Qonaq Kitabı
KİŞMİŞ OYUNU

Əhvalat vaqe olur 1891-ci ildə Gəncə qubernyasında, Bərgüşad kəndində. Kəndin ağsaqqalı və mötəbər sakini Vəlisoltanın töylə otağında. Qış günü idi. Bir səmtdən oturub Vəlisoltan papiros çəkir. O biri tərəfdən oturublar altı kəndli: N u r ə l i,  Ş i r ə l i,  C ə f ə r,  H ə s ə n ə l i,  H ü s e y n q u l u     M u s t a f a. Bunlardan sinndə böyuk Nurəlidir ki, otuz yaşı ancaq olar. Otağın bir səmti baxır töyləyə.

 

  

 

Və l i s o l t a n (papiros çəkir). Görəsən indi pambıq neçəyə gedir şəhərdə?

 

N u r ə l i. Dünən kənddə deyirdilər ki, Novruzəli yeddi üç abbasıya satıbdır. Amma Novruzəlinin pambığı qolay pambıq idi.

 

M u s t a f a. Görsənən budur ki, pambıq rəvacdır. Hava bir az yumşansaydı, bir-iki put pambığım var, aparıb satardım.

 

Ş i r ə l i. Bu il pambıq yoxdur ki!...  Evi yıxılmış çor qoydu ki, vilayətdə pambıq tapılsın, tamam puça çıxartdı.

 

V ə l i s o l t a n. Allah kərimdir. Naümid olmayın (əsnəyir). Nurəli, sən allah bir nağıl başla. Gecələr çox uzundur, yatmaqla qurtarmaq olmur.

 

N u r ə l i (əsnəyir). Soltan ağa, hövsələm yoxdur. Bu gün heç bir şey deyə bilmərəm.

 

C ə f ə r (Nurəliyə). Adə, sən niyə özünü naza qoyursan. Sən allah, əzilmə, bir hekayət başla. Soltan ağanın sözünü yerə salma, bizim üçün də bir məşğuliyyət olsun.

 

H ü s e y n q u l u. De, de, Nurəli. Naz eləmə, başla.

 

N u r ə l i (gülür). Vallah, heç könlüm yoxdur. Əgər zornan deyirsiniz, baş üstə (öskürüb başlayır çubuğu doldurmağa və bir az dikəlib deyir):

 

Süxənəst çaşnizən ləbi-xəndan darəm.

Cani-mən guş konəm çünki süxən can darəm.

 

Amma raviyani-əxbar və naqilani-asar belə rəvayət ediblər ki, bir gün İsfahanda Şah Abbas öz barigahında əyləşib vəzirinə dedi: Ey vəzir, mənə bir yaxşı hekayət nağıl elə. Vəzir istəyirdi hekayəti başlasın....

 

 

Töylə qapısı açılır, Vəlisoltanın nökəri K ə r i m daxil olur.

 

  

K ə r i m. Ağa, iki erməni gəlib, cənabınızı soruşullar. Nə cavab verim?

 

V ə l i s o l t a n. Yəqin ki, yenə təzəkəndlidilər; yəqin ki, olardı. Olan [1], belə də yaman ermənilər olar? Xəta elədik, olardan bir öküz gətirib qoşduq cütə. Ayda üç dəfə gəlib, zəli kimi yapışıllar, gərək pulunu verəsən. Heç bilmirəm necə eləyim. Öküzü versəm, yaz ağzıdı, sabah cüt çölə çıxanda məəttəl qalacağam. Pul da hələ əlimdə yoxdur. Allahü əkbər, bu nə iş idi düşdük. Bu ermənilər məni təngə gətirdilər.

 

N u r ə l i. Soltan ağa, bular hamam ermənilərdir ki, keçən həftə də gəlmişdilər?

 

V ə l i s o l t a n. A kişi, necə keçən həftə? Sən deginən həftədə neçə yol gələrlər bir arıq öküzdən ötrü?

 

N u r ə l i. Soltan ağa, vallah, hövsələli adammışsan. Mən olsam, vallah, oların başına bir oyun gətirrəm ki, gəldiyi yolu da itirəllər.

 

V ə l i s o l t a n. Söz yox, elədir. Mən indiyə kimin istəmirdim oları incidim, yoxsa oların mənə zoru yoxdur ki. Nə ilə isbat eləyəcəklər ki, mənim olara borcum var?

 

N u r ə l i. Vallah, Soltan ağa, heç zad vermə, it kimi qov getsinlər!

 

C ə f ə r. Vallah, Soltan ağa, heç zad vermə, qoy cəhənnəm olub getsinlər.

 

V ə l i s o l t a n. Yaxşı, ondan nə çıxacaq ki. Bu gün vermərəm, sabah gələrlər.

 

N u r ə l i.  Pi, sabah da vermə. Oların sənə bir zoru yoxdur ki?

 

V ə l i s o l t a n. Bulardan heç zad çıxmaz. Sabah vermərəm, biri gün gələrlər.

