Qonaq Kitabı
MƏŞƏDİ SİJİMQULU “KEFSİZ”

(Keçmiş  günlərdən)

 

“Molla Nəsrəddin”in birinci ilinin birinci nömrəsində “Molla Nəsrəddin” şivəsinə yarayan məzhək şeirlərdən bir nümunə çap olunmuşdu: “Lisan bəlası”.

 

Ey dil, dəxi dinmə və sükut et, səni tarı,

Lal ol və danışma!

Sal başını aşağa və heç baxma yuxarı,

Mal ol və danışma!

və i.a.        

 

Necə ki, məlumdur, bu şeiri yazan əsla şair deyil idi. Bu bir nümunə idi ki, bunu birinci nömrədə dərc etməkdə biz həqiqi “Molla Nəsrəddin” şairini axtarırdıq. Biz Sabiri və Məşədi Sijimqulunu axtarırdıq.

Bir tərəfdən birinci nömrəmizi şeir babətindən yarımçıq buraxmaq istəmirdik və digər tərəfdən də Sabirin və Məşədi Sijimqulunun dünyada varlığından xəbərdar deyildik. Əlimizdə də bu bir neçə yalançı şeir parçalarından qabil bir şey yox idi.

Ancaq bunu deyə bilərik ki, öz-özlüyündə naçiz bu şeirlər çox böyük nəticəyə səbəb oldu: Şirvan torpağında, qazı Hacı Məcid əfəndi kimi canavarın qorxusundan sabun tiyanı dalında gizlənən Ələkbər Sabirin əlinə “Molla Nəsrəddin”in həmin birinci nömrəsi çatır, oxuyur.

-     Pəh, pəh, pəh! Maşallah! Qələmi ver mənə. Ay arvad, sən də qapıları bərk bağla! Məni soruşan olsa, de ki, gedib sabun satmağa.Məbadə Hacı Məcid əfəndinin müridləri və qoçuları xəbərdar olalar! Yoxsa məni səngisar edərlər. Al gəldi, Molla əmi:

 

Bilməm nə görübdür bizim oğlan oxumaqdan,

Dəng oldu qulağım!

Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan,

İncəldi uşağım!

Ağlın aparıb bəs ki, baxır gündə qaraya.

Yarəb, nə həmaqət!

Söz etməz əsər, çarə qalıb indi duayə,

Tədbir elə, övrət!

və i.a.

Yenə:

 

Bu çərxi-fələk tərsinə dövran edər indi,

Fələ də özün daxili-insan edir indi!

 

Hə! Necə oldu “Molla Nəsrəddin”in “Lisan bəlası”nın şairi?

Səsini xırp kəsdi və kəsməkdən savayı özgə bir əlacı yox idi. O səbəbə ki, Sabir mərdi-mərdana özünü tulladı “Molla Nəsrəddin” meydanına və elə bir nərilti və gurultu ilə dalbadal yazmaqda davam etdi ki, hətta bəlkə özünə bərabər olan Məşədi Sijimqulunu da xeyli bir vaxt sükutda saxladı və elə yadıma gəlir ki, Sabirin “Molla”da zühurundan ta il yarıma qədər Məşədi Sijimqulunun mənzum əsərləri idarəmizə gəlib çatmadı.

Və lakin, ruslar demişkən, “heç bir şər yoxdur ki, orada xeyir olmasın”. Bu halı biz burada böyük bir mayeyi-təsəlli sanırıq. Məşədi Sijimqulu bu il yarımın müddətində qələm ilə bizə kömək etməkdə özünü bizdən uzaq saxlamadı. Belə ki, bu müddətdə idarəmizə beş-on parça nəsrlə yazılmış şirin məqalə göndərdi. Bir surətdə ki, o vədələr Gəncə aləminin növ-növ guşələrini dadlı və duzlu dil ilə təsvir edən haman məqalələr öz vaxtında xeyli qiymətli idilər. Bunu unutmamaq ki, Sabirin şairlik qüvvəti-qələmi Məşədi Sijimquludan artıqdısa da, ikincisinin mənsur qələminin mislini biz Sabirdə tək bircə dəfə də görmədik.

