Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN MƏKTƏBİ

 

Komediya, 4 məclisdə

 

 

 

Əhvalat vaqe olur İrəvan quberniyası, Danabaş kəndində, miladi tarixinin 1895-ci ilində.

 

 

 

 

 

BİRİNCİ MƏCLİS

 

 

Danabaş kəndinin kənarında xırman. Bir bütün taxıl tayası, bir başı açılmış taya, haman kəndli M ə ş ə d i A ğ a k i ş i on iki yaşlı oğlu Ə s ə d  ilə bahəm xırman döyürlər. Məşədi Ağakişi əlində yaba, küləşi eşələyib qarışdırır. Bir vələ iki öküz qoşulub; Əsəd minib vəlin üstə və öküzləri çubuq ilə sürür. Tayanın kölgəsində bir köpək yatıb, dilini çıxardıb istidən ləhləyir. Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. Məşədi Ağakişi başına dəsmal bağlayıb; ata və oğul, isti olmağa görə, köynəkçəkdirlər. Hər ikisinin ayağında çarıq. Əsəd "he-he" deyə-deyə öküzləri sürməkdə idi ki, qonşuları K ə r b ə l a y ı   M i r z a l ı  tələsik xırmana çatıb, tövşüyə-tövşüyə xəbər verir.

 

 

 

K ə r b ə l a y ı   M i r z a l ı .  Məşədi Ağakişi, bilirsən nə xəbər var? Evin tikilməsin, bu sabah kəndə, mən deyə bilərəm ki, yüz də olmasa, bəlkə əlli atdı gəldi; hamısı da böyük-böyük adamlardı. Qanmıram bu nə sirdi?

 

M ə ş ə d i   A ğ a k i ş i   (təəccüblü). Nə danışırsan?

 

Əsəd vəldən yenib kəndə tərəf baxır.

 

K ə r b ə l a y ı   M i r z a l ı. Sən öləsən, nəçərnik də gəlib, silisçi də gəlib, qazı da gəlib, miravay sud gəlib, uşqol gəlib. Atamın goru haqqı doğru deyirəm. Hələ bunlardan savayı  genə çox adam gəlib.

 

M ə ş ə d i   A ğ a k i ş i   (əlini alnına qoyub kəndə tərəf baxır). A kişi, belə şey olmaz?!

 

N u r u   (tövşüyə-tövşüyə çatır xırmana). Sən öləsən. Məşədi Ağakişi, kənddə qiyamətdi. Mən, doğrusu, dayana bilmədim; gedirəm görüm uşaqlar nə qayırır. Nəçərnik gəlib kəndə. Yenicə də o qədər böyük gəlib ki, lap məhtəl qalmalı işdi. Allah axırını xeyir eləsin. (İstəyir getsin).

 

M ə ş ə d i   A ğ a k i ş i   (Nuruya). Nuru, sən allah, dayan görüm   bu  nə işdi.  Yəni  axı kimdi kəndə gələnlər?

 

N u r u. Sən öləsən, Məşədi Ağakişi, mən deyirəm Rusetdə nə qədər böyük adamlar var, hamısı gəlib kəndə. Bax, nəçərnik də gəlib, pristav da gəlib, silisçi də gəlib, spextor da, qazı da ....  Nə bilim, uçqoldu nədi, o də gəlib. Yəni doğrusunu deyim ki, mən öz gözümnən görmədim ha! Bunları da mənə Məşədi Yarməhəmməd dedi; amma mən ancaq uzaqdan gördüm ki, bir topa atdı çaparaq girdilər kəndə.

 

K ə r b ə l a y ı   M i r z a l ı. A kişi, necə Məşədi Yarməhəmməd dedi? Niyə, mən kor deyiləm ki? Yoxsa nəçərniki tanımıram? Silisçini tanımıram? Mən özüm hamısını gözümnən gördüm.

 

H ü m m ə t ə l i (əlində çubuq tələsik gəlir bu adamların yanına və üzünü tutur Nuruya və Kərbəlayı Mirzalıya). Nə xəbərdi? Deyirlər kəndə ğoburnat gəlib?

 

K ə r b ə l a y ı   M i r z a l ı. Yox, ğoburnat deyil, nəçərniknən çox böyük adamlar gəlib.

 

N u r u   (Kabla Mirzalıya). Kabla Mirzalı, axı mən eşitdim ki, ğoburnat özü də gəlib?

 

K ə r bə l a y ı  M i r z a l ı.   Xeyr, qoburnat yalandı.

