Qonaq Kitabı
LAL

Teatr üçün bir pərdə

 

 

 

Şəhərin küçəsində, divarın dibində, havanın soyuq vaxtı, günortaya bir az qalmış iki sahibsiz uşaq, biri səkkiz, biri altı yaşında, mündəris [1] və çirkli paltarda. Hərəsinin əlində bir tikə qara çörək, gah "vay dədə!"-- deyib ağlayırlar, gah çörəyi ağızlarına basıb, iştaha ilə yeyirlər. Yavuqdakı evlərin birindən musiqi səsi gəlir və uşaqların halına münasib bayatı havası çalınır.

 

 

 1. Bu heyndə yol ilə intelligent libasında bir müsəlman keçir və uşaqları görüb dayanır və sonra bunlara yavuq gəlib, ağlamaqlarının səbəbini soruşur. Uşaqlar bu şəxsi görcək ağlamaqdan sakit olurlar, amma onun sualına cavab verməyib, yenə başlayırlar ağlamağı və musiqi yenə bayatı havasını çalır. Məzkur şəxs də  baxır və bilmir nə eləsin.

 

 2. Həmin vaxt bir mömün müsəlman taciri, əlində təsbeh, yavuq gəlir və bu da başlayır uşaqlardan ağlamaqlarının səbəbini soruşmağa. Uşaqlar bunu da görəndə ağlamırlar; amma bunun da sözlərinə cavab verməyib, başlayırlar ağlamağı. Musiqi yenə bayatı havasını çalır. Mömün məəttəl qalıb bilmir nə eləsin.

 

 3. İndi də buraya bir müsəlman çinovniki qoltuğunda portfel gəlir və bu da uşaqların ağlamaqlarının səbəbini soruşur. Uşaqlar buna da cavab vermirlər və yenə ağlaşırlar. Musiqi də bayatı havası ilə ağlayır.

 

   4. Axırda buraya bir lal kişi gəlir. Nə millət olduğu məlum deyil və uşaqlara yavuq gəlib əlləri ilə və özünə məxsus səs ilə bir şey soruşur. Uşaqlar, şəkk  yox, dinmirlər və yenə ağlaşırlar. Habelə musiqi də öz bayatısını çalır.

 

   Günorta tamam olur. Şəhər saatı uzaqdan on iki dəfə zəng çalır və intelligent ilə çinovnik ciblərindən saatlarını çıxardıb baxırlar. Çün bunların vacib işləri yada düşür. Hərəsi ciblərindən bir pul çıxardıb, qoyurlar uşaqların böyüyünün ovcuna və gedirlər.

 

   Və həmin vaxt uzaqdan əzan səsi gəlir, musiqi minacat havasını çalır, mömün müsəlman "lailahə-illəllah"--deyib uşaqlara pul verib gedir.

 

   Qalır uşaqların yanında tək bircə lal. Bu nə zəngi eşitdi, nə əzanı; ancaq məşğuldur uşaqlara. Uşaqlar yenə ağlamağa başlayanda lal gedir dizi üstə çökür uşaqların qabağında və iki əlləri ilə qucağını açıb, uşaqları qucağına almaq istəyir. Uşaqlar əvvəl laldan qorxan kimi olub geri çəkilirlər. Külək qalxır və soyuqdanmı, qorxudanmı, uşaqlar başlayırlar titrəməyə. Lal bunu görcək qalxır ayağa və bir qədər geri çəkilir. Uşaqlar sağa-sola baxıb, bir kəsi görmürlər, başlayırlar "dədə vay!"--deyib ağlamağa və yavaş-yavaş yavuqlaşırlar lala tərəf. Bu da dübarə gəlib çökür dizi üstə, əllərinin birinin üstünə uşaqların birini və o birinin üstünə digərini mindirib, durur ayağa və başlayır getməyə.

 

    Musiqi buna münasib hava çalır.

 

 

P ə r d ə

 

 30 avqust, 1921, Bakı.

 

 

[1]  Yırtıq.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info