Qonaq Kitabı
BEHİŞT ƏLİFBASI

 

Əgər Ağayi-Məclisi əleyhürrəhmə doğru deyibdi ki, behişt əhlinin dili ərəb və cəhənnəm əhlinin dili məcus dilidir, onda daha aşkardır ki, behişt əhlinin əlifbası da əbər əlifbası gərək olsun.

Onun üçün də həmin ərəb əlifbasını Şərq əhli o dərəcədə əziz tuturlar ki, bu əlifbanı tullayıb, latın əlifbasını qəbul etmək üçün söhbətlərini islam dinini tullayıb, latın dinini qəbul etmək kimi “nasəza” mənzələsində tuturlar.

Müqəddəs İranın müqəddəs Rəşt şəhərində çıxan “Nidayi-Gilan” qəzeti bizim yeni əlifbaya elə haman behişt və cəhənnəm nəzəri-nöqtəsilə baxır. Məzkur qəzetin rəyincə biz yeni əlifbaçılar çoxdan cəhənnəmlik olub getmişik, onun üçün də dünyavi aləm yaranandan indiyə kimi nə qədər yer üzündə yaşayan adamlarda bir təqsir var, nə qədər günah baş verir, hamısını cəm eləyib, biz yeni əlifbaçıların üstünə tökür.

“Nidayi-Gilan” qəzeti yazır ki, Azərbaycanda latın əlifbasını icad edən bolşeviklərdi. Onların (bolşeviklərin) batini xəyalı Azərbaycan türklərini sair türk ölkələrindən və sair müsəlmanlardan ayırmaqdır.

Qəzetin həmin töhmətinə cavab vermək mənim vəzifəm deyil: hər kəs hər kəsi istəyir ayırsın, istəyir ayırmasın. Amma burada bircə şey nəzərə gəlir: biz Azərbaycan türkləri sair türk tayfalarından və sair müsəlman millətlərindən ayrılsaq, bəs onda görəsən ayrılandan sonra bizi rusmu etmək istəyirlər, ermənimi, gürcümü? Amma millətin bir yarısını o biri yarısından ayırmaq ustaları “Nidayi-Gilan”ın gözü qabağındadırlar.

Bu ustalar ibarətdirlər Tehran hökumətini İran Azərbaycanında əyləşən varlı və qeyri məmurlarından: bunlar hamısı farslardır və fars dilindən başqa bir özgə dil danışmırlar. İstər Mərənddə olsun, istər Culfada, istər Astara ya Zunuzda, heç bir kəsin hünəri deyil həmin məmurların yanında bir kəlmə türk sözü danışsın və yazsın.

Hələ İran Azərbaycanı səhldir: Naxçıvan, Gəncə, Bakını da tehrançılar fars ölkəsi və burada yaşayan xoşbəxt müsəlmanları elə fars adlandırırlar.

Əgər bolşeviklərin batində fikirləri bizi bir-birimizdən ayırmaqdır, bunu ancaq yeri-göyü yox yerdən yaradan bir Allah bilir, bəs sən Tehran hökumətinin qıpqırmızı politikasına niyə bir söz demirsən ki, hazır qırmızıca bizim Araz otayının Zünuz və mərəndli qardaşlarımızı fars eləmək istəyirlər.

Hə, əgər sən düz adamsan, bəs bu işə niyə dinmirsən?

 

 

Molla Nəsrəddin.

“Kommunist” qəzeti, 30 dekabr, 1923, â„– 296.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info