 

N u r ə l i. Soltan ağa, bu sözlər bir pula dəyməz. Bu işə biz bir tədbir tökməsək, ermənilər sənin yaxandan əl çəkməyəcək. Mən oları yaxşı tanıyıram.

 

C ə f ə r. Xeyr, əl çəkməzlər.

 

N u r ə l i. Soltan ağa, əgər mən bu erməniləri sənin başından həmişəlik rədd eləsəm, mənə nə verərsən? Mən oların başına bir toy tutum ki, ta nə qədər sənin canın sağdı, olar Bərgüşad kəndinə ayaq basmasınlar.

 

V ə l i s o l t a n. Hər nə istəyirsən verrəm; amma bu işdən ağlım bir zad kəsmir.

 

N u r ə l i. Nə səbəbə bir zad kəsmir?

 

V ə l i s o l t a n. O erməniləri ki, mən tanıyıram, olar öz başlarından əl çəkərlər ki, bu öküzün pulundan əl çəkməzlər.

 

N u r ə l i. Soltan ağa, and olsun bizi yaradan allaha, mən olara bir elə tövbələtmə görsədim ki, öküz oların bilmərrə yadlarından çıxsın.

 

V ə l i s o l t a n. Yaxşı, Nurəli, sən olara neyləyəcəksən ki?

 

N u r ə l i. Sənin nə işin var; sən tamaşa elə, gör ki, nə eləyəcəyəm.

 

V ə l i s o l t a n. Ədə, Nurəli, birdən eşşəkliyinə salıb bir xata zad törədərsən, axırda peşimançılıq çəkərik.

 

N u r ə l i. Soltan ağanın başına and olsun ki, heç bir xata məndən baş verməz. Arxayın ol.

 

V ə l i s o l t a n. Amma, Nurəli, vallah, bu ermənilər məni o qədər təngə gətiriblər ki, əgər buları mənim başımdan rədd eləsən, pambıq satılanda sənə bir mahud çuxa verrəm.

 

N u r ə l i (sevincək durur ayağa). Baş üstə, Soltan ağa. Amma mənim də siz ilə bir şərtim var. Kərim getsin ermənilərin ikisin də çağırsın, gəlsinlər bura. Amma mən gərək gizlənim ki, olar məni burada görməsin. Ondan sonra mən gələcəyəm bura və hər nə danışsam, hər nə eləsəm, siz gərək zarafat biləsiz və mənim fəndimi başa düşəsiz ki, ermənilər bir zad duymasınlar. Ə gədə, Kərim, get erməniləri çağır gəlsnilər.

 

 

Kərim gedir.

 

 

C ə f ə r. Ədə, Nurəli, genə nə bicliyin var? 

 

N u r ə l n. Mən ölüm dinmə, tamaşa elə; gör nə işlərdən çıxacağam.

 

V ə l i s o l t a n. Dinməyin, ermənilər gəldi.

 

 

Nurəli  qaçır gizlənir, ermənilər daxil olur.

 

 

E r m ə n i l ə r (birdən). Allah saxlasın.

 

V ə l i s o l t a n. Ay allah saxlasın. Xoş gəldiniz, buyurun əyləşin.

 

K a r a p e t. Eh, nə əyləşək, Soltan ağa. Bərgüşada yol döyməkdən çarıqlarımız yırtıldı.

 

S o l t a n a ğ a. Ə kişi, hələ bir əyləşin, dincəlin, sonra gileyinizi başlayın.

 

S ə r k i z. Nə əyləşinbazlıqdı? Quru-quru əyləşməkdən bizə bir qəpik nəf var?

 

V ə l i s o l t a n. Hələ bir oturun, görək nə var, nə yox? Bilirəm, siz öküzün pulundan ötrü gəlmisiniz. O barədə xatircəm olun. Öküzün pulun tamam-kamal verməmiş mən sizi, inşallah, boş yola salmaram.

 

 

Ermənilər oturullar.

 

  

K a r a p e t. Ağa, allah aqibətin xeyir eləsin, elə, vallah, biz də kasıb adamux; əgər lazım olmasa, bu qədər gəlib getmərux.

 

S ə r k i z. Ağa, elə xacalat da çəkiruq; yəqin bil ki, lazım olmasa, buxantara gəlib getməruq. Elə bil, öz cibindən verirsən.

 

V ə l i s o l t a n (nökərə). Ə gədə, Kərim, get çay hazır elə, gətir.

 

 

Kərim gedir. Nurəli daxil olur otağa və fikirli ermənilərin üzünə baxa-baxa gedib qısılır Şirəlinin yanına və başlayır onunla pıçıldaşmğa. Qalan kəndlilər və ermənilər Nurəliyə tərəf baxıllar. Mustafa həmçinin başın uzadıb başlayır Şirəli ilə və Nurəli ilə pıçıldaşmağa.

 

 

V ə l i s o l t a n. Nurəli, nə var, nə pıçıldaşırsız?

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info