Qonaq Kitabı
MÜDAFİƏ HƏFTƏSİ

 

Oxucularımıza məlumdur ki, həmişə Şuralar İttifaqı əleyhində olan İngiltərə hökuməti bu axır vaxtda da ciddi-cəhdlə bıçaq işlətməkdədir ki, bəlkə bir vəsilə ilə kəndçi-əmələ hökumətimizi aradan götürüb, özünü kommunizm ehtiyatından həmişəlik xilas etsin.

Bu qara niyyətini yerinə yetirmək məqsədi ilə Çemberlen hökuməti dünyada daha məmləkət qalmayıb ki, oraya əl uzatmamış olsun və oradan özünə kömək istəməmiş olsun. Bu yolda İngiltərə hökuməti böyük-böyük paralar sərf etməkdədir ki, Şuraların düşmənlərini bir yerə toplayıb onları qüvvətləndirsin və kəndli-əmələlərin üstünə küşkürtsün və beləliklə dünyanı çalxalayıb öz məramına çatsın.

Şura-İngiltərə münasibəti kəsiləndən bu yana görürük ki, məğrib tərəfdəki qonşu Baltik hökumətləri, xüsusən, Polşa, Rumıniya – hərə bir növ mıqqıldamağa başlayıbdırlar.

Aşkardır ki, həmin vüquatın vücudu ilə Şura İttifaqı, həmişə sülh və müsalimət axtaran Şura İttifaqı daha xabqəflətdə qalmağı əlbəttə, özünə rəva görməyəcəkdir və bərayi-ehtiyat özü üçün lazımi tədbirlər tökəcəkdir.

 

* * *

 

Budur müdafiə həftəsinin mənası ki, gündəlik türk qəzetimizdə oxucularımız bunun təfsilatını bişəkk oxuyub agah olublar.

Biz öz tərəfimizdən burada bunu qeyd edə bilərik ki, indiki müdafiə həftəsinin mənasını və əhəmiyyətini ancaq o kəslər dərk edə biləcək və tərəfdar ola biləcək ki, zəhmətkeşlərin həqiqi dostu və tərəfdarlarıdır. Onun üçün də köhnəpərəstləri və keçmiş zamanların arzusunda olanları kənarda qoyub üzümüzü tuturuq öz həqiqi məsləkdaşlarımıza, yəni cəmi zəhmətkeş dostlarına və ümid edirik ki, məmləkəti müdafiə etmək yolunda hökumətimiz tərəfindən təyin olunan müdafiə həftəsində hər bir kəs özünə yaraşan köməkliyi heç bir vəchlə müzayiqə etməyəcəkdir və bu köməklikdən boyun qaçırmayacaqdır.

 

 

Molla Nəsrəddin.

“Molla Nəsrəddin”, 14 iyul, 1927, â„– 29.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info