Qonaq Kitabı
Gəl, a könül, xoş görəlim bu dəmi

Gəl, a könül, xoş görəlim bu dəmi,

Bu da böylə qalmaya bir gün ola.

Kişi çəkmək gərək qüssəyi, qəmi,

Haqdan gəlir, hər nə gəlsə bir qula.

 

Ər odur etiqad edə pirinə,

Nəzər edə əvvəlü axirinə.

Əlbət, yol qədimdir iltər yerinə,

Sana kim neylərsə, sala gör yola.

 

Biz də bilirik ki, dostu, qardaşı,

Bulamadım bir qara gün yoldaşı.

Dost keçinib yüzə gülən qəllaşı,

Bahasıdır, satmaq gərək bir pula.

 

Hər kişi bir xəyal ilə əglənir,

Daim onun könlündə ol əglənir.

Böylə olur sevdigim gah ağlanır,

Kimi gördük qiyamətə dəg gülə.

 

Qarunu gör bunadı, ya bulduqca,

İnandı fələk yüzünə güldükcə.

Sən eylik et, durma əldən gəldikcə,

Dedilər: – Xalq bilməzsə, xaliq bilə.

 

Gerçək olan kişi dostdan ayrılmaz,

Dəgmə kişidə həqiqət bulunmaz,

Sən səni satsan, yedirsən, bilinməz,

Bu zamanda kimsə yaramaz elə.

 

Xətayi, dünyanın ötəsi fani,

Bizdən əvvəl bunda gələnlər qani?

Sanma daim şad yürüyə düşməni.

                                      Bir gün olur növbət ona da gələ.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info