Qonaq Kitabı
KAMANÇA

Faciə, bir pərdədə

 

 

 

MƏCLİSDƏ  OLANLAR

 

 

 

Q ə h r ə m a n   y ü z b a ş ı.

 

Q a r a ş.

 

H ə s ə n ə l i.

 

Ə z i z.

 

Q a s ı m ə l i.

 

N o v r u z.

 

Z e y n ə b.

 

İ m r a n.

 

K a m a n ç a ç ı   B a x ş ı  (e r m ə n i).

 

 

 

Qarabağda, dağın ətəyində, kəndin kənarında, ağacların dibində, çəməndə, axşama bir az qalmış, atlı dəstəsi sərkərdəsi Q ə h r ə m a n   y ü z b a ş ı  bir daşa söykənib, qıçlarını uzadıb, fikirli oturubdur. Bir tərəfdə bunun  yasovulu Q a r a ş, qabağında yəhər və əlində iynə-biz yəhər tikir. Bir tərəfdə yoldaşlardan H ə s ə n ə l i  çörək-pendir hazırlayır və düzür Q ə h r ə m a n  yüzbaşının qabağına. Qeyri yoldaşlardan  Ə z i z   və  Q a s ı m ə l i  od yandırırlar. Bir neçəsi kənarda oturub çörək dürməyi yeyir. Yenə bir  neçə nəfər, kimi tüfəngə patron qoyub boşaldır, hamısı qəməli və patrondaşlı; bircə  Q ə h r ə m a n   yüzbaşı patrondaşını çıxardıb qoyub qabağına. Kənarda ağaca bir neçə tüfəng söykənib. Bunlardan savayı yoldaşlarından biri arpa xəlbirləyir, biri tüfəngini gətirib söykəyir ağaca, biri tüfəngi götürüb aparır. Yavuqdan at kişnəməsi də eşidilir. Uzaqdan tək bir güllə səsi gəlir.

 

 

 

Q a r a ş. Həsənəli, tez ol, Qəhrəman yüzbaşı səhərdən acdı.

 

Q ə h r ə m a n   y ü z b a ş ı. Balam, Qaraş, vallah heç iştahım yoxdu.

 

H ə s ə n ə l i. Qəhrəman yüzbaşı. Bir mənə bax gör nə deyirəm: sən ağır-arxayın çörəyini ye, üstündən də çay dəmləyim, kefincə iç, arxayın bu gözəl çəməndə yat; mən də kişi kimi sənə söz verirəm ki, sübh işıqlanan kimi erməniləri Qazançıdan çıxardım.

 

Q a r a ş (Həsənəliyə). Mən ölüm, Həsənəli, yekə-yekə danışma! Həyə sən kişi idin, binəva Suleymanbəyə vaxtında patron yetirə idin, darda qalmayaydı; üç-dörd erməniyə əsir düşməyəydi. Mən, nəyə deyirsən, and içim (bizi və iynəni çırpır yerə) ki, Sülaymanbəyin də, yoldaşlarının da güdaza getməyi sən kimi bişüur yoldaşların bərəkətindəndir....

 

H ə s ə n ə l i (Qaraşa acıqlı). Ədə, Qaraş, vallah sən qudurubsan! Sən heç özün də bilmirsən ki, nə danışırsan! Mən Süleymanbəyə....

 

Q ə h r ə m a n   y ü z b a ş ı (danışığı kəsir və hövsələsiz). Allah xatirinə bu bihudə danışıqları boşlayın. İidi daha iş-işdəi keçib; yəni heç Həsənəlinin də burada günahı yoxdu. Nə qədər başıdaşlı Süleymanbəyə çığırdım ki, dəyirmana girməyin. Mən bilirdim ki, orada erməni var. Yəni olmasaydı da, Süleymanbəygil oradan salamat qurtara bilməyəcəkdilər. Məgər yadınızdan çıxıb ki, haman dəyirmanda bildir ermənilər on iki adamımızı yandırdılar? Mən bilirdim ki, ora xatalı yerdi.

 

Ə z i z (Qaraşa). A balam, Qaraş, doğru deyiblər ki, uzaqdan döyüş hasan gələr. Hələ bir de görüm Həsənəli başına nə daş sala idi? Deyirsən Süleymanbəyə patron yetirə bilmədi; amma sən bilirsənmi Həsənəli özü nə gündə idi? Həsənəli bu gün Xumarıdan Qazançıya kimi ermənilərin iki səngərini alıb, neçə erməni öldürüb, atalarını yandırıb. Niyə, davanın hamısını Həsənəliyə tutdurmuyublar ki?...

 

Q ı s ı m ə l i (Əzizə). Hələ sən onu deyirsən, bu gün mən....

 

Q ə h r ə m a n   y ü z b a ş ı (bir qədər dikəlib hövsələsiz). A kişi siz allah, siz peyğəmbər, bu güftgunu [1] boşlayın. İndi hər nə olub, keçib; qoyun bir saat qulağımız dincəlsin görək.

 

H ə s ə n ə l i (guya öz-özünə yavaşca). Yəni, allaha şükür, bir şey ki, olmuyub. Genə necə olmuş olsa, ermənilərin atalarına od vurmuşuq.

 

Q ə h r ə m a n   y ü z b a ş ı (birdən dikəlib, ucadan hirs ilə Həsənəliyə). Necə od vurmuşuq? Niyə boş-boş danışırsan? Biz onların həyə beş-on dığa-mığasını öldürmüşük, bəs Nəcəfqulu kimi igidi bir də haradan tapacağıq? Şirzadı haradan tapacağıq? Misirxanı neçə erməniyə dəyişmək olar? Bu nə boş-boş təskinlikdi özünüzə verirsiniz?