Məşədi Sijimqulu Kefsizin “Əlidəyənəkli” imzası ilə birinci mənsur məqaləsi gəncəli Bəşir Hacı Hüseyn oğlunun çinar ağacına çıxıb, dolaşa quşunun düşürməyinin rəvayətidir ki, məcmuəmizin birinci ilinin 11-ci nömrəsində (1906-cı ildə 16 iyunda) dərc olunubdur:

“Neçə gündür ki, 18 yaşında Bəşir Hacı Hüseyn oğlu çıxıb çinar ağacına dolaşa düşürsün. Quşu tutub cibinə qoyandan sonra ağacdan yıxılıb, qılçası sınıb, aparıblar evə, atası gəlib deyib:

-     Oğul, necəsən? Quş cibində ölməyib ki? Sağdırmı?

Deyib:

-     Sağdır.

Atası çox şükürlər edib ki, nə yaxşı quş ölməyib, sağdır.

Əz tərəfi: Əlidəyənəkli”.

 

Bu bir neçə sətirdə, doğrudur ki, vəzn və qafiyə yoxdur, bununla bərabər Məşədi Sijimqulunun qələmindən törəyən belə-belə duzlu rəvayətlərin və zərif məzhəkələrin vəzn və qafiyəyə heç ehtiyacı yoxdur. On səkkiz yaşında Bəşir çıxır çinar ağacına dolaşa tutsun, quşu cibinə qoyandan sonra ağacdan yıxılır, qılçası sınır. Atası gəlib oğlunun yıxılmasını gördükdə, onun qılçasının sınmağının qeydinə qalmır, ancaq oğlunun cibindəki quşun əhvalını soruşur, çünki atası özü də quşbaz imiş.

Bu bir neçə sətir ilə şairimiz bir bunu demək istəyir ki, on səkkiz yaşında Bəşir gərək dərsdə ola, gərək bu yaşda məktəbi bitirməkdə və uca məktəbə daxil olmaq fikrində ola, nəinki ağaca çıxıb quş tutmaqda ola. Bir də məqalə sahibi bunu istəyir desin ki, Bəşirin atası ki, gəlib oğlunun qılçasını sınmış gördü, lazım idi ki, fövri oğlunun dərdinə qala, onun müalicəsinin dalınca ola, fövri təbib gətirdə, oğlunun bu sində quş dalınca düşməyinə dilgir ola, amma bunların hamısının əvəzində, oğlunun qılçasının sınmağına əsla mütəəssir olmayıb, ancaq quşun qeydinə qalır, ancaq dolaşanın səlamət olmağını axtarır.

Məşədi Sijimqulu şairimizin ikinci məqaləsi məcmuəmizin birinci ilinin 14-cü nömrəsində çap olunub. Burada şair kitabfüruş Kərbəlayı Təbrizinin dilindən idarəmizə şikayət yazır, yazır ki:

“Ey Molla Nəsrəddin kişi, bəs deyilmi bu qədər mərdüməzarlıq? Ay kişi, sən mənim bazarımı kasad eləyirsən. Üç aydır ki, məndə olan kitablar heç satılmır. Qabaqdan mağıl yaxşı satırdım, amma indi bir neçə kitab var, mənə cərimə olubdur, çünki daha satılmır. “Cameüd-dəvat” – 50 cild, “Təbiri-xab” – 30 cild, “Gülsüm nənə” – 270 cild, “Qırx sual” – 160 cild.

Əgər bunların pulunu göndərdin, xub, göndərməsən, gedərəm Marağada Molla Şükürün falaqqasını gətirərəm Tiflisə, sənin ayaqlarını falaqqaya qoyub o qədər döyərəm ki, öləsən. Bəsdir bu qədər mərdümazarlıq!”.

