirdarları ilə gərək camaata ibrət olalar, nəinki yüz əlli manatı bir üzüyə verməklə füqəranın hesabını unudalar.

Lazım gəlir ki, şura məmurlarının arvadları mümkün olan yerdə qadınlar iştirak edələr və qara çarşab içində çürüməkdə olan Şərq qadınlarını dini mövhumatdan xilas etməyə yollar arayalar, amma bunun əvəzində biz nə görürük?

Ədliyə komissarı yoldaş deyir ki, ədliyyə komissariatı dairəsində elə bir axmaq xalq hakimi tapılmaz ki, altı abbasıya dəyən bir üzüyə yüz əlli manat versin.

Əvvəla: biz yazmışıq ki, üzüyü alan xalq hakiminin arvadıdır. Belə olan surətdə də bizim də dediyimiz budur ki, xalq hakimlərimiz razı olmayalar ki, onların arvadları indiki əsrdə və indiki şərait içində xalqın nəzərində küçə dəllalələrindən yüz əlli manatlıq bir üzük alalar.

 

Molla Nəsrəddin.

“Molla Nəsrəddin”, 13 yanvar, 1928, â„– 2.



[i] Zibü-zivər – bəzək-düzək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info