 

 

Həmin söhbətdə yoldaşlardan   N o v r u z   adlı, əlində xəlbir, arpa xəlbirləməkdə idi; kənarda bir qaraltı görüb, əlini qoyur alnına, diqqətlə uzağa baxır və bir qədər baxandan sonra deyir:

 

N o v r u z. Əziz, Əziz, bir gəl sən də diqqətlə bax gör o qaraltıları seçərsən, ya yox; mən onları adama oxşadıram.

 

Ə z i z (gedib Novruzun yanında durub, diqqətlə haman tərəfə baxır). Bax, birisi özünü verdi qayanın dalına.

 

N o v r u z. Sən öləsən, Əziz, ermənidilər. Onlar yəqin bizi gördülər. Bax, o birisi də keçdi daşın dalına.

 

  

Həsənəli və Qaraş da durub diqqət ilə haman tərəfə baxırlar.

 

 

 

N o v r u z. Sən öləsən, Əziz, bunlar ermənidilər.

 

 

Bu sözləri decək Novruz cəld tüfəngini salır çiyninə cilovu ağacın budağından çəkib, qaçır atlansın. Ə z i z  də buna baxıb haman cür eləyir. Bunlardan savayı yoldaşlardan yenə i k i   n ə f ə r  cilovları götürüb qaçırlar.  Q ə h r ə m a n  y ü z b a ş ı  da və qeyriləri ayağa durub, haman tərəfə diqqət ilə baxırlar.

 

  

Q ə h r ə m a n  y ü z b a ş ı (əlini qoyub alnına). Ədə, cəld tərpəşin! (Çığırır). Əziz! Atı döy, sənin atın qıvraqdı....

 

Q a r a ş (ucadan). Çaparaq, çaparaq! (Alçaqdan). Qorxuram çata bilməyələr. (Bir az sakit olub) Aha, qoçaq Novruz deyəsən tutacaq. Aha, Əziz də haqladı. Zalım oğlunun atının qabağından bir kəs qurtara bilməz....

 

Q ə h r ə m a n   y ü z b a ş ı. Hey, he....  Yox, biri deyəsən qaçıb əldən çıxdı. Amma Qazançıdan bir-iki erməni görsəndi....  Ədə, qorxuram uşaqları vuralar.

 

 

Çox uzaqdan tüfəng atılır.

 

  

Q ə h r ə m a n   y ü z b a ş ı. Yox, biri qaçdı. Odu, özünü soxdu Qazançının bağlarına....

 

Q a r aş. Aha, deyəsən birini tutdular.

 

Q a s ı m ə l i. Tutublar. Yəqin ki, yaralanıbdı; yoxsa bu da qaça bilərdi.

 

Q ə h r ə m a n   y ü z b a ş ı. Amma qorxuram öldürələr. Yaxşı olardı diri gətirəydilər; danışdırandan sonra öldürəydik. Ədə, İmran, tez atıl atın üstə, çaparaqla. Deginən əgər ermənidirsə, diri gətirsinlər.

 

 

İmran tüfəngi götürüb yox olur, bir qədər baxırlar.

 

 

Q a s ı m ə l i. Deyəsən gəlirlər.

 

Q a r a ş. Gəlirlər. Hər kəsdisə, tutub gətirirlər.

 

Q ə h r ə m a n   y ü z b a ş ı. Gəlirlər (gəlib oturur qabaqkı yerində).

 

Q a s ı m ə l i. Gətirsinlər görək kimdi....

 

Q a r a ş. Hamısı piyada gəlir....

 

Q ə h r ə m a n   y ü z b a ş ı. Qaraş, bunlar hər kəsdisə, nabələd adama oxşuyurlar. Bunlar ya gərək Saybalıdan gələlər, ya da Çeşməbasardan. O yerlərə də ki, erməni indi öz ayağı ilə gedib çıxmaz. (Bir qədər sakit baxırlar).

 

Q a r a ş (çölə baxa-baxa). Budu, Əziz çaparaq gəlir; görək nə xəbər gətirir....

 

Ə z i z (sevincək cəld atdan tullanıb, üzünü yüzbaşıya tutur). İkisi də Qazançı erməniləri imiş. Amma birinin əcəli tamam deyilmiş. Zalım oğlu dovşan kimi qaçdı, özünü soxdu Qazançının bağlarına; amma yoldaşını tutduq....  Budu, uşaqlar gətirirlər. Yüzbaşı, vallah, bunu da tuta bilməyəcəkdik, çünki mənzil çox uzaqdı. Bu çünki axsaqdı, qaça bilmədi.

 

Q ə h r ə m a n   y ü z b a ş ı. Biz elə xəyal elədik ki, güllə dəyib.

 

Ə z i z. Yox, güllə dəyməyib, anadan doğma axsaqdı. (Atını çəkib bağlayır budaqların birinə). Budu, gəldilər....

 

 

N o v r u z   və   İ m r a n   bir axsaq ermənini qabaqlarına  salıb, gətirirlər yüzbaşının qabağına. Qalan yoldaşlar atları  yerbəyer eləyirlər. Erməni, yəni  k a m a n ç a ç ı   B a x ş ı,  sağ əlində örtük içində kamança, yüzbaşıya ikiqat baş əyib, qorxa-qorxa sağına-soluna baxır.

 

  

Q ə h r ə m a n   y ü z b a ş ı (yoldaşlara). Amma balam, deyəsən ovunuz bir ov deyilmiş. (Baxşıya) Adə, erməni, sən hansı kətdisən?



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info