“Bəsdir bu qədər mərdüməzarlıq” – şairimiz deyir. Şairimiz “Molla Nəsrəddin”in mövhumata çəkdiyi hücumunu lazımınca dərk etdiyindən, bunu düşünübdür ki, təzə tutub getdiyimiz yol həqiqətdə kərbəlayı kitabfüruşlara mərdüməzarlıqdır. O səbəbə ki, “Molla Nəsrəddin”in vücudu ilə “Cameüd-dəvat”lar və “Xabnamə”lər daha mürur ilə hörmətdən düşəcəklər və hətta məktub sahibi bizi bir tövr hədələyir də: bu tamahkar kitabfüruşun zərərini göndərdin, - xub, əgər göndərməsən, Marağadan Molla Şükürün falaqqasını gətirərəm, Tiflisdə ayaqlarını falaqqaya qoyaram!

Güman etmək lazımdır ki, falaqqa qorxusunu şairimiz Gəncə mollaxanalarında uşaqlıqda çox çəkibdir.

-     Ədə, qırışmal, dərsini sabah əzbərləməyib gəlsən, ayaqlarını falaqqaya qoyaram!

Amma məktub sahibinin hirsi Molla Şükürün hirsindən qəliz imiş, ta o dərəcəyə kimi ki, falaqqanı götürüb ta Tiflisə kimi gəlmək istəyir.

Məcmuəmizin birinci ilinin 15-ci nömrəsində Məşədi Sijimqulu Kefsizin bir məktubu çap olunub. Bu məktubun, sahibi üçün xüsusi əhəmiyyəti budur ki, ərəb hürufatını tənqid edir. Demək, haman məktub, şair Məşədi Sijimqulunu keçmişdə ərəb hürufatını xoşlamayanlar cərgəsinə daxil edir.

Məktubun məzmunu belədir:

“Ağdaşdan bir nəfər, ağa Qulam Tağıyev öz müştərilərinin birinə bir kağız yazıbdır və haman kağızda bir belə şəkil çəkibdir:

Biçarə tacir məktubu əl-əl gəzdirib, heç bir kəs oxuya bilməyib. Gəncədə ki, savadlı molla tapmaq mümkün deyildir. Axırda gətirdi mənə, mən də neçə gündür zərrəbin, nə bilim nələr vasitəsilə nə qədər edirəm, oxuya bilmirəm. Tacir yazıq da qalıbdır beləcə məəttəl. Nə eləsin? Nə hesabını başa düşə bilir, nə kitabını, nə mayasını qana bilir, nə qazancını.

Yazıqdır, gör buna rəhm eləyib oxuya bilərsənmi?..

 

İmza: Qanacaqsız”.

 

İdarəmiz o vədə şairin həmin məktubunun qurtaracağında ona bir belə cavab verdi:

“Məktubda çəkilən şəkli biz oxuduq və oxumaq çox asan imiş, yazılıb: “Müsəlman hürufatını icad eləyənə beş min rəhmət!”.

Necə ki, məlumdur, o vaxt biz həmişə ərəb hürufatı ilə də mübarizədə olmuşuq və bu mübarizədə bizə ən yavuq köməkçi Məşədi Sijimqulu kimi qələm yoldaşlarımız olubdur.

Məcmuəmizin birinci ilinin ərzində Məşədi Sijimqulu Kefsizin mənsur məqalələrinin axırıncısı “Cavan ilə hacı ağanın şirin söhbətidir” ki, haman ilin 13-cü nömrəsində çap olunubdur. Bu məqalədə bir cavan üzünü bir nəfər hacıya tutub deyir:

-     Hacı ağa, məhəllə tələbələri üçün məscid hücrəsində qiraətxana kimi bir şey açmaq istəyirik ki, qəzetdən-zaddan gətirib camaatı əhvali-zəmanədən xəbərdar edək. Siz nə qədər mərhəmət edirsiniz?

Hacı:

-     Necə? Mən helə çərən-pərənə pul-zad vermərəm! Rəhmətliyin uşağı! Qəzeti küçədə oxuyanlardan mənim zəhləm gedir, sən hələ gətirib məscidül-həramə soxmaq istəyirsən?! Təzə “məssəb” çıxartmısınız?

Cavab:

-     Neynək, bu dursun. Yetim uşaqların məktəb xərcini verməyə qərar qoyublar; o cümlədən bizim məhəlləyə yeddi uşağın xərci düşübdür. Onların birisinin xərcini siz veriniz, hacı, savabdır.