 

M ə ş ə d i   A ğ a k i ş i. Allahü-əkbər, çox qəribə işdi! (Əsədə) Ədə, qoyma, qoyma! Kor deyilsən ki! Öküzlər küləşi yedilər. (Əsəd qaçır öküzlərin yanına).

 

K ə r b ə l a y ı   F ə t ə l i (tələsik gəlib soruşur). A kişi, bu nə xəbərdir? Deyirlər kəndə çox böyük gəlib?

 

N u r u   (gedə-gedə). Gəlib, gəlib, Allah axırını xeyir eləsin (çıxıb gedir).

 

K ə r b ə l a y ı   F ə t ə l i. Kabla Mirzalı, deyirlər kəndə saldat qoyacaqlar, ağlın nə kəsir?

 

K ə r b ə l a y ı   M i r z a l ı. Vallah, məəttəl qalmışam. Axı bu qədər adam nə səbəbə birdən tökülə kəndə?

 

            Adamlar hamısı kəndə tərəf baxır.

 

Hələ bir şey görsənmir. Allaha pənah.

 

Bir qədər də baxandan sonra kəndlilər gəlib çömbəlirlər  tayanın  kölgəsində.

 

M ə ş ə d i   A ğ a k i ş i. Kabla Mirzalı, gəlin oturun görək bir; axı sən bu işləri gərək bizdən yaxşı biləsən. Bu böyüklər nədən ötrü kəndə gəlsinlər? Bəlkə saldat tutacaqlar? Axı qabaqlarda bir belə danışıq var idi.

 

H ü m m ə t ə l i.  A kişi, yox, yox; saldat söhbəti yoxdu. Görəsən, niyə gəliblər? Saldat söhbəti yoxdu.

 

M ə ş ə d i   A ğ a k i ş i.  Kabla Mirzalı, sən nə deyirsən? Mən axı qorxuram saldat tutmaq məsələsi ola. Bə niyə ermənilərdən tuturlar?

 

K ə r b ə l a y ı   M i r z a l ı.  A kişi, sən allah boş-boş danışma; bilmədiyin sözü axı nə səbəbə danışırsan? (Üzünü tutur Əsədə.) Ədə Əsəd, gör o bardaqda su var, gətir, bir az içək.  (Kişilərə). Soldat-zad söhbəti yoxdu; indi allah bilir niyə gəliblər? Saldat məsələsi yoxdu və bir də (Əsəddən bardağı alıb çəkir başına), və bir də müsəlmanlardan saldat tuta bilməzlər.

 

M ə ş əd i    A ğ a k i ş i.  Yəni necə tuta bilməzlər?

 

K ə r b ə l a y ı   M i r z a l ı.  Xeyr, tuta bilməzlər; mən sənə deyirəm ki, tuta bilməzlər. Sən ermənilərə baxma ki, ermənidən tuturlar. Erməni qorxaq bir millətdi və bir də padşahı- zadı yoxdu. Amma müsəlmandan tuta bilməzlər. (O tərəfə-bu tərəfə baxır). Xeyr, tuta bilməzlər.

 

H ü m m ə t ə l i.  Kabla Mirzalı, səni quran, səni kitab, bu sözləri buraxın getsin; qoyun oturmuşuq, oturaq.

 

M ə ş ə d i   A ğ a k i ş i.  Doğrusu, lap mat qalmalı işdi. Belə mən oia təəccüb eləmirəm ki, nəçərnik, yainki pristav gəliblər kəndə. Axı biz uşaq deyilik. Biz görmüşük ki, kəndə nəçərnik də gəlib, pristav da gəlib, hətta qoburnat da gəlib, silisçi də gəlib; amma söz burasındadır ki, bu qədər adam niyə elə bir gündə gəliblər? Belə şey, doğrusu, biz görməmişik.

 

K ə r b ə l a y ı   M i r z a l ı.  Mən onu demirəm; o hələ özgə məsələdi. Mən deyirəm ki, burada saldat-zad söhbəti yoxdu; çünki, axı bir dəqiqəliyə belə fərz edək ki, bəli, saldat tutmaqdan ötrü gəliblər; bəs qazı niyə gəlib? (Əlindəki çubuğu bir dəfə vurur yerə). Bəli, nə eybi var, tutaq ki, qazını da gətiriblər ki, camaatı dilə tutsun; öyüd-nəsihət eləsin ki, iş yumşaqlıqnan keçsin. Çox yaxşı, bəs silisçi niyə gəlib? (Ağacı vurur yerə). Bəs spextır niyə gəlib? (Ağacı vurur yerə) Uşqol niyə gəlib? Xeyr, burada özgə bir mətləb var. Hər nə isə, allah axırını xeyir eləsin. (Durur, kəndə tərəf baxır, yenə oturur.)

