Qonaq Kitabı
SÖZ PƏHLİVANI

 

(Çəyirtkə qırmaq aləmindən)

 

Atalar sözüdür “davaya gedəndə özünü tərifləmə”. Çox heyif olsun ki, yoldaş Stepanov atalarımızın bu nəsihətinə baxmayıb camaatı nahaq yerə müştəbeh elədi ki, guya “düşmənimizin biri yox oldu, yəni çəyirtkəni qırıb qurtardıq”. Hələ gör yoldaş Stepanovun arxayınçılığı nə dərəcədədir ki, yaz çəyirtkəsi barəsində bu arxayınçılığı verəndən sonra deyir ki, “yay çəyirtkəsi barəsində də böyük müvəffəqiyyət qazanmışıq”.

Əgər yoldaş Stepanovun müvəffəqiyyəti bundan ibarətdir ki, yay çəyirtkəsi Muğanda ancaq hələ altı min desyatin pambıq yeyib, bəs elədə yoldaş Stepanov hələ bu şadlığı çox da tələsik qabağa salmasın, çünki hələ çəyirtkə bu saat havada uçmaqdadır və Muğanın qalan bostan-bağçalarını və üzümlərini neçə dəfə hələ yeyib qurtara bilər.

Doğrudur, çəyirtkə alimi yoldaş Şidlovski iyul ayının 3-də “Bakinski raboçi” qəzetində bizi inandırdı ki, daha yay çəyirtkəsinin qorxusu yoxdur, o səbəbə ki, yay çəyirtkəsi öz əcəli ilə puça çıxacaq, amma bədbəxtliyin böyüyü burdadır ki, İran çəyirtkəsi yoldaş Şidlovskinin “entemolojiyasından” bixəbərdir və indinin bu saatında yoldaş Şidlovskinin əqidəsinin əksinə olaraq, əkinləri şirin-şirin yeməkdədir.

Məqaləsinin axırında bu sözləri yazıb qurtarandan sonra yoldaş Stepanov belə bir məzəli söz də buraxıb: “bu il bizim çəyirtkə qırmaq işlərimiz kənd camaatını ayıldacaqdır”.

Stepanovun həmin sözlərini biz də təsdiq edirik: əlbəttə, üç ay əkinlərə qoyduqları zəhmətdən sonra kəndlilər yeyilmiş əkinlərinə tamaşa edəndən sonra, əlbəttə gərək ayılalar və çox da gərək ayılalar.

İndi ki, söhbət İran çəyirtkəsindən düşüb, qoy barı biz də bunu deyək ki, “yazıq İran çəyirtkəsi! Allah özü hamıdan yaxşı bilir ki, aya Muğanı yeyən tək bircə İran çəyirtkəsi olub, ya bizim öz çəyirtkəmiz də ona qarışıb?”

Sözün düzünü bircə “Zarya Vostoka”deyib: “Lazımdı bu ilki çəyirtkə işlərini təftiş və təhqiq etmək, onda işin əsl həqiqəti əlbəttə üzə çıxar”.

 

 

M. H.

“Yeni yol”, 6 avqust, 1923, â„– 24.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info