Hacı:

-     Mənciyəz qələt elərəm! Savab olan şeyi mən yaxşı bilirəm. Yetim oxumağı-zadı neyləyir? Əgər “təmiz” uşaqdır, gəlsin mənim evimə qulluq eləsin, yemək-içmək verim, vəssəlam! Get ağlını başına yığ!..”

Bu bir neçə sətrin mənası, bir neçə sətir yox, bəlkə bir neçə səhifəyə sığışan bir mətləbdir. Əvvələn, köhnəpərəst bir hacının, başı savab və axirət ilə dolu bir hacının qəzetdən zəhləsi gedir: nəinki onu məscidül-həramə gətirməyə razı olmur, hələ bəlkə küçədə də qəzet oxuyanı görə bilmir.

İkinci, hacı, yetim uşağın məktəb xərcindən qaçır və hətta onun dərs oxumağını da lüzumsuz görür.

Üçüncü, həmin mömün və müqəddəs hacı, yetim uşağı öz evinə qulluq etməyə çağırır, bu şərtlə ki, uşaq “təmiz” olsun. Burada hacı axtardığı təmizliyin mənasını hacı özü də başa düşür və biz də başa düşürük: hacıya göyçək uşaq lazımdır!

Məşədi Sijimqulunun nəsrilə yazılmış duzlu məqalələrinin biri “Molla Nəsrəddin”in ikinci ilinin 35-ci nömrəsində dərc olunubdur. Burada şairimizin, Gəncə fahişəxanalarının bağlanmağı münasibətilə sərgərdan qalan cavanlara yazığı gəlir və deyir ki:

“Bəs biçarələr nə eləsinlər? Gəncə elə bir şəhər deyil ki, adam qüssə edəndə bir yer ola, adam gedə, ürəyini aça. Necə ki, Bakıda qüssə əl verəndə adam gedir dərya kənarına və dəryada çimənlərə tamaşa edib ürəyini açır”.

Məqaləsini şairimiz bir belə məzhəkə ilə tamam edir:

“Xülasə, Allah baisin evini yıxsın, qapısını onların, yəni fahişələrin qapısı kimi bağlar qoysun ki, xalqı avara saldı!

Bu gün cavanların axırını görürəm: bir parasının əlacı kəsilib, gedib küçədə 8 – 9 yaşında oğlanlar ilə “gildirim parç” oynayacaqlar.

Xülasə, Allah baisin evin yıxsın!”.

Bəli, “Molla Nəsrəddin” məcmuəsinin davamının tamam il yarımı keçdi və bu müddətdə hələ Məşədi Sijimqulu Kefsiz “Molla Nəsrəddin”də nəzm ilə yox, nəsr ilə yazmağa məşğuldur və bu il yarımın müddətində Sabir dad-bidad etməkdədir. Məşədi Sijimqulu hələ dinmir və səbəbini özü də bilmir. Amma mən elə qanıram ki, Sabir kimi hünərvər şairin qabağına çıxmaq o qədər də asan olmaya gərək.

Məcmuəmizin nəşrinin birinci-ikinci illərində Zəngəzurda böyük aclıq üz vermişdi. Aclığa bais bir tərəfdən taxılın qıtlığı və digər tərəfdən bəzi hadisələrin nəticəsində yolların bağlanması idi.

O vaxt biz, məcmuəmizin 12-ci nömrəsində “Qulibiyabani” sərlövhəli bir məqalə ilə varlılarımıza təntənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin “Tömeyi-nahar”ı bizim səsimizə səs verdi. Burada Məşədi Sijimqulu Kefsiz də meydana çıxdı və “pənah Allaha” – deyib, Sabirin “Tömeyi-nahar”ına cavab olaraq “Çayda çapan qardaşım, ağlama, ağları gör” mətləli şeirini göndərdi.