 

H ü m m ə t ə l i. Xeyr, saldat tutmaqdan ötrü deyil; yəqin ki, özgə işdi.

 

M ə ş ə d i   A ğ a k i ş i   (üzünü tutur Hümmətəliyə). Balam, bu qədər tapmaca deyincə, bir adam qaçsın, kənddən xəbər gətirsin. Vallah nə var ki! Adamı yeməyəcəklər ki! Bir dəqiqəlik işdi.

 

K ə r b ə l a y ı   M i r z a l ı.  Doğrudan, Hümmətəli, sən elə yaxşısan, yüngülayaqsan; gələsən qaçıb bir xəbər gətirəsən.

 

H ü m m ə t ə l i.  Mən, doğrusu, gedərdim; amma xirmənimiz sahibsizdir, qoyub gedə bilmənəm.

 

M ə ş ə d i   A ğ a k i ş i.  A balam, getmirsən, getmə; ta yalan niyə deyirsən? Odu, xirməninizi Həsənəli döyür; ta yalan niyə deyirsən? Bir yolluq de ki, getmirəm, qorxuram.

 

H ü m m ə t ə l i.   (Məşədi Ağakişiyə). Yaxşı, bir saatlığa tutaq ki, mən qorxuram; mən boynuma alıram ki, qorxuram. Bəs sən niyə getmirsən? Sənin qıçların ki çolaq deyil!

 

Məşədi Ağakişi bu sözlərə cavab verməyib, başlayır çubuğu və kisəni cibindən çıxardıb doldurmağa.

 

K ə r b ə l a y ı   M i r z a l ı  (uzaqda bir qaraltı görüb əlini qoyur alnına). Ədə, kənddən bir atdı çıxdı, gör zalım oğlu nə çapır! Görək hara gedir.

 

H ü m m ə t ə l i.  (baxır uzağa). Budu, bir atdı da onun dalıyca getdi, bunlar yəqin adam axtarırlar.

 

M ə ş ə d i   A ğ a k i ş i   (baxır uzağa). Kabla Mirzalı bu nə iş ola?

 

K ə r b ə l a y ı    M i r z a l ı.   Pənah allaha.

 

H ü m m ə t ə l i   (baxır uzağa). Kabla Mirzalı, atlılar sürdülər düz Hacı Namazalının xirməninə.

 

M ə ş ə d i   A ğ a k i ş i   (baxır uzağa). Siz öləsiz, düz Hacı Namazalının xirməninə sürdülər. Kişinin halını qatacaqlar.

 

H ü m ə t ə l i .  (haman tərəfə baxır). Siz öləsiz, elədi. Bax, o da Hacı Namazalı özüdü; papağının ucalığı burdan da görsənir. Ədə, kişini qatıblar atın qabağına, aparırlar. Kişinin evi yıxıldı.

 

M  ə ş ə d i   A ğ a k i ş i. Elədi, elədi.

 

K ə r b ə l a y ı   M i r z a l ı. Balam, kişinin çarxı çönüb. Bir həftə deyil ki, arvadı öldü; hələ yasdan başı ayılmayıb; indi də görəsən başına nə iş gələcək.

 

H ü m m ə t ə l i   (uzada-uzada). Bəli, bu iş ayrı işə oxşayır; burada yəqin ki, bir əngəl var.

 

M ə ş ə d i   A ğ a k i ş i.  Kabla Mirzalı, axı deyəsən, atdıların biri bizə tərəf çöndü?

 

H ü m m ə t ə l i   (xırmandan uzaqlaşır).   Siz öləsiz, bizə tərəf gəlir.

 

            Kərbəlayı Fətəli,   K ə r b ə l a y ı    M i r z a l ı   və   H ü m m ə t ə l i  üçü də atlı gələn səmtə baxa-baxa çıxıb gedirlər. Ə s ə d  qaçır, özünü soxur tayanın dibinə. M ə ş ə d i   A ğ a k i ş i  gedib çıxır vəlin üstə və "ho-ho" deyə-deyə başlayır öküzləri sürməyə.

 

 M ə ş ə d i   A ğ a k i ş i  (Əsədə). Bala, qorxma,  inşallah bir zad olmaz.

 

Ə s ə d   (titrəyir). Dədə, qorxuram məni saldat aparalar!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info