Qonaq Kitabı
ÇAY DƏSTGAHI

S a m a v a r.          

 

P a d n o s.

 

Ç a y n i k.

 

İ s t ə k a n.              

 

N ə l b ə k i.                 

 

Q a ş ı q.

 

M a ş a.

 

T r u b a.               

 

N ö k ə r.

 

 

 

 

 

Əhvalat vaqe olur. Zəngəzur mahalında bərgüşadlı Hacı Rəhimbəyin evində. Məclisin ortalığında qoyulub kreslo, üstə oturub Samavar. Sağ tərəfdə stullar üstə oturub Padnos, İstəkan, Qaşıq və Maşa. Sol tərəfdə yenə stullar üstə oturublar Çaynik, Nəlbəki və Truba. Padnosun qabağında stol üstə var kağız və qələm. Pərdə qalxan kimi Samavar üzünü məclisə tutub başlayır.

 

 

 

S a m a v a r

 

 

Dəvət etdim sizi bura mən özüm.

 

Çünki var sizlərə bir özgə sözüm.

 

Diqqət ilə qulaq verin mənə siz,

 

Ta ki, bu dərdə bir əlac edəsiz.

 

Söz budur ki, dünənki gün bu zaman

 

Çay içib qurtarıb xanımla xan,

 

Görməyiblər o çayda bir ləzzət,

 

Eləyiblər qulamı bihörmət.

 

Söyləyiblər ona ki, ey nadan,

 

Əqldən dur, eşşəgi-Həmədan!

 

Nə çayın rəngi var, nə təmi gəlir

 

Nə xoş ətri, nə ləzzəti bilinir.

 

Ağanın beylə pəs tutub qeyzi-–

 

Ki, buyurdu bu gün qırsınlar bizi.

 

İndi, qardaşlarım, dəxi nə edək?

 

Biz bu işdə gərək fənaya gedək.

 

 

 

Ç a y n i k

 

 

(ağlayır)

 

 

Düşdü daş başıma, yıxıldı evim!

 

Heç rəvadır ki, mən bu yaşda ölüm?

 

Şəkk yoxdur bizi ki, sübh olcaq,

 

Cümləmizi ağa tamam qıracaq.

 

 

 

P a d n o s

 

 

Heç qəm etmə buna, baba Samavar,

 

Bəndə Padnos bu dəm əlac tapar.

 

Əlac odur gərək bu saat biz—-

 

Əldə insafı biz tutaq hamımız.

 

 

İttifaq eyləyək, olaq aqil.

 

Ta görək həq nədir, nədir batil.

 

Səbəbin kəşf edək görək nə üçün,

 

Nə çayın ətri var, nə rəngi bu gün.

 

 

Elə ki, biz bu tövr ilə bilərik,

 

Səbəbin bu işin yəqin edərik.

 

Ol zaman gər olar kömək tari,

 

Verərik ağaya günahkari.

 

 

 

S a m a v a r

 

 

Afərin, afərin, gözüm Padnos,

 

Kömək olsun xuda sənə imruz.

 

Sən dağıtdın mənim qəmimi tamam,

 

Kömək olsun sənə həmişə imam.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info