Məşədi Sijimqulunu ilk dəfə məcmuəmizdə nəzm ilə dabışdıran, onun təbi-şeirini büruzə verən haman “Tömeyi-nahar” olubdur. Bunu da lazımdır qeyd etmək ki, Sabirin bu əsəri ilə Məşədi Sijimqulunun ona cavabının arasından bir neçə ay keçibdir və bu müddətdə Sabirin müxtəlif mövzuda əşarı dərc olunubdur. Demək, M. Sijimqulu, - haman M. Sijimqulu ki, öz dediyinə görə “Molla Nəsrəddin”in bu vaxtadək bircə nömrəsini də başdan-ayağa oxumamış keçirməyibdir. Sabirin bundan da qiymətli qeyri əşarına mütəəssir olmayıb, - nə qədər ki, “Tömeyi-nahar”ına olub, ona bir neçə aydan sonra cavab verməyi özünə borc bilibdir.

Nədir burada şairi mütəəssir edən? Əlbəttə ki, Mollanın mövzuudur.

Nədir onun mövzuu? Burada cavab çox müxtəsərdir.

Zəngəzurda əhaliyə aclıq üz verib, erməni camaatına erməni ziyalıları vaqon-vaqon taxıl daşıyır, amma müsəlman intelligentləri qumar və eyşə uyub, acları yaddan çıxarıblar. Burada necə ki, Sabirin də şikayəti acların qeydinə qalmayan intelligentlərdəndir:

 

Bu intiligentlərin sözün gətirmə çox aralığa,

Onları görmək istəsən, şərabı gör, qumarı gör!

 

Habelə Sijimqulu da öz cavabında deyir:

 

Söylə nə etmiş hələ intiligentlər, balam,

Sən danışan sözlərə səbr edə bilməz adam.

Ta ki, peşiman olur bir lütə vermir salam,

Onda tamaşaya gəl, hər cürə göftarı gör!

 

Mövzuda və məzmunda müştərək olmalarından savayı, “Molla Nəsrəddin”ə müxtəs bu iki ləzzətli şairi kəlamın məzə və şirinliyi barəsində biz həmişə bir-birinə oxşatmışıq. Və lakin bu da cümləyə məlumdur ki, Sabir heç kəsə yox, bəlkə Sijimqulu Sabirə oxşayıbdır və güman edirəm ki, bir belə təşbihə iftixar da edibdir.

Biz bunu qəti deyə bilərik ki, “Molla Nəsrəddin” dünyasında, “Molla Nəsrəddin”ə yaraşan şivəni məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan – birinci Məşədi Sijimqulu Kefsiz olubdur.

Məşədi Sijimqulunun ikinci ədəbiyyatı məcmuəmizin üçüncü ilinin beşinci nömrəsinə gəlib çatdı ki, orada dərc olundu. Həqiqəti-hal budur ki, şairin xəttinə qabaqdan aşina olmasaydıq, güman edə bilərdik ki, bəlkə Sabir qazı Hacı Məcid əfəndinin qorxusundan qaçıb gəlib Dəli Məhəmmədli stasyonuna və həmin şeiri oradan yazıb göndəribdir:

 

Ey axund, evin yıxılsın,

Adına baxıb utan bir!

Bu qədər ləcacət olmaz,

Bu qəbahətini qan bir!

Dediyin çərən-pərəndir,

Yorulub dəxi usan bir!

Dolaşıb sataşma bunca,

Ağaya, kübarə, molla!

 

Və bundan sonra da Məşədi Sijimqulu tərəfindən idarəmizə göndərilən ədəbiyyatın imzasına ancaq baxandan sonra bilirdik ki, bunu yazan Sabir deyil.

Misal: kimdir bu aşağıdakı sətirlərin sahibi? Sabirmi? Xeyr, Məşədi Sijimquludur.

 

Məktəb

 

Məktəb demə, ondan sarı qəlbim dolu qandır.

“Bu darülədəbdir” deyə hər kimsə, yalandır!

Cəfər qurtarıb dərsi, gəlib xeyli zamandır,

Baş tüklü, ayaq çəkməli, guya ki, qabandır,

Saldat balası,bax, deyəsən lap malaqandır[i].

 

Məşədi Sijimqulunun aşağıdakı nəzmi, elə yadımdadır ki, Gəncədə bir mollanın şeytanlanması ilə bir çox türk cavanların və o cümlədən Mirzə Məhəmməd Axundovun (Hatifin) çar hökuməti tərəfindən həbsə alınıb sürgün edilmələri münasibətilə yazılmışdır:

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info