Qonaq Kitabı
MƏHƏRRƏMÜL ”“ HƏRAM

 

Məhərrəmül – həram, yəni haman məhərrəm ayı ki, o ayın ərzində və o ayın varlığı ilə bir neçə şey haramdır.

Haram ayın müddətində haram olan şeylərin bir neçəsi qabili-istirahət, ruhani dinclikdir ki, məhərrəmül-həramda hər bir qeyrət və vicdan əhlinə haramdır. Nə üçün haramdır? O səbəbə ki, biçarə xalq dünyada misli olmayan vəhşiliyi heç bir vicdan və namusa sığışdırmır. O səbəbə ki, qonşu millətlərin bizim oyunbazlığımıza şahid olmasına insafım dözmür. O səbəbə ki, məhərrəmül-həram günləri küçələrdə atılıb düşən və yırtıcı heyvan kimi nərə təpən bambılıları özümə millət qərar verməyə həya edirəm.

Həmişə məhərrəmül-hərama bir ay qalmış şaxsey və baş yarmaq söhbəti meydana gəlir. Aya nə tövr bu binamusluğun qabağını almaq? Bu barədə də çox-çox moizələr edilir, çox-çox kağızlar yazılır, çox-çox hərflər düzülür, yığıncaqlar yığılır və nitqlər söylənir.

Bu qədər təlaşdan məqsəd tək bircə budur: nə tövr bu oyunbazlığın qabağını almaq?

Gör qeyrilər nəyə məşğul, gör biz nəyə məşğuluq!

Ar olsun belə millətə!

Ar olsun mənim özümə də ki, belə millətin bir fərdi hesab olunuram!

Bircə təsəlli, bircə ümid yolu budur ki, hər bir cünunluğun[i] qabağını almaq üçün hər məmləkətin hökuməti var.

Və ümidim bunadır ki, məhərrəmlik dəliliklərinin qabağını almaq hamıdan artıq Şura hökumətinə yaraşandır və yəqin ki, belə də olacaq. Ondan ötrü ki, balaca uşaq sözə baxmayıb tərbiyəsizlik edəndə onun qulağından yapışıb, tərbiyə evinə aparırlar və habelə dəlilər də küçələrə düşüb xalqı narahat edəndə onları yığıb dəlixanaya doldururlar.

 

Cəlil Məmmədquluzadə.

“Kommunist” qəzeti, 3 avqust, 1923, â„– 174.



[i] Cünunluq – dəlilik.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info